Məktəbdə növbəlilik QALMAQALI – Rəsmi CAVAB

Məktəbdə növbəlilik QALMAQALI – Rəsmi CAVAB

Hazırda oxunan: Məktəbdə növbəlilik QALMAQALI – Rəsmi CAVAB

39265

Nəsimi rayonu Akif Abdullayev adına 211 saylı orta məktəbin ibtidai sinfində təhsil alan şagirdlərin valideynləri növbəlilik məsələsindən şikayətçidirlər. 

Bir qrup valideyn saytımıza müraciətlərində ibtidai sinifdə oxuyan övladlarının ikinci növbəyə keçirilməsinə və yuxarı siniflərlə bir korpusda olmalarına etiraz edirlər.

Rəsmi ərizə ilə məktəbin direktoru Həcər Mahmudovaya, Nəsimi Rayon Təhsil Şöbəsinə, eləcə də Bakı Şəhər Təhsil İdarəsinə müraciətlər ünvanlasalar da, faydası olmur.
 

MÖVZU İLƏ BAĞLI:

V-XI siniflərdə və ali məktəblərdə dərslər başladı


Saytımıza bu barədə danışan 3-cü siniflərin bir neçə valideyni ibtidailərin birinci növbəyə keçirilməsi üçün əlaqədar qurumlara səsləniblər:

“Ayın 22-dən bir gün əvvəl qərar dəyişdi ki, 3-cü siniflər dərsə ikinci növbə gələcəklər. Məktəbdə ibtidailərlə yuxarı siniflərin korpusu ayrıdır. Yəni ibtidailəri günortaya keçirirlər, əvəzində 6-cı sinifləri ibtidai korpusda səhər növbəsində dərsə salırlar.

Bu da biz valideynlərdə narahatlıq yaradır. Ona görə ki, uşaqlarımız kiçikdir və axşama salınır. Digər tərəfdən uşaqlarımız yuxarı siniflərlə eyni korpusda tədris alacaqlar.

Hətta 1-ci sinfin valideynləri qəti etiraz edirdilər ki, 6-cı siniflərin bu korpusa daxil olmasına icazə verilməyəcək. Çünki qaçacaqlar, körpələrimiz də ayaqlarının altına qala, yıxıla bilər. Bunun dəhlizə çıxması, sanitar qovşağından istifadə və digər məslələri də var. Ərizə ilə direktora müraciət etmişik. Amma ərizəmizə baxmadan “gedin hara ”şikayət edirsiz edin” deyə cavabını verdi”. 
 

Qeyd edək ki, etirazçı valideynlər bir neçə gün əvvəl Bakı Şəhər Təhsil İdarəsində də qəbulda olublar. Qurumdan onlara növbə dəyişikliyi ilə bağlı qaydanın məktəbdaxili qərar olduğu bildirilib. Direktor Həcər Mahmudova isə valideynlərin narazılığı ilə bağlı addım atmayıb. 


Onu da əlavə edək ki, narazı valideynlər ötən gün istisna olunmaqla sentyabrın 22-dən etibarən məlum məsələyə görə övladlarını məktəbə buraxmırlar. 

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi Bizim.Media-nın sorğusunu cavablandırıb.

Qurumdan saytımıza bildirilib ki, məktəblərdə siniflərin növbələri müəyyənləşdirilərkən Pedaqoji şura tərəfindən məktəbin iş rejimi, şəraiti və sinif otaqlarının sayı nəzərə alınıraraq qərar verilir:

“Sanitar-epidemioloji vəziyyətlə əlaqədar yoluxma hallarının qarşısının alınması, sıxlığın yaranmaması məqsədilə zəruri ehtiyac olan təhsil müəssisələrində tədrisin ikinövbəli şəkildə həyata keçirilməsi xüsusilə aktualdır.
 

Mövcud sıxlığın qarşısını almaq və tədrisin normal təşkili məqsədilə dərslərin ikinövbəli təşkili zərurətdən irəli gələn seçimdir və ənənəvi olaraq dünya praktikasında da tətbiq edilir”.


Həmçinin qeyd edilib ki, indiki pandemiya şəraitində bu, ilk növbədə şagirdlərin sağlamlığı və pedaqoji kollektivin müvafiq qaydalara daha dolğun əməl etməsinə şərait yaratmaq məqsədlərinə xidmət edir:

“Dövlət tərəfindən təhsilverənlərin və təhsilalanların sağlamlıqlarının qorunmasına yönəlmiş tədbirlərə valideynlər və ictimaiyyət də dəstək verməlidir”, deyə açıqlamada qeyd olunur.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO