Sabiq rektorun məhkəməsində şahidlər danışdı – Pullar belə mənimsənilirmiş - TƏFƏRRÜAT 

Sabiq rektorun məhkəməsində şahidlər danışdı – Pullar belə mənimsənilirmiş - TƏFƏRRÜAT 

Hazırda oxunan: Sabiq rektorun məhkəməsində şahidlər danışdı – Pullar belə mənimsənilirmiş - TƏFƏRRÜAT 

35807

Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib. 

Şahid Elnarə Hüseynova bildirib ki, Azərbaycan Pedaqoji Universitetini bitirib. BSU-ya ikinci ali təhsil üçün müraciət edib: 

“Universitetə gələndə məni Dürdanə Əliyevanın yanına yönləndirdilər. O, mənə bildirdi ki, “sən birbaşa ikinci kursdan başlayacaqsan. Oxumadığın bir ilə görə əlavə 2 min manat verəcəksən”.
 

MÖVZU İLƏ BAĞLI:

Slavyan Universitetinin sabiq şöbə müdiri 123 tələbədən 226 min manat alıb?


Ona 2 min manat birbaşa kabinetində özünə, əlavə iki dəfəyə isə 4 min manat bank hesabına köçürdüm. Pulu köçürəndə bankda BSU-nun yox, Dürdanə Əliyevanın şəxsi hesabı oluğunu gördük.

Bunu özündən soruşanda bildirdi ki, universitetin bank hesablarında texniki problem olduğu üçün öz hesabını verib. Hazırda universitetə 4 min manat borcum var. Verdiyim puldan cəmi 2 mini universitetə köçürülüb”.

Şahid Afaq Qaybalıyeva isə, D.Əliyeva ilə tanışlıqları övladları eyni liseydə oxuyarkən başladığını bildirib: 

“Dürdanə xanım mənə lazım olan sənədlərin siyahısını verdi. Ona iki dəfəyə 4 min manatı öz kabinetində verdim. Sonra məlum oldu ki, mənim tələbə biletimin hüquqi qüvvəsi yoxdur və rəsmi olaraq adım heç bir sənəddə göstərilməyib.
 

Daha sonra rektor Nurlana Əliyevanın qəbuluna getdim. Dürdanə xanım mənə dedi ki, məsələni Nurlana xanım onsuz da bilir və o, özbaşına möhür vura bilməz. Dedi ki, aldığı pullar Nurlana xanıma çatacaq. Məndən 3 ilin təhsil haqqı adı altında 4000 manat aldılar”. 


Şahid Sevinc İbrahimova, D.Əliyevaya kabinetində təhsil haqqı kimi 4500 manat verib. Lakin bir müddət sonra ona universitetdən zəng edilib ki, 3400 manat borcu var. 2 ilin təhsil haqqı hələ də ödənilməmiş qalır. 

D.Əliyevanın vəkili etiraz edib ki, şahidin ibtidai istintaqa verdiyi ifadələri ilə məhkəmədəki ifadəsində ziddiyyət var. Belə ki, şahid ilkin ifadəsində bildirib ki, D.Əliyevaya verdiyi pulun 3 min manatını “şapka” kimi verib. 

Şahidlərdən Kifayət Mirzəyeva 3000 manat, Ramilə İsmayılova 3200 manat, Şahbanova Minarə 1700 manat, Dilarə Rəsulova 1800 manat, İlahə Həşimova 2000 manat, İlahə Əhmədəliyeva 2000 manat, Arzu Həsənova 1000 manat məbləğdə pulu sabiq şöbə müdirinə şəxsi kabinetində verdiklərini bildiriblər. 

Növbəti proses sentyabrın 6-na təyin olunub. 
 

Qeyd edək ki, Dürdanə Əliyeva Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə ittiham olunur. 


İttihama görə, o, BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olan zaman 2018-2021-ci illərdə ümumilikdə 123 tələbədən təhsil haqqı ödənişləri adı altında 226 min manat pul alıb. 

Xatırladaq ki, Nurlana Əliyeva 2021-ci ilin iyununda Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO