Milli Şura adlanan qeyri-ciddi qurumun dünənki “sessiyası” da bir daha göstərdi ki, onun heç bir perspektivi, nüfuzu, çəkisi yoxdur, bu “qurum” ancaq və ancaq cəmiyyətin gülüş və istehza hədəfinə çevrilib.
Süni nəfəs verməklə, Koordinasiya Şurası yaratmaqla, Yusif Sərrac rolunu oynayan Rüstəm İbrahimbəyovun yenidən fəxri sədrlikdə saxlanılması ilə onun ömrünü nə qədər uzatmağa çalışsalar da, yenə heç nəyə nail ola bilməyəcəklər, əksinə, cəmiyyətin daha sərt təpkisi və etimadsızlığı ilə üzləşəcəklər.
Moderator.az xəbər verir ki, bunu Gün.Az-a açıqlamasında hakim partiyadan olan millət vəkili Azər Badamov dilə gətirib.
Millət vəkili adıçəkilən qurumun sessiyasında çıxış edən AXCP sədri Əli Kərimlinin “tezliklə ölkədə böyük dəyişikliklərə imza atacağıq” bəyanatının da sadəcə, gülüş və istehza doğurduğunu bildirib.
“Biz radikalların, onların başbilənlərinin dilindən dəfələrlə belə gurultulu bəyanatlar eşitmişik, ancaq onlar elə bəyanatlar olaraq da qalıb. Çünki həddindən artıq qeyri-ciddi və cəfəng bəyanatlardır.
Azərbaycan cəmiyyəti də heç zaman belə bəyanatlara və onları səsləndirən başabəla siyasətçilərə fikir verməyib, həqiqətin kimin və nəyin yanında olduğunu özü düzgün ayır edə bilib...”
Millət vəkili eyni zamanda Müsavat Partiyasının Milli Şuradan çıxması ilə radikal müxalifət düşərgəsində, xüsusilə, adıçəkilən partiya ilə AXCP arasında yaşananlara toxunaraq, deyib ki, onlara təbii yanaşmaq lazımdır.
Onun sözlərinə görə, burada qeyri-adi heç yoxdur və qeyri-adi heç nə baş vermir:
“Radikalların, daha çox da siyasi iddiaları, şəxsi ambisiyaları daim imkanlarını üstələyən cəbhəçilərlə müsavatçıların sonadək bir arada ola bilməyəcəkləri ilk gündən hər kəsə, elə onların özlərinə də bəlli idi”.
A.Badamov bildirib ki, istər AXC-Müsavat hakimiyyəti dönəmində, istərsə də, ötən 21 il ərzində özlərini müxalifətin aparıcı, avanqard qüvvəsi adlandıran AXCP-çilərlə müsavatçılar arasında münasibətlər daim gərgin olub, qalmaqallar, çəkişmələr, qarşıdurmalar özünü göstərib:
“Onlar ancaq bunu nə qədər ört-basdır etməyə, gizlətməyə, müəyyən “birlik çətirləri” ilə pərdələməyə çalışsalar da, əsl həqiqət tezliklə ortaya çıxıb, həqiqəti gizlətmək mümkün olmayıb.
AXCP-çilər müsavatçıları, müsavatçılar AXCP-çiləri, Əli Kərimli İsa Qəmbəri, İsa Qəmbər isə Əli Kərimli heç zaman qəbul və həzm edə bilməyiblər... Ona görə bunlar arasında baş verənlərdə yeni heç nə yoxdur və ciddi əhəmiyyət verməyinə də dəyməz”.


























































































