Paytaxtın ən gözəl və müasir məkanlarından biri Bakı Kitab Mərkəzidir. Həm də Azərbaycanın tanıdılması baxımından ən gözəl ünvanlardan biridir.
Bizim.Media-nın növbəti həmsöhbəti Bakı Kitab Mərkəzinin rəhbəri Günel Rzayevadır.
-Günel xanım, mərkəzin açılışından çox vaxt keçməsə də, Bakının ən populyar yerlərindən birinə çevrilib. Ən başda da qapını açıb içəri girəndən burada Azərbaycan aurası, ruhu hiss edirsən. İki illik fəaliyyət və böyük uğurların ilki təbii ki, mərkəzin açılışı ilə başladı. Öncə Bakı Kitab Mərkəzinin belə demək mümkünsə, araya ərsəyə gəlməsindən danışaq.
-Bakı Kitab Mərkəzi 2018-ci il sentyabr ayının 1-də açılıb. Mərkəz Heydər Əliyev Fondunun və şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə yaradılıb. Bura adından da bəlli olduğu kimi ədəbiyyata xidmət edən bir kitab məbədidir. Öncədən də məram və məqsəd ondan ibarət idi ki, bu yer məhz ədəbiyyatın inkişafı, ədəbiyyata olan marağın artırılması, gənc nəsildə mütaliəyə həvəsin gücləndirilməsi üçün yardılır.
Düşünürəm ki, iki ildən çoxdur fəaliyyət göstərən mərkəz bu mərama və məqsədə xidmət edərək xeyirli, faydalı işlər görür. Mərkəz fəaliyyətə başlayandan bir il ərzində biz yüzə qədər müxtəlif səpkili tədbirlər və layihələr həyata keçirmişik. Ədəbiyyat, təhsil, musiqi, uşaq və yeniyetmələrlə bağlı çox sayda tədbirlərimiz olub.
Qısa zaman kəsiyində Bakı Kitab Mərkəzi şəhərimizin ən sevilən və ziyarət edilən məkanına çevrilib. Eyni zamanda bura çoxlu sayda turistlər gəlir və xarici qonaqlar arasında çox populyardır. Mərkəzdə yerləşməsi, quruluşu, içindəki ovqat, atmosfer onlarda xoş təsürat yaradır. Həm də mütaliə üçün imkanlar var, bura təkcə satış mərkəzi deyil, həm də oxu mərkəzi kimi fəaliyyət göstərir. İstənilən kitab götürüb mütaliə etmək, dərs hazırlamaq olar.
Eləcə də, ünsiyyət, uşaqlar, görmə qabiliyyəti zəif olanlar və s. üçün guşələrimiz var. Mərkəzin əsas məqsədi insanlara xidmət etməkdir və düşünürəm buna da riayət edirik. Bütün dünyada olduğu kimi, Azərbaycanda da pandemiya dövründə tədbirlərimiz təxirə salınıb, layihələrimiz müəyyən müddətdə dayandırılıb, ancaq onlayn fəaliyyət göstəririk. Mərkəzimiz isə açıqdır, tədbirlərimiz internet üzərindən həyata keçirilir.
-Kitab satışında fərqli və maraqlı bir konsepsiyanız var. Azərbaycan dili ilə yanaşı, rus, türk, ingilis, fransız, alman, ərəb və digər dillərdə istənilən janrlarda kitablar tapmaq olar. Amma ən maraqlısı Azərbaycana aid, çox böyük seçim imkanı olan suvenirlər və məhsullar var. Qiymətlər də kifayət qədər münasibdir. Bu ideya necə yarandı?
-Bəli, mərkəzimiz də kitablardan başqa, müxtəlif satış guşələri də fəaliyyət göstərir.O cümlədən də, "I love Baku" brendinin çox gözəl, qeyri-adi, təkrarsız, xalqımızın adət-ənənələrini, tarixini, mədəniyyətini özündə ehtiva edən əşya və suvenirlər, yaylıqlar, gödəkcələr, mücrülər və s. var.
Turistlər üçün böyük maraq kəsb edir, eləcə də, Azərbaycandan kənara gedən soydaşlarımız üçün də geniş seçim imkanları var, qiymətlər də özünüz gördüyünüz kimi çox münasibdir. Mən özüm də xarici ölkələrə gedəndə mütləq bu guşələrdən nələrisə alıb hədiyyə edirəm və deyim ki, maraqla, rəğbətlə qarşılanır.
Bundan başqa, mərkəzimizdə "Azərmarka" şirkətinin məhsulları olan markalar, açıqcalar və digərləri təqdim olunur. Çalışırıq ki, insanların zövqünü oxşaya biləcək məhsullar olsun və həm də yerli istehsalçıları dəstəkləyək və onlar üçün şərait yaradaq ki, tanınsınlar.
-Növbəti sualım mərkəzdən kənar olacaq. Günel Rzayeva möhtəşəm bir baba, nənənin, xalqımızın böyük şairləri Rəsul Rza və Nigar Rəfibəylinin nəvəsi, tanınmış yazıçı Anarın qızıdır. Bu böyük insanların arasında Günelin uşaqlığı, gəncliyi necə keçdi? Çünki istəsəniz də, istəməsiniz də, sizin hər addımınızda onların adlarının rolu, məsuliyyəti vardı.
-Bəli o adların həm böyük məsuliyyəti, həm də insana qeyri adi təsiri vardır. Uşaq olanda anlamırsan hansısa yaradıcı, xalq tərəfindən sevilən hörmətli adamların ailəsində və arasında böyüyürsən. Sənin üçün adi baba, nənədir, ata, anadır. Yaşa dolduqca, onların cəmiyyətdəki rolunu anladıqca, insanlar tərəfindən neçə qarşılandığını görüncə, bir fərəh, qürur hissi keçirirsən. Görürsən ki, onlar həm sevilən, həm tanınan, həm də nüfuzludur.
Bu da insanın formalaşmasında əlbəttə ki, rol oynayır. Əvvəl onların ətrafında olan bu abu - havanı hiss edib sıxılırdım, sanki mənə o qədər də xoş təsir bağışlamırdı. Küçədə gəzərkən atamı tanıyanların ona olan diqqətini görüb, utanırdım, sıxılırdım. Amma zaman keçdikcə vərdiş halına gəlir və anlayırsan ki, bu çox qürurvericidir. Çünki yolda gedərkən tanımadığın insanların yaxınlaşıb sevgisini, hörmətini bildirməsindən səmimi heç nə yoxdur.
İllər keçdikcə düşünürdüm ki, əgər mən də yazacağamsa, qələm sahibi olacağamsa, həm bu ailədən olmağımı nəzərə almalıyam, həm də ən azı adıma, soyadıma olan münasibəti doğrultmalıyam.
Ona görə də ilk yazdığım vaxtlar, yazılarım insanlar tərəfindən maraqla qarşılanmağa başlayanda öz adımı qoymurdum.Səbəbi də o idi ki, birdən deyərlər bu da yazmağa başlayıb və yazdıqları o soyada layiq deyil. Bir müddət sonra gördüm ki, internetdə başqa təxəllüslə yazdığım hekayələrə, yazılara maraq artır.
Əgər mənim kim olduğumu bilməyən insanlar növbəti yazılarımı gözləyirlərsə, demək bunun bir mənası var. Yavaş-yavaş əsərlərimi ailə üzvlərimə göstərməyə başladım və onlar tərəfindən müsbət qarşılananda anladım ki, demək yazmağa ixtiyarım var. Amma uzun müddət özümü nə yazıçı, nə publisist adlandırmırdım, bilirdim çox böyük məsuliyyətdir. Atam mənə çox böyük mənəvi dəstək oldu, dedi ki, mütləq çap olunmalısan.
İlk əsərlərimi özü jurnallara təqdim elədi, kitablarım çap olundu, yavaş-yavaş bu camiənin bir üzvünə çevrildim, yazıçı, publisist kimi cəmiyyətdə tanınmağa başladım. Mənim adımda atamın da adı var, bu da bir məsuliyyətdir. Əsərlərim 10-dan artıq dilə tərcümə edilib, müxtəlif ölkələrdə çapdan çıxıb. Həmişə ona diqqət edirəm ki, daha çox Qarabağla bağlı olan əsərlərim olsun.
Möhtəşəm qələbə qazandıq, biz heç bir neçə ay öncə bunu təsəvvür belə edə bilməzdik. 2002-ci ildən bəri “Qarabağ hekayələri” adlı əsərlər yazıram və qeyd etdiyim kimi bunlar 10-dan artıq dilə tərcümə olunub. Həmin ölkələrdə bu kitabların təqdimatı olub və çalışmışam ki, həqiqətləri məhz onların öz dillərində çatdırım.
-Bakı Kitab Mərkəzini gəzərkən, oxu zalında, müxtəlif guşələrdə olarkən fikirləşirdim ki, görəsən mərkəzin bir ofisini, ya filialını deyim, Şuşada açmaq olarmı?
-İnşAllah, mən də o barədə düşünürəm. Ümumiyyətlə, bu kitab mərkəzinin bir neçə şəhərdə filialları olmalıdır, o cümlədən, Gəncədə, Sumqayıtda, Şəkidə və əlbəttə ki, Qarabağımızda, Şuşada. Allah bizə imkan versin, Şuşamızı, Qarabağımızı bərpa edək və heç bir şübhəm yoxdur ki, ölkə rəhbərliyi qısa zamanda bunu da çox böyük uğurla həyata keçirəcək.
Orada artıq böyük və möhtəşəm quruculuq, bərpa işləri başlanıb. İnanıram ki, çox qısa zamanda biz Şuşaya gedə biləcəyik və quruculuğunda iştirak edəcəyik. Təkcə Kitab Mərkəzinin deyil, bir çox mədəniyyət mərkəzlərinin yaradılması həyata keçiriləcək.
-Günel xanım, qızlarınızın yazmağa marağı var?
-Əslində, qızlarımın ikisinin də çox gözəl qələmi var. Bilirsiniz ki, yeni nəsil internetdə yazır və onların özlərinin səhifələri, bloqları var. Hər iki qızım esse formalı yazılar yazırlar. Yəqin ki, bu genetik bir şeydir, öyrətməklə olmaz. Həm də burada mütaliə vacibdir. Gənc nəsilə də tövsiyəm var, nə qədər gec deyil, vaxt, imkan var, mümkün qədər çox oxuyun. Yəqin ki, qızlarımın mütaliə etmələrinin nəticəsidir ki, onlarda da dil qabiliyyəti var və fikirlərini rahat ifadə edirlər.
Ağanisə Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:02 / 03.12.2020
Günel Anarqızı: “Bakı Kitab Mərkəzinin bir neçə filialını açmaq fikrimiz var”
Hazırda oxunan: Günel Anarqızı: “Bakı Kitab Mərkəzinin bir neçə filialını açmaq fikrimiz var”
Hazırda oxunan: Günel Anarqızı: “Bakı Kitab Mərkəzinin bir neçə filialını açmaq fikrimiz var”
4159
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.