Laçın Qarabağın dəmir qapısı – AÇIL, BİZ GƏLDİK!

Laçın Qarabağın dəmir qapısı – AÇIL, BİZ GƏLDİK!

Hazırda oxunan: Laçın Qarabağın dəmir qapısı – AÇIL, BİZ GƏLDİK!

4022

Hamımız sevinirik, bir-birimizə göz aydınlığı veririk, 28 il sonra Laçına qayıtdıq. Amma Laçında doğulan, böyüyən, uşaqlığı, gəncliyi o torpaqlarda keçən, hər qarışında, hər küçəsində, dağlarında, çəmənlərində xatirələri olan laçınlıların keçirdiyi hisslər, duyğular isə bir başqadır.

Bizim Media iki tanınmış laçınlı jurnalistin 28 illik həsrətdən sonra Laçın boyda sevinclərini bölüşür.

Jurnalist Arzu Zeynallı: “Bu yerlərə bir də gəldim, duman, salam olsun, dağ, salam olsun” deyəcəm”

“Torpaqlar qayıdır, Laçına gedəcəm... Demək olar ki, beynimdə ancaq bu sözlər səslənir. Sevinirəm, amma utanıram bu sevinc üçün, ürəkdolusu sevinə bilmirəm. Şəhidlərimizin ruhu qarşısında utanıram, onların ailələrinin göz yaşları qarşısında utanıram, qazilərimizdən utanıram... Bu sevincə görə bağışlasın bizi şəhid anaları, şəhid ataları, şəhid qardaş-bacıları... Haqqınızı halal edin deyirəm ürəyimdə təkrar-təkrar...

Laçın mənimçün nədir? Azərbaycana məxsus olan torpaqdır Laçın! Düşmənə qalmadığı üçün sevinirəm. Özümüzün olan özümüzə qayıtdığı üçün sevinirəm. Laçınlı ruhlar azad olduğu üçün sevinirəm. Viran qalmış torpaqlarımız gözəlləşəcək, insanları yenidən qürurlanacaq, yerə-göyə sığmayacaq. Hə, qürurumuz yerinə qayıdacaq. Kişilər çiyinlərinə əyilmiş başlarını dikəldə biləcək. Ən çox da şəhid ailələri qürurlanacaq, axı o şəhid bütün Azərbaycanın şəhidi olacaq. Axı o şəhidin qələbəsinin qalibləri olacağıq...

Etiraf edim ki, mənim üçün bütün bu qələbələr möcüzə kimi gəldi. Hər dəfə İrəvanın necə Ermənistan olduğunu düşünəndə ürəyimin dərinliyində “vəssalam, bu torpaqlarımız da getdi, itirdik” təəssüfü keçirdi, dərinliyinə vardıqca ürəyim sıxılırdı. Bu gün isə o düşüncələrimə gülürəm və sevinirəm ki, yaxşı ki, yanıldım...

Yadımdadır ki, Laçından çıxanda gecə qapıda oturub o tay dediyimiz dağlardakı evlərə baxırdım. Qulaqlarımda “bəlkə bu yerlərə bir də gəlmədim, duman salamat qal, dağ salamat qal” səslənirdi. Laçından çıxanadək bu mahnı məni tərk etmədi. Sevinirəm... Sevinirəm ki, Laçına gedəndə yolboyu “bu yerlərə bir də gəldim, duman, salam olsun, dağ, salam olsun” deyəcəm. 



Jurnalist Namiq Mayılov: “Dedim ki, əminəm, bu yol bizi Laçına aparacaq''.

“Bir neçə il bundan əvvəl bir qrup jurnalistlə Cocuq Mərcanlıya gedirdik. Horadiz şəhərini keçəndən sonra məni qəribə hisslər bürüdü. Sanki bu yol yarıda bitməyəcək, düz Laçına kimi uzanacaqdı. Əslində 2016-cı ilin aprel zəfərinin rəmzi əhəmiyyəti də elə bundan ibarət idi. Bu, düşmənə də, dünyaya da bir mesaj idi ki, biz gəlirik.

Əflatun Amaşov, Umud Mirzəyev, Cahangir Məmmədli, Nəsir Əhmədli, Akif Aşırlı, Elçin Mirzəbəyli, Aqil Camal və digər həmkarlar Allah şahididir. Dedim ki, əminəm, bu yol bizi Laçına aparacaq. Jurnalistikamızın ağsaqqalı Cahangir Məmmədli sözlərimdən təsirləndi, professorun gözləri doldu. Səfərdən dönən kimi “Bu yol bizi Laçına aparacaq” sərlövhəli məqalə yazacağını dedi. 



Və budur, artıq biz Laçına qayıdırıq! Yenə qarışıq hisslər keçirirəm. Sevinirəm, kövrəlirəm, beynimdə xatirələr canlanır, qayğısız uşaqlığıma qayıdıram. Biraz da nigaranam. Cavabsız suallar rahatlıq vermir. Görəsən, Hacısamlıdakı ata evimiz yerindədirmi? Qəbir daşlarımızı vandallar dağıtmayıb ki? Seyid Məmməd Ağanın türbəsi yerindədirmi? Paşa bəyin tut bağını doğramayıblar ki?

Bir də özümə təsəlli verirəm. Əşi, bizim kəndlər döyüş gedən yerlərdən uzaqda idi. O qədər erməni nə gəzirdi gedib oralara çıxsın. Sonra yenə yadıma düşür ki, bizim ata evimizi o vaxt öz əsgərlərimiz hospital kimi istifadə edirdi. Deməli, düşmən oralara  kimi gedib çıxmışdı. Niyə getməsin? Axı ermənilər həmişə ölkəmizin ən gözəl, ən səfalı yerlərinə göz dikib.

Doğrusu, heç Laçınla necə görüşəcəyimi, ona nə deyəcəyimi təsəvvür edə bilmirəm. Bilmirəm, “Biz qayıtdıq!” deyə hayqıracam, yoxsa hönkürüb o daşlara, ağaclara sarılacam. Hərdən mənə elə gəlir ki, sevincdən elə yoldaca ürəyim partlayacaq. Amma gedib çıxa bilsəm, yəqin Laçından üzr istəyərəm. 30 ilə yaxın düşmən tapdağı altında qoyub gəldiyimizə görə. Bağışlasa, dinləmək istəsə, bu illər ərzində başımıza gələnləri danışaram ona. 

Laçın Qarabağın dəmir qapısı idi. Lakin sapı özümüzdən olan baltalar o qapını açıb düşməni içəri buraxmışdılar. Çox şükür ki, biz düşməni prezident İlham Əliyevin dediyi kimi, “iti qovan kimi” qovduq. Bu yolda canlarını fəda etmiş şəhidlərimizin ruhu qarşısında baş əyirəm, sağlamlığından keçmiş qazilərimizə sonsuz təşəkkürümü bildirirəm. Biz onlara və bütün əsgərlərimizə ömrümüzün sonuna kimi borcluyuq”.

Ağanisə Sultan, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO