Bu gün polis mayoru Qalib Quliyevin xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğu gündür.
Bizim.Media xatırladır ki, 44 yaşında həyatını itirən polis mayoru Qusar rayon polis şöbəsinin cinayət axtarışı bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.
2013-cü il oktyabrın 16-da əməliyyat qrupunun tərkibində növbəti əməliyyata gedən Qalib Quliyev dini radikal qrup üzvlərini zərərsizləşdirərkən cinayətkarın namərd gülləsinə tuş gəlib. Əməliyyat zamanı digər polis əməkdaşları - Məhəmməd İbrahimov, Cəmil Nəsirov və Mövlud Əliyev isə güllə yarası alıblar.
Polis mayoru Qalib Quliyev bundan əvvəl bir dəfə 2007-ci ildə sentyabr ayının 26-da polisin radikallarla bağlı keçirdiyi əməliyyatda 3 güllə yarası alıb. Cinayətkaın növbəti gülləsi isə onu bu dəfə həyatdan məhrum etdi.
Qalib Quliyevin həlak olmasından 8 il ötür. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilən Qalib Quliyev doğulduğu Qubanın Çiçi kənd qəbristanlığında uyuyur.
Bu gün onun xatirəsini ailə üzvləri, iş yoldaşları hörmətlə anıb.
Aytəkin Alxaslı, Bizim.Media