Bakıda iki övlad anası, 31 yaşlı qadın intihar edib. Söhbət Dövlət Əmək Müfəttişliyinin sabiq rəisi Rauf Tağıyevin 31 yaşlı gəlini Turan Məmmədəli qızı Nəbizadədən gedir.
Bizim.Media-ya danışan Turan Nəbizadənin anası Yeganə Aslanova qızının intihar etdiyini deyil, öldürüldüyünü iddia edir.
Eşitdiyinə görə qızı 3 gün əvvəl Xətai rayonu ərazisində yaşadığı binanın 6-cı mərtəbəsindən özünü atıb.
“Məni eşitmədi, ayrısına versən yaşamayacam...”
“Biz Rusiyada yaşayırıq. Qızım 2011-ci ildə Bakıya gəlin köçüb. Uzun müddət ər evində psixi zorakılığa məruz qalırdı, amma bu barədə şikayətlənmirdi. Daha doğrusu həyat yoldaşından qorxurdu. Mart ayında Bakıya gəlmişdim və iyula qədər qaldım. Onu bilirəm ki, qızımın qayınana və qayınatası ona gün vermirdi. Hətta bir dəfə gözümün qabağında balamın üstünə elə gəldilər ki, bir döymədikləri qalmışdı. Özüm şok oldum ki, bu nə deməkdi. Qızımdan səbəbini soruşdum, o isə “ana sən dillənmə, ailəmə qarışma” dedi. Çünki həyat yoldaşını çox sevirdi”.
“Əri vahabidir. Qızımı hicaba, hətta niqaba bürümüşdü, evdə televizorun işləməsinə qadağa qoymuşdu, küçədən, qohum-əqrəbadan, hər bir şeydən balamı məhrum etmişdi. Turan həyat yoldaşını özü seçmişdi, ailəni tam tanımırdıq. Sadəcə dindar olduqlarını bilirdik. Həmin vaxt da mane oldum, qızıma “ailəni tanımırıq, getmə” dedim. Məni eşitmədi, “ayrısına versən, yaşamayacam” deyə ana fəryad edir....
Qızı şizofren etdilər...
Yeganə Aslanova ər evinə köçürdüyü qızının tam sağlam və ali təhsilli olduğunu deyir:
“Evliliklərindən 3 il ərzində qızımın psixoloji durumu pozulmuşdu. Qayınana və qayınatanın təzyiqindən o vəziyyətə düşmüşdü. Onu yaşadığım Saratov şəhərinə gətirdim, müalicə edib geri göndərdim. Kaş ki, yollamasaydım... (ana için-için ağlayır) Ər evinə yollayandan sonra Turanın qara günləri başladı.
Qayınata gəlinin üstünə hücum edər?
Yeganə Aslanova iddia edir ki, qızının ölümündə ərinin ailəsi günahkardır:
“Hadisə avqustun 21-dən 22-nə keçən gecə baş verib. Qızımı yuyanda bədənindəki xəsarətlərə diqqət etdim. Dizlərindən aşağıda yanıq formasında sıyrılma var idi. Sanki bu ayaqları sürüyüblər. Sağ ayaqda topuqdan yuxarı lülə sümüyü qırılıb və ətdən çıxmışdı. Qollarının altı isə qançır-qançır idi. Başında və üzündə heç bir xəsarət yox idi. Elə bil yatmışdı. Ekspert deyiləm, amma beynimdən hər cür versiyaları keçirirəm, hadisəyə heç bir anlam verə bilmirəm. Çox güman ki, bu qətldir”.
“Ata, məni bunların əlindən qurtar!”
Turanın atası Məmmədəli Nəbizadə isə qızı ilə son yazışmalarından danışıb. O, deyib ki, son vaxtlar qızı ondan kömək istəyirmiş:
“7-8 gün əvvəl qızım mənə zəng edib “ata məni bunların əlindən qurtar” dedi. Sənədlərini əlindən alıb gizlətmişdilər. Qızıma təskinlik verib, Bakıdakı qohumumu və yaxın dostumu evinə göndərdim. O, da gördüyü mənzərədən şoka düşmüşdü. Heç bir gün keçməmiş qızım mənə zəng etdi ki, “ata hər şey yaxşıdır, uşaq məktəbə gedəcək, çıxa bilmərəm”. Çox dirəndim ki, qızım və nəvələrimi ayırıb himayəmə götürüm. Amma qızım razlaşmadı. Qəti ağlıma gəlməzdi ki, balam bunların əlindən ölsün. Qızım namaz qılırdı və hər zaman deyirdi ki, intihar edənə cənnətin qapıları bağlıdır. Onun özünə qəsd etməsinə inanmıram. Qayınana, qayınata və kürəkən birləşib qızımı öldürüblər. Balamı dəfələrlə Maştağadakı ruhi əsəb dispanserinə yerləşdirməyə cəhd ediblər. 1993-cü ilin Qarabağ qazisiyəm. 5 qardaş I Qarabağ savaşında vuruşmuşuq. Kürəkənim deyirmiş ki, ermənilərə qarşı müharibə aparmalı deyilmişik. Suriyada can qoymalıyıq. Yüz faiz onların qanı ermənidəndir. Normal ağlı başında olan adam belə deməz”.
Müstəntiq “rus dilini bilmirəm” deyir
Ata qızının ölümü ilə bağlı aparılan istintaq işindən də narahatdır. Deyir ki, Xətai rayon prokurorluğunun Aqil adlı əməkdaşının işə biganə yanaşması ölüm faktının gizlədilməsinə xidmət edir:
“Müstəntiq deyir ki, olayın təfərrüatlarını öyrənmək üçün qonşulardan izahat alacaq. Halbuki qızımın yaşadığı binada onların bütün nəsli yaşayır. Təbii ki, qohumları onların tərəfindən çıxış edəcək. Müstəntiqə qızımla olan yazışmaları təqdim etmişəm. Deyir rus dilini bilmirəm. Belə istintaq aparılar? Qızımın qanı yerdə qalmayacaq. Lazım olarsa həbsxanaya düşərəm, amma balamın qatili tapılmayınca sakit qalmaram”, deyə ata əlavə edib.
Taleyi belə imiş...
İntihar edən Turanın qayınatası Rauf Tağıyev də baş verənlərlə bağlı mövqe bildirib. O, Turan Nəbizadənin qız vaxtından ruhi xəstə olduğunu iddia edib:
“Oğlum və iki nəvəm koronavirusdan əziyyət çəkirlər. Ana da dünyasını dəyişdi. Bu vəziyyətdə isə Turanın valideynləri əsassız informasiyalar yayırlar. Gəlinim evimizə gələndən ruhi xəstə idi, gətirəndə xəstəliyini bilmirdik. Çünki Saratovda yaşayırdı. Gələndən sonra bəlli oldu. Valideynlərinə dedik ki, gəlin əl-ələ verək qızı müalicə edək. Qız həkimdən qaçırdı. Eşidəndə ki, qızı psixi xəstəxanaya aparmışıq, qudamgil oğluma zəng edib söyürdülər. Gəlinim iki dəfə 3 saylı şəhər klinikasında şizofreniya diaqnozundan müalicə alıb. Neçə dəfə dərman almışam, içməyib. Keçib mətbəxə ağzından çıxarıb. Zorla iynə vurdurmuşuq. Gücümüz çatan qədər çalışdıq, taleyi belə imiş”.
Ondan gəlinlik və analıq görmədik...
Rauf Tağıyev qeyd edib ki, gəlini də övladları və həyat yoldaşı ilə birgə koronavirusa yoluxmuşdu:
“Onları ayrı evdə saxlayırdıq ki, bir-birlərinə yoluxdurmasınlar. Biləndə ki, oğlum da COVID-dir, artıq iş-işdən keçmişdi. Bədbəxt dünyasını dəyişmişdi. Gecə saat 2-də özünü 6-cı mərtəbədən atıb. Deyim ki, son dövrlər intihar edənlər sırasında COVID-lərin xüsusi çəkisi çoxdur. Bəlkə onun da təsiri oldu. Atası iddia edir ki, Turan psixoloji təzyiqə məruz qalıb. 11 ildə 9 və 3 yaşında iki övladı olan bir adam psixoloji təzyiqə məruz qala bilərmi? Bəli, oğlum dinə etiqad edir, amma vahabi olmayıb və indi də deyil. Turan da gəlin gələndən hicabda olub. Saratovda dini məktəbə də gedib. Boşamırdıq ona görə ki, nəfəsi övladlarının yanında olsun. Düşünürdük ki, müalicə edəcəyik. Amma 11 ildə ondan gəlinlik və analıq görmədik. Baxırdıq ki, yayın günündə uşağa yun corab geydirib. Mane olurduq, deyird ki, uşaq mənimdi, özüm bilərəm. Minlərlə belə nümunə göstərmək olar. Amma uşaqlarının xatirinə dözmüşük. Atasıgil bir dəfə gizlin Turanı Saratova müalicəyə apardılar. Heç diaqnozunu da demədilər. Bakıda ağırlaşanda, diaqnozu bəlli oldu”.
Qəbrini ziyarət edəcəyik...
Rauf Tağıyev qudasının dəfələrlə oğlunun ailədaxili işlərinə müdaxilə etdiyini də dilə gətirib:
“Anlayıram, onlar da övlad itiriblər. Allah bu müsibəti düşmənimə də yaşatmasın. İki uşaq başsız qalıb və onların təminatı üçün adam tutmuşam. Xəstələrimizə başımız qarışıqdı. Ailəsinə də bildirdim ki, sonra heyət olaraq Turanın qəbrini ziyarət edəcəyik”.
Qeyd edək ki, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru olan Rauf Tağıyev 1992–1993-cü illərdə Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovun köməkçisi və partiyanın təşkilat şöbəsinin müdiri olub.
1996–2013-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri, Miqrasiya İdarəsinin rəisi, Dövlət Əmək Müfəttişliyinin rəisinin müavini və rəisi olub.
2014–2018-ci illərdə isə "Azərsu" ASC-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin rəisi işləyib.
Alçina Amilqızı, Bizim.Media