Xəbər verildiyi kimi Şirvan sakininin qarnından 8 ay əvvəl əməliyyat zamanı unudulan tampon götürülüb. Əməliyyatı Şirvan Müalicə Diaqnostika Mərkəzinin cərrahı İlqar Mirzəyev aparıb.
Sonradan vəziyyəti ağırlaşan və tamponun çıxarılması üçün xəstəxanalar gəzən Şirvan sakini, 65 yaşlı Alim Zülfüqarov həkimin səhlənkarlığı barədə Şirvan şəhər prokurorluğuna müraciət edib. 8 ay dəhşətli ağrılarla yaşayan xəstənin bildirdiyinə görə onun həyata qaytarılması ailəyə 10 min manata başa gəlib.
Məsələ ilə bağlı məlum cərahiyyənin aparıldığı Şirvan Müalicə Diaqnostika Mərkəzi ilə əlaqə yaratdıq.
MÖVZU İLƏ BAĞLI:
Şirvan sakininin qarnından tampon çıxarıldı - 8 ay əvvəl unudulub - FOTO - VİDEO
Mərkəzin baş həkimi Nəsib Səhratov Bizim.Media-nın sorğusunu eşidər-eşitməz, kobud şəkildə “Gedin tamponu çıxaran xəstəxanadan soruşun” deyə cavab verib:
“Vətəndaş 8 ay əvvəl bizdə əməliyyat olub çıxıb. Prokurorluqdan soruşun. Tampon çıxan xəstəxanada araşdırın da.. Çıxıb, ya çıxmayıb. Başqa məlumatım yoxdu”, - deyə baş həkim əlavə edib.
Xatırladaq ki, Şirvan sakini Alim Səməd oğlu Zülfüqarov bu ilin yanvarın 21-də Şirvan Müalicə Diaqnostika Mərkəzinin cərrahiyə şöbəsində prostat vəzisindən əməliyyat olunub.
Həyatını itirmə təhlükəsi ilə üzləşən Alim Zülfüqarov həkim-cərrahı İlqar Mirzəyevin səhlənkarlığı barədə Şirvan şəhər prokurorluğuna müraciət edib. Şirvan şəhər prokurorluğunda cinayət işi açılıb, istintaq işləri davam etdirilir. Qeyd edək ki, Alim Zülfüqarov 44 günlük Vətən Müharibəsi şəhidi, XTQ zabiti Zeynal Zülfüqarlının atasıdır.
Alçina Amilqızı, Bizim.Media