Ateizmi coşduran SƏBƏBLƏR – “Bu hətta bizim təhlükəsizliyimizdir”

Ateizmi coşduran SƏBƏBLƏR – “Bu hətta bizim təhlükəsizliyimizdir”

Hazırda oxunan: Ateizmi coşduran SƏBƏBLƏR – “Bu hətta bizim təhlükəsizliyimizdir”

37090

Azərbaycanın müsəlman ölkəsi olduğuna baxmayaraq, bu gün ölkədə yetəri qədər ateist, inancsız insanlar var. Bu tendensiya  gənclər arasında bir növ trendə çevrilib. Çünki bu gün bir çox gənc ateizmin dərinliyinə varmadan “Mən ateistəm” deməklə başqa gənclərdən seçilmək, əksəriyyətə bənzəməməkləri ilə fərqləndirmək istəyirlər.

Tanınmış jurnalist, “Azvision” saytının baş redaktoru Vüsal Məmmədov da inancsız yaşayanlara aiddir və cəmiyyətdə ateizmi açıq təbliğ edən ən fəal insanlardan biridir.

Məsələ ilə bağlı ilk olaraq, onun fikirlərini öyrənməyə çalışdıq. Bizim.Media-ya açıqlamasında o, bildrib ki, istənilən ideyanın geniş yayılması üçün onun təbliğatına ehtiyac var.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın tanınmış ilahiyyatçısı ateistlərlə iftar açdı - FOTO


Jurnalistin ateizmin təbliğatı haqqında fikirləri tamamilə başqadır. O, düşünür ki, əksinə olaraq, atteizm haqqında Azərbaycanda yetərli maarifləndirmə yoxdur. 

“Biz bunu təbliğ etmək istəyəndə isə dostlar inciyirlər. Adicə, sosial şəbəkədə bununla bağlı bir status yazıram tanıdığım 10-15 adamdan mənə zəng gəlir. Məndən islama hörmətlə yanaşmamı tələb edirlər. Bu insanlar içində məni təhqir edib, hədəyələnlər də olur”.

Jurnalist düşünür ki, hazırda gənclər daha çox din yolu ilə gedirlər, onun təbliğatını aparırlar. 

“Əvvəllər din Türkiyəyə bağlı təriqətlərdə  təbliğ olunurdu, hazırda bütövlüklə İranın təsirinə keçib. Ayrı-ayrı gənclər olur ki, özlərinin işıqlı fikirlərinin arxasınca gedərək, ateizmə meyillənirlər. Ateizm mütləq şəkildə cəmiyyət arasında düzgün təbliğ olunmalıdır. Çünki cəmiyyətdə bir  balansın olması vacibdir. Dinin bu qədər təbliği olduğu halda burada ateizm də olmalıdır. Balansın pozulması çox təhlükəlidir. Əgər Azərbaycanda bu məsələ belə davam edərsə, bu zaman din inanc formasından çıxıb, ideoloji despotizm mahiyyəti almağa başlayacaq. Çünki bu adamlar başqa rəylər eşitmək istəmir. Ona görə mən israrla qeyd edirəm ki, cəmiyyətdə ateizm təbliğ olunmalıdır, çünki din yayıldığı zaman insanlar bunun alternativ variantı olduğunu da görməlidir.

Məsələn 90 nəfər deyirsə, insanı Allah yaradıb, qoy 10 nəfər də desin ki, o təkamülün məhsuludur. Bunun deyilməyi çox vacibdir, hətta bu bizim təhlükəsizliyimizdir”.


Vüsal Məmmədov qeyd edib ki, o, həyatının çox hissəsini qatı dindar olub.

“30 yaşıma qədər qatı dindar olmuşam, namaz qılıb, oruc tutmuşam. Dinin bütün şərtlərinə əməl etmişəm. Mən dini qaydaları dindarlardan yaxşı bilirəm. Əgər insan daim axtarışdadırsa, o ateizmə mütləq gəlib çıxacaq. Ateizmdə qorxu, mənəviyyatsız, əxlaqsız bir şey yoxdur. Bunu insanlara anlatmaq lazımdır”.

Məsələnin dini tərəfini öyrənmək üçün din xadimi Elşad Miriyə müraciət etdik.

O, düşünür ki, ateizmin son zamanlar geniş yayılmasında bir neçə amil var.

“Əsasən yetkinlik dövründə olan gənclər digər yaşıdlarından fərqlənmək istəyir və beləliklə ateizm bir trend kimi ortaya atılır. Digər tərəfdən bəziləri əvvəl dindar olduqları halda axtarışa çıxıb, digər dindarları savadsızlıqda günahlandıraraq bunu ortaya atırlar. Başqa bir qism isə ateizmi özlərinin digərlərindən daha savadlı və elmli olduğunu sayaraq gündəmə gətirirlər. Bir başqaları isə onların bəzi suallarına din adamlarından cavab tapa bilmədikləri üçün özlərini ateist adlandırırlar. Çünki, həqiqətləri görmürlər. Ancaq bu insanlar bir az özlərinə əziyyət verib, araşdırsalar, həqiqətləri tapa bilərlər. Ancaq onlar ən asan yolu seçirlər”.

Digər səbəblər kimi isə o, fərqli arqumentləri sadalayır...
 

“Bəzən isə onlar Qərbdə olan kimisə özlərinə ideal sayaraq, onun ateist olmasını arqument gətirərək bu yolu seçirlər. Belə vəziyyətlər də tendensiya yaradır və gənclər də özlərini bu şəkildə təqdim edə bilirlər”.


Bəzi din adamların fikrincə, ateizmin yayılmasında Qərbin islamı gözdən salmaq cəhdləri də var. Elşad Mirinin isə bu haqda fikirləri tam fərqlidir.

“Burada məsələni Qərbin təbliğatının üzərinə atmaq ən asan yoldur. Çünki Qərb islam kitablarında gördüyünü karikaturaya, şəkillərə çevirir. Deməli burada söhbət islamın doğru təbliğ olunmamağından gedir. Müsəlmanların ən böyük problemi özlərini tənqid etmələrini bacarmamalarıdır”.

Psixoloq Gülər Məmmədova isə düşünür ki, ateizm heç də psixoloji pozğunluq deyil.

“Ateizm heç vaxt psixoloji  və psixi pozğunluq sayıla bilməz. Bu düşüncə tərzidir. Ateist insanlar isə özlərinin araşdırmasına, əlalxüsus da ailə, ətraf və doğmalar tərəfindən mütəmadi edilən tənqidi münasibətləri, məsələn  “Sən bu hərəkəti etsən, Allah sənə qənim olar, sən bu sözü danışsan, günahlandırılacaqsan, dində buna pis baxırlar” tipli sözləri onları bu yolu seçməyə vadar edə bilər.
 

Bir çox valideynlərin dinlə bağlı dezinformasiyaları böyüməkdə olan uşaqlarda dinə qarşı antipatiya yaradır. Bu potoloji nifrət yeniyetmələrdə inamsızlıq formalaşdırır”.


Psixoloq qeyd edir ki, hər bir insan digərinin fikrinə hörmətlə yanaşmalı, onu təhqir etməməlidir.

“Ona görə biz bir mütəxəssis kimi heç vaxt deyə bilmərik ki, ateistlər haqlıdır, yoxsa dindarlar. Sadəcə, insan inamına, inancına hər zaman hörmətlə yanaşmalıyıq. Tarixən ateizm olub, sadəcə indi müasir dövr, texnologiyanın, innovativ elmlərin inkişafı, süni inteklektin yaradılması səbəbilə geniş vüsət alıb. Bu amillər insanları daha çox araşdırmacı, tədqiqatçı edir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO