Qubanın Zərdabi qəsəbəsində yeni tikilmiş orta məktəb binası ötən gün şagird və müəllimlərin istifadəsinə verilib. 850 yerlik yeni təhsil müəssisəsi Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə inşa edilib.
Fonddan Bizim.Media-ya bildirilib ki, Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta məktəbi 1975-ci ildə inşa olunmuş 32 sinif otağından ibarət binada fəaliyyət göstərib. Ötən müddət ərzində məktəbin binası köhnəlib və istifadəyə yararsız vəziyyətə düşüb.
Heydər Əliyev Fondu tərəfindən yeni məktəbin inşası 2019-cu ilin yanvar ayında başlanılıb, 2021-ci ilin oktyabr ayında isə yekunlaşıb.
Məktəbin ümumi ərazisi 2 ha təşkil edir. Bina sahəsi 8784,58 m2 olan 3 mərtəbəli 3 korpusdan və texniki zirzəmi mərtəbəsindən ibarətdir.
Bina mövcud tikinti norma və qaydalarına uyğun, 9 ballıq zəlzələyə davamlı inşa edilib. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbin ərazisində yeraltı içməli su anbarı, nasosxana və qazanxana inşa edilib, həmçinin daimi isti və soyuq su, elektrik, eləcə də istilik sistemləri ilə təmin edilir.
Binanın daxilində və ərazidə video müşahidə kameraları qurulub. Ərazidə yanğın su anbarı, təhlükəsizlik sistemləri və təxliyə pilləkənləri quraşdırılıb.
Qeyd edək ki, 3 mərtəbəli məktəb binasında 40 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var.
Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, döşəmə daşları düzülüb. Eyni zamanda asfalt və qazon örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.
Bizim.Media