Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Fuad Çıraqovun “Əl-Cəzirə” telekanalının İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzində “Qarabağ münaqişəsinin unudulmuş humanitar problemi: itkin düşmüş şəxslərin taleyi” başlıqlı məqaləsi dərc olunub.
Bizim.Media xəbər verir ki, məqalədə İctimai Televiziyanın hazırladığı “Alça ağacının altındakı məzar” adlı sənədli filmi və filmin qəhrəmanı keçmiş məcburi köçkün Xəqaninin ailə faciəsi giriş kimi təqdim edilib.
Bu faciənin 1990-cı illərin əvvəllərində minlərlə insanın başına gəldiyi vurğulanır.
MÖVZU İLƏ BAĞLI:
“Əl-Cəzirə” telekanalı Azərbaycanın Ermənistan üzərində qələbəsindən yazdı
Məqalədə göstərilir ki, filmin süjetləri Qərb izləyicilərinə həmin dövrdə baş vermiş Srebreniça faciəsini xatırlatsa da, Birinci Qarabağ müharibəsindəki mülki insanların başına gələn faciələr eyni şəkildə dünya ictimaiyyətinin diqqətini özünə cəlb edə bilməyib.
Qeyd edilir ki, İkinci Qarabağ müharibəsi daha çox iki nizami ordunun qarşıdurması kimi dünya ictimaiyyətinin diqqətini cəlb etsə də, Birinci Qarabağ müharibəsi mülki insanlara qarşı daha amansız olub.
“Xocalı faciəsi beynəlxalq KİV-lər və insan hüquqları təşkilatları tərəfindən qeydə alınsa da, bir çox digər cinayətlərə məhəl qoyulmayıb.
Birinci Qarabağ müharibəsi dövründən indiyə qədər 3890 nəfər itkin şəxsin taleyi hələ də məlum deyil”, - deyə müəllif yazır.
Bizim.Media