Günümüzdə insanlar arasında geniş yayılmış xəstəliklərdən biri də Qazanılmış İmmun Çatışmazlığı Sindromudur (QİÇS) . Belə ki, xəstəlikdən əziyyət çəkən insanların iş həyatında müəyyən çətinlikər və diskriminasiya halları ilə qarşılaşdıqları məlumdur. Belə ki, bir çox müəssisələrdə işə götürülən zaman QİÇS analizi də tələb olunur.
“Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İcimai Birliyinin sədri Zülfiyyə Mustafayeva məsələ ilə bağlı Bizim.Media-ya verdiyi açıqlamasında QİÇS xəstələrinin əmək hüququ məsələsinə toxunub:
“Azərbaycanda QİÇS-lə bağlı normativ hüquqi akt mövcuddur. Həmin qanunun 8-ci maddəsi ilə HİV-lə yaşayan insanların əmək hüquqları tənzimlənir. Ümumiyyətlə, HİV-lə yaşayan insanlar əmək fəaliyyəti zamanı heç bir məhdudiyyətlə üzləşə və diskriminasiyaya məruz qala bilməzlər. Əgər həmin şəxslərin sözügedən xəstəlikdən əziyyət çəkdiyi ortaya çıxarsa, bu halda həmin informasiyanın anonimliyini qorumaq müəssisə rəhbərliyinin üzərinə düşür. Ümumilikdə isə, insanların razılığı olmadan, onların HİV-ə yoluxub-yoluxmadığını yoxlamaq könüllülük prinsipi ilə həyata keçirilir”.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanı silkələyən “Delta” ştammıdır - İnfeksionist AÇIQLADI
Zülfiyyə Mustafayevə müəssisə rəhbərlərinin işçilərini HİV testinə məcbur etməsi kobud qanun və insan hüquqları pozuntusu hesab edir:
“Lakin müəyyən hallarda işçilərdən gizli şəkildə qan analizi ilə birlikdə QİÇS yoxlanışı da həyata keçirilir. Qeyd olunan hal isə kobud qanun pozuntusudur və bu cür hallar aşkar olunduqda müəssisə rəhbərliyinə qarşı cəza tədbirləri görülür”.
Birlik sədri QİÇS virusundan əziyyət çəkən insanların hansı işlərdə çalışa biləcəyi məsələsinə də aydınlıq gətirib:
“HİV-ə yoluxmuş insanlar üçün ayrıca iş yerlərinin yaradılmasına ehtiyac yoxdur. Həmin şəxslər demək olar ki, bütün sahələrdə müqavimətsiz olaraq çalışa bilərlər. Çünki onlar cəmiyyətimizin bir parçasıdır və onlara qarşı hər hansı ayrı-seçkiliyin aparılması düzgün deyil. Yalnız ağır iş şəraiti olan və sağlamlığına xələl gətirəcək sahələrdə QİÇS-ə yoluxmuş şəxslərin çalışması məqsədəuyğun deyil.
Çünki bu cür işlər onların orqanizminə ciddi zərər verə bilər. Bundan əlavə güc strukturları və hüquq-mühafizə orqanları üçün də istisna hal mövcuddur”.
Zülfiyyə Mustafayeva QİÇS xəstələrinə iş yerlərində bəzi güzəştlərin tətbiq olunmasının vacibliyini də qeyd edib:
“Eyni zamanda HİV haqqında qanuna görə, əgər işçinin sözügedən xəstəlikdən əziyyət çəkdiyi müəssisə rəhbərliyinə məlum olarsa, virusdan əziyyət çəkən şəxs öz iş və istirahət saatlarını müdiriyyətlə razılaşdıra bilər. Habelə QİÇS xəstələrinin xüsusi “ARV” terapiyası müayinələri üçün müəssisə rəhbərliyi işçiyə lazımi şəraiti yaratmalıdır.
Bundan əlavə QİÇS-in ağır mərhələlərində xəstələrin əvvəlki iş yükünə tab gətirə bilməyəcəyi təqdirdə, müəssisə rəhbərliyi tərəfindən onların iş yükü azaldılmalı və ya müvafiq qurumlarla aparılan məsləhətləşmələr nəticəsində xəstələr münasib işlə təmin olunmalıdır”.
Qeyd edək ki, Azərbyacna Respublikası qanunvericiliyinə əsasən QİÇS virusuna yoluxmuş şəxslərin hüquqları “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanunla tənzimlənir.
Murad Əhmədov, Bizim.Media