Bu il də Göyçayda məhsul bayramı olan Nar Festivalı keçirilməyəcək.
Bu barədə Bizim.Media-ya açıqlamasında Göyçay rayon icra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ədalət Dövlətov bildirib.
Onun sözlərinə görə Nar Festivalının keçirilməsi üçün müvafiq qurumlara müraciət edilib:
“İcazə versələr, olacaq. Amma çox güman ki, pandemiya il əlaqədar keçirilməyəcək. Ötən il həm Vətən müharibəsi, həm də müvafiq dövrdə yoluxma səviyyəsi yüksək idi. Xəstəliyə görə ola bilsin ki, bu il də planlaşdırılmasın. Hər halda Nazirlər Kabineti yanında Operativ Qərargah, TƏBİB və digər aidiyyəti qurumların məsləhətləşməsi ilə Nar Festivalının keçirilməsi mümkün ola bilər”, - deyə qurum rəsmisi əlavə edib.
Qeyd edək ki, ötən il həm Vətən savaşı, həm də pandemiyaya görə Göyçayda Nar Festivalı keçirilməyib. Sonuncu dəfə XIV festival 2019-cu ilin noyabarın 9-da, Dövlət Bayraq Günündə təşkil olunub.
Məhsul bayramının keçirilməsində məqsəd Göyçayda meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Bu bayram həm də Azərbaycanın dünyada təbliğinə xidmət göstərir. Yerli və xarici medianın işıqlandırdığı nar bayramı vasitəsilə ölkəmiz ildən-ilə daha çox turistin marağını cəlb edir.
Alçina Amilqızı, Bizim.Media