“Bu xəbər mənim üçün çox gözlənilməz oldu. Hətta möhlət istəyib bəzi işləri qaydasına salıb sonra getməyi məsləhət gördüm. Amma əsəbləşib “Olmaz, Vətən çağırırsa, getmək lazımdır” deyib yola düşdü”.
Bu sözləri Bizim Media-nın “Jurnalist cəbhəsi” rubrikasının həmsöhbəti, tanınmış jurnalist Fərəh Sabirqızı hazırda cəbhədə olan həyat yoldaşı, həmkarımız Məğrur Əli Polad barədə danışarkən dedi.
Məğrur Əli Polad 20 ildən artıqdır media sahəsindədir. İndiyədək ölkənin aparıcı qəzetləri və xəbər saytlarında rəhbər vəzifələrdə çalışıb. 10 ilə yaxındır “Kaspi” qəzetində baş redaktor müavinidir.
Məğrur əslən Füzlidəndir, ehtiyatda olan zabit qismində sentyabrın 21-də təlim toplanışına çağırılıb.
Fərəhin sözlərinə görə, sonrakı bir həftə ərzində bir neçə hərbi hissələrdə toplanışlarda oldu:
“Həmin günlər rahat əlaqə saxlaya bilirdik. Artilleriya bölməsində kiçik qrup komandiri qismində qulluq edirdi. Hər şey sentyabrın 27-dən sonra dəyişdi”.
Deyir ki, doğma Füzulisinin işğaldan azad olunmasında iştirakına görə, Məğrur özünü çox xoşbəxt hiss edir, qürurlanırdı.
Daha sonra fərqli mövqelərdə, müxtəlif rayonlarda aparılan döyüşlərdə iştirak edib:
“Şuşanın azad olunmasından bir neçə gün öncə həmin istiqamətdə hərəkət etdiklərini təxmin edirdim, ona görə çox narahat idim. Şükür, nəhayət, salamat olması haqqında xəbər ala bildik”.
Fərəh bu müddət ərzində uşaqlara və həyat toldaşının valideynlərinə də bacardığı qədər mənəvi dəstək olmağa çalışıb. Qızları artıq universitet tələbəsidir, özü də vəziyyəti yaxşı analiz edir. Bəzən anasının onu dəstəkləməyi əvəzinə, özü anasına ürək-dirək verir.
Balaca oğlu müharibə olduğunu dərk etsə də, atasının bu qədər uzun müddət evə qayıtmamasını anlamır.
Fərəh deyir ki, oğlumuz Məğrurun evə qalib ordunun zabiti kimi dönəcəyi günü səbirsizliklə gözləyir:
“Bu müddət ərzində ətrafdakı insanlardan, yaxınlarımdan, özümün və Məğrurun iş yoldaşlarından, ümumi həmkarlarımızdan güclü dəstək almışam. Hər kəs köməyini təklif edib. Mətbuat Şurası, Jurnalistləri Həmkarlar İttifaqının rəhbərləri, dostlarımız bizi ziyarət ediblər”.
Məğrur hələ də Azərbaycan ordusunda xidmətini davam edir. Yaxın vaxtlarda artıq məcburi köçkün statusu olmadan, qalib ordunun əsgəri kimi evinə, işinə geri dönəcək.
Ağanisə Sultan, Bizim Media
- A-
- A
- A+
Cəmiyyət
18:50 / 24.11.2020
Jurnalist cəbhəsi - “Oğlumuz Məğrurun yolunu həsrətlə gözləyir”
Hazırda oxunan: Jurnalist cəbhəsi - “Oğlumuz Məğrurun yolunu həsrətlə gözləyir”
Hazırda oxunan: Jurnalist cəbhəsi - “Oğlumuz Məğrurun yolunu həsrətlə gözləyir”
3421
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.