II Qarabağ Müharibəsinin ilk gününün 8 ŞƏHİDİ – Onları siz də TANIYIN - ÖZƏL -FOTO

II Qarabağ Müharibəsinin ilk gününün 8 ŞƏHİDİ – Onları siz də TANIYIN - ÖZƏL -FOTO

Hazırda oxunan: II Qarabağ Müharibəsinin ilk gününün 8 ŞƏHİDİ – Onları siz də TANIYIN - ÖZƏL -FOTO

38897

Bu gün Azərbaycanda 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar Anım Günüdür. 

Bizim.Media II Qarabağ savaşının başlandığı ilk gündə şəhid olan hərbçilərimizi xatırladır.

İkinci Qarabağ savaşının ilk şəhidi, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru və hərbi pilotu Abbas Rza oğlu Qasımovdur. O, 1986-cı ildə Ermənistanın Masis rayonunda anadan olub. 


2003-2007-ci illərdə isə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb.

Ailəli idi. 2 övladı yadigar qalıb. Abbas Qasımov Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və sentyabrın 27-də Füzuli döyüşləri zamanı baş leytenant Xalid Gözəlovla birgə şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Vətən müharibəsinin başladığı birinci dəqiqələrdə şəhid olan Abbas Qasımov və baş leytenant Xalid Gözəlov müharibənin birinci şəhidləridir.


Abbas Qasımov vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Həmçinin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib. 

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş leytenantı və hərbi pilotu Xalid Həsən oğlu Gözəlov isə 1996-cı il noyabrın 4-də Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Xalid Gözəlov sentyabrın 27-də Füzuli döyüşləri zamanı mayor Abbas Qasımovla birgə şəhid olub. O da II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Gözəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, eləcə də "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib. 

44 günlük Vətən savaşının digər şəhidi Azərbaycan Silahlı qüvvələrin leytenantı Elcan Zöhrab oğlu Məmmədovdur. O, Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və sentyabrın 27-də Talış döyüşləri zamanı şəhid olub. 


Elcan Məmmədov 1989-cu ildə Tərtər rayonunda anadan olub. 1996-2007-ci illərdə Sabunçu rayonunda N. Rzayev adına 169 nömrəli tam orta məktəbdə təhsil alıb.

2007-2010-cu illərdə isə Azərbaycan Texniki Universitetində "Maşınqayırma" üzrə ali təhsil alıb. Gülnarə Məmmədova ilə ailəli olub. Ayan adında qızı və Ramal adında oğlu yadigar qalıb. Elcan Məmmədov Ramana qəsəbəsində dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Elcan Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medallar ilə təltif edilib. 

Müharibənin ilk gününün növbəti şəhidi Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Arif İsmayıl oğlu Qeybiyevdir. O, 1997-ci il iyunun 6-da Astara rayonunun Səncərədi kəndində anadan olub. 2002-ci ildə E. Ağayev adına Səncəri kənd tam orta məktəbinə daxil olub. 2012-2016-cı illərdə Astara Pedaqoji Kollecinin idman fakültəsində orta ixtisas təhsili alıb. Ailəli idi, Gülnur adında 1 qız övladı yadigar qalıb. 


Tankçı Arif Qeybiyev 2020-ci il sentyabrın 27-də Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. Dostu, Mirrahil Teymurlunun tankı minaya düşür və Arif öz tankından düşüb 100-200 metr aralıda olan dostunun tankına çatıb onu xilas etmək istəyərkən erməni snayperinin gülləsinə tuş gəlib və şəhid olub. O, Astara rayonunun Ərçivan qəsəbəsində dəfn olunub. 

Döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Arif Qeybiyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", medalı, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Digər şəhidimiz Mirrahil Ramiz oğlu Teymurludur. O, 1991-ci il oktyabrın 16-da Füzuli rayonunun Mahmudlu kəndində anadan olub. Müddətdən artıq hərbi xidməət keçən Mirrahil Teymurlu Füzuli uğrunda gedən döyüşlərdə savaşıb və sentyabrın 27-də qəhrəmancasına vuruşaraq şəhid olub.


Füzuli rayonu mahmudlu 1 kənd qəbristanlığında dəfn olunub. Şəhidimiz ölümündən sonra ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Həmin gün şəhid olanlar arasında Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Mehman Mirəziz oğlu Şirvanov da var. O, 1980-ci il fevralın 24-də Lənkəran rayonunun Ürgə kəndində anadan olub. Ailəli idi. Bir qızı yadigar qalıb. Mehman Şirvanov Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə  şəhid olub. 


Göstərdiyi qəhrəmanlıq nümunəsinə görə İlham Əliyevin sərəncamları ilə "Qarabağ" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. 

27 sentyabr günü şəhid olanlardan biri də MAXE və hərbi qulluqçu Kərim Həsrət oğlu Yusifovdur. O, 1995-ci il avqustun 1-də Goranboy rayonunun Fəxralı kəndində anadan olub. Qəhrəmanımız Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb və döyüşlərin ilk günündə şəhid olub. Goranboy rayonunun Fəxralı kəndində dəfn olunub. Yusif Yusifov ölkə başçısının sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. 


Həmin gün üçün sonuncu şəhidimiz Tural Elxan oğlu Məmmədov olub. Tural Məmmədov 1990-cı il sentyabrın 17-də Qazax rayonunun Qızılhacılı kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qalıb. 2016-cı ildən müddətdən artıq həqiqi hərbi xidmətdə olan Tural Məmmədov Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.


Uzun müddət nəşi tapıla bilməyib. 11.12.2020-ci il tarixində Qazax rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Alçina Amilqızı, Bizim.Media 

QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 6 - cı Maliyyə yardımının göstərilməsi müddəasının  - 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO