“Qapını açarla bağladım ki, atam çıxıb getməsin” – Şəhid Etibar Əhmədovun evindən REPORTAJ

“Qapını açarla bağladım ki, atam çıxıb getməsin” – Şəhid Etibar Əhmədovun evindən REPORTAJ

Hazırda oxunan: “Qapını açarla bağladım ki, atam çıxıb getməsin” – Şəhid Etibar Əhmədovun evindən REPORTAJ

34579

Onlar 27 ildir ki, ailə başçılarının yolunu gözləyirlər....

Ömür-gün yoldaşı Məleykə xanım, oğlu İlham və qızı Ülviyyə...

I Qarabağ müharibəsi zamanı itkin düşmüş Etibar Əhmədovun evindəyik. Bizi onun xanımı qarşılayır. Məleykə xanım, həyat yoldaşından danışdıqca gözləri elə yol çəkir. Deyir hər qapı döyüləndə bir ümid mənə hər zaman qapı arxasında Etibarın olduğunu deyir, düz 27 ildir belədir...

Söhbətimizə keçirik. Məleykə xanımdan ömür-gün yoldaşı haqqında danışmağını rica edirəm. Söhbətimiz başlayır.

“Əhmədov Etibar Hümmət oğlu 1962-ci ildə Naxçıvanın Şərur rayonunda anadan olub.Təsadüfdənmi bilmirəm amma, elə sizin gəldiyiniz bu gün onun ad günüdür. Biz 1988-ci ildə ailə qurduqdan sonra Bakıya köçdük. Etibar elə müharibə başlayan ilk günlərdən cəbhədə, torpaqlarımızın azad olunması uğrunda döyüşürdü. O zaman iki körpəmiz vardı. Hər dəfə ona getmə deyəndə, mənə deyirdi ki, “Mən vuruşmayım, o, vuruşmasın bəs bu torpaqları kim azad edəcək?”. Bu sözlər qarşısında hər zaman aciz qalırdım. Hər dəfə o döyüşlərə gedəndə, mənim də ürəyimi çıxarıb özü ilə aparırdı. Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə vuruşurdu. Arada 5-6 günlük evə bizə baş çəkməyə gəlirdi, o zaman da hərbi yardım aparmaq üçün gəlirdi. Gedəndə mütləq cəbhə yoldaşlarına sovqatlar aparırdı. 1993-cü ildə döyüşlər zamanı 6 gün erməni əsirliyində qalıb, Allahın bir lütfü idi ki, o zaman o, mənfur düşmənin əlindən azad ola bilmişdi”.

Məleykə xanım deyir ki, qısa müddətlik evə gələndə də burda rahat otura bilmirdi. Fikri elə cəbhədə, döyüş yoldaşlarının yanında qalırdı. Ona görə tez bir zamanda cəbhəyə geri qayıtmağa can atırdı.

“Sonuncu dəfə 1994-cü il aprelin 3-də cəbhəyə yollandıqdan bir müddət sonra ondan xəbər ala bilmədik. Daha sonra “Azərbaycan ordusu” qəzetində 1994-cü il 15 apreldə Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində ağır döyüşlərin getdiyini öyrəndik. Elə o Etibarın son döyüşü oldu. Etibar iki dəfə yaralıları döyüş bölgəsindən çıxarıb, yenidən qızğın nöqtəyə qayıdıb. Ondan sonra isə bir daha geri dönməyib. Sonradan isə Etibarın yaralanaraq, səngərə yıxıldığını öyrəndik. Qeyd edim ki, bu döyüşlərdən sonra Aşağı Əbdürrəhmanlı kəndini ermənilər işğal etdilər, lakin 3 gündən sonra bizim ordumuz oranı yenidən azad etdi”. 

Məleykə xanım bildirir ki, Etibarı çox axtarıblar lakin, hər dəfə ümidləri puç olub. Onun nə dirisindən, nə ölüsündən xəbər ala bilməyiblər. 

“O zamanlar atam və qaynatam sağ idi, dəfələrlə Füzuliyə yollanıb oraları qarış-qarış gəzib Etibarı axtardılar. Hər dəfə də əliboş, ümidsiz geri qayıtdılar. Atam bütün cəmiyyətlərə, aidiyyatı qurumlara müraciət etdi. Qırmızı xaç komitəsinə getdi, lakin heç bir nəticə olmadı. İki il bundan əvvəl Qırmızı Xaç Komitəsi bizdən DNA analizi götürdü. İki il keçməsinə baxmayaraq, o da hələ ki, heç bir nəticə verməyib. Bu yaxınlarda Ombudsman gəlib, yenə bizimlə maraqlandı. Bizə bildirdilər ki, Etibarın axtarışı üçün yenidən sənədlər hazırlanır”.

Etibarın həyat yoldaşı bu gündə onun yolunu ümidlə gözləyir. 

“Bir dəfə gecə yarısı qapı döyüldü. Etibar ermənilərin əsirliyində 6 gün qaldıqdan sonra evə qayıtmışdı. Çox pis vəziyyətdə idi, görünürdü ki, çox əzablı işgəncələrə məruz qalmışdı. İndidə o ümidlə yaşayıram ki, bəlkə bir gecə yenə qapı döyüldü və onun arxasında Etibar oldu... O saatları hələ də gözləyirəm. Kaş ki, ağlamaq üçün bir yerim olardı. Etibarın heç olmasa balaca, qara daşlı məzarı olardı, qucaqlayıb ağlayardım”.

Meləykə xanım rəşadətli ordumuzun Füzulini azad etdiyi gün uşaq kimi ağladığını deyir:

“O gün hönkür-hönkür ağladım. Elə bildim Etibar azad oldu...”

Oğlu İlham atasının sonuncu dəfə evdən getdiyini belə xatırlayır:

“O zaman 5 yaşım vardı, atamın sonuncu dəfə cəbhəyə getməyini anam istəmirdi. Mən onların söhbətindən sonra, tez gedib qapını bağlayıb açarı çıxardım ki, atam getməsin. Atam isə mənim bu hərəkətimə baxıb güldü və qapını açıb, çıxıb getdi. Onunla müəyyən anlar var ki, dumanlı xatırlayıram, ancaq illər keçdikcə, içimdəki ümid tükəndikcə, elə bil üz cizgilərini də unuduram”.

İlhamın canından çox sevdiyi atasının mənfur erməni düşmənlərinin əlində əsir qalmaqdansa...

“Atamın şəhid olmasını üstün sayardım. Çünki biz burada rahat şəkildə yaşayan zaman onun orada dəhşətli işgəncələrə düçar qalması, məni yaşarkən  öldürür. Bu dəhşətli bir hissdir. Buna tab gətirə bilmirəm”.

Qızı Ülviyyə isə atasını xatırlamır, çünki o, o zamanlar çox kiçik olub. Onun ümidləri isə hələ də işildayır.

“Mən hər zaman düşünürəm ki, atam əsir düşüb və yaddaşını itirib. O hələ də sağdır və bir gün çıxıb gələcək”.

Ülviyyə indi atası ilə tez-tez yuxularında görüşüb, söhbət edir. Həyatda itirdiyi atasını yuxularında oxşayır.

Bəlkə o gün gələcək həyat Əhmədovlar ailəsinə etibarlı çıxacaq. Bir gün dan yeri söküləndə qapı döyüləcək, arxasında isə... Etibar olacaq!

Vüsalə Balayeva, Bizim.Media


















QEYD: Material MEDİA Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO