“Uşaqların peyvəndə cəlb olunması məsələsini düşünmək lazımdır. Həkimlər öz mövqelərini ortaya qoymalıdırlar ki, peyvəndin uşaqlar üçün mənfi və müsbət cəhətləri nədir. Biz bunu bilək”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin Təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı təhsil müəssisələrində yoluxma dinamikasının artması və uşaqların peyvəndə cəlb edilməsi çağırışlarınn artması məsələsinə münasibət bildirərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Yoluxanların sayı yenidən artdı - GÜNLÜK STATİSTİKA
Deputatın sözlərinə görə bununla bağlı ölkədə güclü təbliğat və maarifləndirmə işləri aparılmalıdır:
“Peyvənd məsələsində xüsusilə uşaqlara fərdi yanaşılmalıdır. Özünüz də gördünüz ki, koronavirusdan dünyasını dəyişən 9-cu sinif şagirdinin ölümünə təkan verən başqa səbəblər idi. Bu baxımdan hər bir uşağa fərdi yanaşmaqla xroniki xəstəlikləri araşdırılmalıdır. Kimə peyvənd olar, kimə olmaz? Elə ucdan tutma hamısını vaksinasiya etmək düzgün deyil”, - deyə deputat əlavə edib.
Xatırladaq ki, bu günlərdə Səhiyyə Nazirliyi Azərbaycanda 12 yaşdan etibarən uşaqlara da peyvənd vurulacağını açıqlayıb.
Bildirilib ki, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq qərar qəbul edib.
Qeyd olunub ki, müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən, 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurula bilər.
12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.
Alçina Amilqızı, Bizim.Media