Azərbaycanda bəzi obyekt sahibləri karantin qaydalarını pozan işçilərinin cəriməsini maaşından tutur. Bir neçə vətəndaş işlədiyi məkanda maskadan düzgün istifadə etməklərinə görə yerində protokollaşdırılaraq cərimələnsələr də, obyekt sahibi 100 manat cərimə məbləğni əməkhaqqıdan tutacağını bəyan edib.
İşçilər isə cərimə ödəmə praktikasını və bu məsələdə olan tələbləri əsas gətirərək bundan şikayətləniblər.
Bizim.Media-ya bu halla üzləşən bir neçə vətəndaş müraciət edib. Dediklərinə görə əsində maskadan istifadə etsələr də, iş rejiminin gərginliyindən qoruyucu vasitə çənəyə düşüb. Dərhal içəri daxil olan polis əməkdaşları tərəfindən isə cərimələniblər.
MÖVZU İLƏ BAĞLI:
Karantini pozan kafe aşkarlandı, 8 müştəri cərimələndi
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev saytımıza məsələ ilə bağlı mövqeyini belə bildirib:
“Sahibkarlıq subyektinin rəhbərləri müvafiq olaraq işçi xidmət personalının xüsusi karantin rejimi dövründə qayda və normalara əməl etməsinə nəzarət etməlidir. Qanunvericilikdə hansısa formada inzibati məsuliyyətinə cəlb edilən şəxsin borc yükünü ödəməsi ilə bağlı onun maaşından tutulması, başqa formada sahibkarlıq subyektinin rəhbəri tərəfindən nəyəsə məcbur edilməsi kimi hal yoxdur.
Barəsində inzibati xəta haqqında protokol tərtib olunan şəxs 30 gün ərzində cərimənin ödənilməsini həyata keçirməlidir.
Ödəmədiyi təqdirdə müvafiq olaraq həmin şəxs barəsində ərazi ədliyyə orqanlarının icra strukturlarına məlumat göndərilir. Hansısa formada cərimənin ödənilməsinin təmin olunması vətəndaşın öz üzərinə düşür”.
Alçina Amilqızı, Bizim.Media