Şəhidin son arzusunu reallaşdıran XANIMI – “Yaramı sarıyanda  anamı hiss etdim” - FOTO

Şəhidin son arzusunu reallaşdıran XANIMI – “Yaramı sarıyanda  anamı hiss etdim” - FOTO

Hazırda oxunan: Şəhidin son arzusunu reallaşdıran XANIMI – “Yaramı sarıyanda  anamı hiss etdim” - FOTO

41390

“Onsuz həyat sanki işgəncədir. Bu bir ildə Tərlansız necə əzab çəkdiyimi izah edə bilmərəm. Amma qarşıma məqsəd qoydum. Artıq məni həyata bağlayan tək səbəb Tərlanımın arzularını gerçəkləşdirməkdir”.

Şəhidin son arzusu...

Bu sözləri Bizim.Media-ya açıqlamasında 44 günlük Vətən Müharibəsinin şəhidi Tərlan Amanəliyevin həyat yoldaşı Ülviyyə Amanəliyeva qəhrəmanımızla bağlı xatirələrini bölüşərkən deyib. Onun sözlərinə görə hazırda şəhid həyat yoldaşının son arzusunu reallaşdırmağa çalışır:

“Onunla 2 il evlilik həyatı yaşadıq. Təssüf ki, övladımız olmadı. Tərlanın isə ürəyində bir arzusu qaldı. Hər dəfə deyirdi ki, hansısa kimsəsiz oğlana toy edərik, qız olsa cehizini alarıq. “Mən də sənə qoşularam” deyə ona söz vermişdim. Tərlan çox yardımsevər biri idi. Ruhu qarşısında ona söz vermişəm ki, onun arzuladığı xeyriyyəçi və yardımsevər olacağam.
 

O, cənnətindən məni görmək istədiyi yerlərdə izləyəcək. Bunun üçün ikinci təhsilə baş vurmuşam. 2015- ci ildə Şamaxı Dövlət Regional Kollecin Aqrar Fermer Fakültəsini bitirmişəm. Bu il isə Bakı Biznes Universitetinin Mühasibat Uçotu fakültəsinə daxil oldum.  Tərlanın arzuladığı qadın və xeyriyyəçi olmaq üçün əlimdən gələni edəcəyəm”.


“Yaramı sarımağa gələndə anamı hiss etdim”

Tərlanın ona hələ 4-cü sinifdən bağlandığını deyən Ülviyyə Amanəliyeva maraqlı sevgi rəvayətindən də ağız dolusu danışıb:   

“Tərlan anasını 6 yaşında olanda itirib. Ona çox bağlı olub və ölümü ilə uzun müddət barışmayıb. Mənə bağlılıği da uşaqlıq illərinə dayanır. Dördüncü sinifdə oxuyarkən tibb bacısı seçilmişdim və kiçik tibbi çantam vardı. Bir gün çağırdılar ki, həyətdə bir uşaq yıxılıb, spirt, yod lazımdı. Tez həyətə qaçdım, yerdə oturan bir oğlanın başına xeylu uşaq toplaşmışdı. Birdən “çəkilin Tərlana yardıma gəliblər” deyə qışqırıq səsi gəldi. Çoxluq aralandı  və mən Tərlanın yarasına ilk tibbi yardım göstərmək üçün ona yaxınlaşdım. Bərabər olduğumuz vaxtlarda həmişə deyirdi ki, “sən yaramı sarımağa gələndə anamı hiss etdim”. O gündən dostluğumuz başladı”. 
 

Tərlanla bir küçədə böyüdüklərini deyən Ülviyyə Amanəliyeva illər keçəndən sonra bir-birlərinə bağlılıqlarının daha da möhkəmləndiyini, nikah yaşına çatandan sonra isə evləndiklərini bildirib: 


“Münasibətimiz rəsmiləşəndə 2015-ci ildə Tərlan hərbi xidmətə yollandı. Qayıdandan sonra nişanlandıq və iki il sonra ailə həyatımız başladı. Tərlanın sevgisinin mükəmməlliyini heç bir sözlə ifadə edə bilmərəm. O qədər mehriban, qayğıkeş, dünyada tayı bənzəri olmayan gözəl ürəyə sahib insan idi ki... Tərlan anasız böyüdüyü üçün həyatda çox əzab çəkib.
 

Ən böyük arzusu xeyriyyəçi olmaq, Qocalar  və uşaq evlərini ziyarət etmək, onlara hədiyyələr alıb sevindirmək idi. Bir il əvvəl həyat onu əbədi olaraq məndən aldı və Allah öz dərgahına apardı”. 


“Dünyaya yüz dəfə gəlsəm, Tərlanın halalı olaram”

Ülviyyə Amanəliyevanın sözlərinə görə Tərlanın yoxluğu ilə indi də barışa bilmir:

“Tərlansız 1 il cəhənnəm oldu. Həyatdan çox küskün halda yaşadım. Sadəcə nəfəs alıram. Sanki bu da mənə haramdır. Ruhən onunlayam. Onsuz keçirdiyim günlərim, aylarım ölümə bərabərdir. Acısı dözümsüz olsa da, Tərlanın məqamı ucadır. Onunla fəxr edirəm. Sağlığında da qürur duymuşam. Dünyaya bir yox, yüz dəfə gəlsəm, Tərlan kimi igidin halalı və xanımı olaram. Tərlan məni dünyanın ən xoşbəxt qadını  edib. İndi evin baş tacına qoyduğum divar boyda şəkilləri ilə danışıram”.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Amanəliyev Tərlan 1995-ci il iyulun 15-də Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. Tərlan Amanaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə  iştirak edib. O, oktyabrın 9-da Ağdərə döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qəhrəmanımız Azərbaycan prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Alçina Amilqızı, Bizim.Media 








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO