Ölkəmizdə orqan alveri qadağan olunsa da, bəzi hallarda vətəndaşlar gizli şəkildə bədən üzvlərini sataraq qanunları pozmuş olurlar.
Bizim.Media APA TV-yə istinadən xəbər verir ki, belə şəxslərdən biri də soyadı şərti olan Elvin İmanovdur.
O, iddia edir ki, bir böyrəyini Hüseyn adlı şəxsə 30 min manata satıb və bu məbləğin 20 min manatını ala bilmir. 35 yaşlı Elvinin sözlərinə görə, böyrəyi oğlu Fazil üçün alan Hüseyn adlı şəxs ona puldan əlavə ev və avtomobil də söz verib.
O deyir ki, İran İslam Respublikasında baş tutan əməliyyatdan sonra pulunun 3/2 hissəsini hələ də ala bilmir:
“30 min manatdan biz razılaşdıq. Mən başa düşdüm ki, bu imkanlı şəxsdir, ona görə razı oldum. Dedi ki, bundan əlavə sənə jurnalistlər binasının yanında ev, avtomobil verəcəyəm və səni özümə sürücü götürəcəyəm. Çünki hər ikimiz bilirdik ki, bir böyrəyimi itirəndən sonra mənim əmək qabiliyyətim itəcək”.
Bir böyrəyini satdıqdan sonra səhhətində kəskin problemlər yarandığını bildirən şəxs deyir ki, hazırda işsizdir və tək ümid yeri böyrəyinə görə alacağı məbləğdir:
“Hazırda məndə qanda kreatin yüksək olduğuna görə qanımda zəhərlənmə gedir və beləcə tək böyrəyim də sıradan çıxır. Mən hazırda bundan, Hüseyndən yerdə qalan məbləği, 20 min manatımı istəyirəm, tələb edirəm. Çünki mən pislik etməmişəm, yaxşılıq etmişəm. Mənim külli miqdarda borclarım var. Müalicə olunmalıyam və bundan əlavə də kirayədə qalıram”.
Araşdırma nəticəsində məlum olub ki, oğluna böyrək almaqda adı keçən Hüseyn adlı şəxs əvvəllər müxtəlif vaxtlarda Səbail Rayon İcra hakimiyyətinin müavini, Binəqədi rayonunun icra başçısı və digər vəzifələrdə çalışmış Hüseyn Hüseynovdur.
Hüseyn Hüseynov mövzu ilə bağlı bildirib ki, oğluna aldığı böyrəyə görə tələb olunan məbləği artıqlaması ilə ödəyib və Elvin adlı şəxsin 20 min manatlıq iddiası onun sürücü işinə düzəlmək sevdasından qaynaqlanır:
“Bulvarda saatın yanında bir çayçı var. Həmişə də söhbətimiz orda olub. Orda görüşdük. Bunun nə kəm-kəsiri var idi verdim. O, orda dedi ki, məni özünə sürücü götür. Dedim ki, qardaş, mən səni özümə sürücü götürə bilmərəm. Amma dostlardan bununla bağlı maraqlanaram. Kimə dedimsə, buna iş barəsində yiyə duran olmadı”.
Sabiq icra başçısı deyir ki, sürücü kimi iş tapa bilməyən Elvin ondan avtomobil almasını istəyib:
“Sonra dedi ki, mənə 8 min manata bir avtomobil al ki, taksi kimi işləyim. Mən bu 8 minin 5 minini notarial qaydada verdim. 3 min manatını da gəldi həmin çayçıda verdim ona. Sonra dedi ki, bəs maşının qiyməti 12 min manatdır. Sonra getdi Binəqədidə tikinti materialları dükanım var. Göndərdim ora. Getdi 3 min manat da oradan götürdü”.
Bizim.Media