Bu neqativə artıq bir alışqanlıq yaranıb.
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova “İrəli” İctimai Birliyinin təşkil etdiyi “Gənc Liderlər üçün Qış Universiteti”ndə gənclərlə görüşü zamanı bildirib.
Komitə sədrinin sözlərinə görə, intihar hadisələrinin internet saytlarda və televiziyalarda təqdim edilən formada verilməsi tamamilə doğru deyil.
R.Aslanova qeyd edib ki, bir intihar hadisəsindən yazanda ya bıçaq, ya həmin adamın asılmasını göstərirlər, ya qan göstərirlər. Bu insan şüuruna mənfi təsir edilməsidir:
“Televiziyanı açırsız, səhərdən axşama qədər fəlakət, qəzalar, ölüm hadisələri, müharibələr, münaqişələr verilir. İnsan da artıq bunlara elə rahat baxır, elə rahat qəbul edir. İntihar hadisəsinə baxan insan 2 dəqiqədən sonra hansısa şouya rahat baxa bilir. Bu artıq insan duyğularının başqalaşması, vəhşiləşməsi deməkdir.
Bir müddətdən sonra siz hiss edəcəksiniz ki, o neqativ informasiyalar iç dünyanıza nə dərəcədə mənfi təsir edib. Siz nə dərəcədə daşlaşmış biri olmalısınız ki, o informasiayalar sizə təsir etməsin?!
İntihar hadisəsi baş veribsə, onun səbəbləri araşdırılmalı, ətrafdakı ictimaiyyətin buna münasibətinin necəliyi, məktəbdə, ailədə olması çatdırılmalıdır, həmin hadisəni göstərmək yox. Bu gün cəmiyyəti qana, vəhşiliklərə alışdırmaq lazım deyil”.






























































































