Acıdərə Türk şəhidliyinə yürüş keçirildi – FOTO

Acıdərə Türk şəhidliyinə yürüş keçirildi – FOTO

Hazırda oxunan: Acıdərə Türk şəhidliyinə yürüş keçirildi – FOTO

37128

XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olan Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Qobustan rayonu ərazisindəki Acıdərə Türk şəhidliyinə vətənpərvərlik yürüşü keçirilib.

Bu barədə Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Müdafiə Nazirliyinin təşkil etdiyi yürüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunan hərbi attaşelik aparatı əməkdaşları, respublikamızda keçirilən beynəlxalq təlimdə iştirak edən türkiyəli əsgər və zabitlər, Vətən müharibəsinin iştirakçıları və qazilər iştirak ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada hərbi yürüş keçirildi - VİDEO 


Acıdərə Türk şəhidliyinə gələn yürüş iştirakçılarını Qobustan və Şamaxı rayonlarının ağsaqqalları, ictimaiyyət nümayəndələri, din xadimləri, Vətən müharibəsi qaziləri və gənclər qarşılayıblar.

Əvvəlcə Osmanlı İmperatorluğunun ən güclü birliklərindən seçilərək qurulan Qafqaz İslam Ordusunun 1130 şəhidinin xatirəsinə ucaldılan abidənin qarşısına Müdafiə Nazirliyinin adından əklil qoyulub.

Ziyarətçilər abidə qarşısına qərənfillər düzüblər. Sonra hərbi orkestrin müşayiəti ilə Türkiyə və Azərbaycan respublikalarının Dövlət himnləri ifa olunub.

Şamaxı rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Ağarza Bayramov və Qobustan rayon Ağsaqqalar Şurasının sədri Şahbala Bayramovun çıxışları, babalarından eşitdikləri xatirələr yürük iştirakçıları tərəfindən maraqla qarşılanıb. 

Sonra Acıdərə Türk şəhidliyindəki Naməlum türk zabitinin məzarı ziyarət olunub, önünə çələng qoyulub, qərənfillər düzülüb, dualar oxunub.
 

Burada Vətən müharibəsi qazısı əsgər Qorxmaz Abdurəşidov məzar qarşısında and içib ki, Vətən uğrunda döyüşlərdə bir gözünü itirsə də, bədənində onlarla qəlpə gəzdirsə də, Vətən uğrunda mübarizəyə, şəhidlərimizin ruhunu şad etməyə yenə də hazırdır.


Qardaş Türkiyədən gələn yürüş iştirakçıları Qafqaz İslam Ordusunun şəhid döyüşçülərinə göstərilən böyük ehtirama görə Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və yürüşün təşkilatçılarına minnətdarlıq ediblər.

Yürüş Türkiyə və Azərbaycanın milli marşlarının səsləndirilməsi ilə başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO