Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov Qurani-Kərimin Azərbaycan dilində oxunmasının vacibliyinə diqqət çəkib. O.Əsədovun sözlərinə görə, mərasimlərdə Qurani-Kərim ərəb dilində oxunduğu üçün insanların 80%-i onu başa düşmür. Spikerin qənaətincə, əgər Qurani-Kərim Azərbaycan dilində oxunarsa, o zaman onu hər kəs başa düşüb dərk edə bilər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin müavini Hacı Fuad Nurullah məsələ ilə bağlı Moderator.az-ın sualını cavablandırıb.
H.F.Nurullahın sözlərinə görə, Qurani-Kərimin Azərbaycan dilində oxunmasında fayda var, lakin bununla belə elə ayələr var ki, onlar məhz ərəb dilində, orijinaldan oxunmalıdır:
“Bu gün məraismlərdə, məclislərdə Quran oxunursa, bu surələr insanlara öz ana dilində də başa salınmalıdır. Insanlar oxunan surələrin mənasını anlamalıdırlar. Amma mərasimlərdəki rəsmiyyət hissələrində, hansı ki, müəyyən surələr ki, var onlar Quranın orijinalından oxunmalıdır, buna əməl olunmalıdır. Yəni həmin surələr orijinalından oxunmalıdır. Bu, mütləqdir. Məsələn, insan dəfn olunan zaman onun cənazə namazının orijinaldan deyilməsi ilə bağlı mövcud qayda-qanuna əməl olunmalıdır. Amma sonradan bunlar insanlara başa salınmalıdır. Insanlar namazlarında nələri söylədiklərini bilməlidirlər. Quran dünyanın çox müxtəlif dillərinə tərcümə edilə bilər. Lakin Qurani-Kərimin tam səlis tərcüməsi bu dillərin imkanı xaricindədir. Azərbaycan dilinin bir milyona yaxın lüğət imkan varsa, Quran dilində 12 milyona qədər belə söz var. Bunu tam şəkildə əhatə eləmək mümkün deyil. Quran heç bir dilə tam şəkildə tərcümə edilə bilmir. Peyğəmbərimiz tərəfindən də qoyulan yol bundan ibarətdir ki, hər bir fərd, hər bir millət Quranı orijinalından oxumağı bacarmalıdır. Bu, müstəhəb və sünnətdir. Amma oxunanların insanların ana dilində başa düşülməsi isə vacibdir. Insan istədiyi duanı öz ana dilində oxuya bilər. Amma peyğöəmbərimiz buyurub ki, namaz və bəzi vacib ayinlər Quran dilində, orijinalda oxunmalı və deyilməlidir. Bu, bütün dünya müsəlmanlarının, onların hansı dildə danışmasından asılı olmayaraq, birləşdirici faktor oynayır. Yəni bir şəxs Quran oxuyan zaman başqa millətdən olan müsəlman da Quran oxunduğunu bilsin, müsəlmanlar bir-birlərini tanısın. Azanı, iqaməni, Fatihə surəsini eşidən şəxs dərhal anlayır ki, bunu oxuyan şəxs müsəlmandır. Burada Qiuran ayələri icra olunur. Bu, dünya müsəlmanlarının birliyi üçündür. Bununla yanaşı, oxunan surələrin insanlara ana dilində də başa salınması müsbət və faydalıdır”.
Seymur Əliyev






































































































