Bakının qanayan yarası: Yalançı şəhərləşmənin ağır fəsadları

Bakının qanayan yarası: Yalançı şəhərləşmənin ağır fəsadları

Hazırda oxunan: Bakının qanayan yarası: Yalançı şəhərləşmənin ağır fəsadları

33177

Son statistik göstəricilərə görə Azərbaycan əhalisinin 53%-ı şəhərlərdə yaşayır.

Bu isə, dünya üzrə göstəriciyə görə orta urbanizasiya səviyyəsi kimi qiymətləndirilir. Lakin əksər inkişaf etmiş (İEÖ) və bir çox inkişaf etməkdə ola ölkələr arasında sözügedən nisbət daha böyükdür. 

Qeyd edək ki, dünya praktikasında urbanizasiya səviyyəsini iqtisadi inkişaf göstəricisi kimi qiymətləndirən mütəxəssislərin sayı heç də az deyil. Çünki şəhər əhalisinin çoxluğu sənaye üçün lazımi işçi qüvvəsinin yaranması deməkdir.

Bunun məntiqi nəticəsi olaraq, məhz qeyd etdiyimiz kimi İEÖ-də 70% -dən yüksək urbanizasiya səviyyəsi müşahidə olunmaqdadır.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı küçələri “QAYDASIZ DÖYÜŞ” meydanına bənzəyir - 150 manatlıq SÜRÜCÜLƏR 


Lakin qeyd edilməli digər bir məqam isə, Azərbaycandakı müfaviq rəqəmlərin reallıqla o qədər də uyğunluq təşkil etməməsidir. Bunun əsas səbəbi isə, elmi ədəbiyyatlarda suburbanizasiya adlanan yalançı şəhərləşmə fenomeninin ölkəmizdə geniş yayılmasıdır.
 

Belə ki, Azərbaycanda kənd qeydiyyatında olsa da, şəhərlərdə, daha çox da ətraf ərazilərdə yaşayan vətəndaşların sayı heç də az deyil.


Bütün bunlara müvafiq olaraq Azərbaycanda şəhərlərdə yaşayan əhalinin artımının İEÖ-lərdən fərqli olaraq, tərəqqiyə yox, problemlərə gətirib çıxardığını qeyd edə bilərik.

Doğrudur, Azərbaycanda yalançı urbanizasiya səviyyəsi Rio-de-Janeyronun məhşur “gecəqondu” məhəllələri qədər olmasa da, yaratdığı narahatlıqlar da gözardı edilə bilməz.

1. Hər gün qarşılaşdığımız tıxac problemi. Yol-infrastrukturunun yaradılması zamanı mütəxəssislər əksər hallarda məhz statistik məlumatlara müraciət edirlər və buna uyğun layihələr tərtib olunur. Əhali sayının isə göstəricilərdən çox olması müvafiq olaraq avtomobillərin sayına da təsir göstərir. Nəticədə hər gün səhər və axşam saatlarında günümüzün xeyli hissəsini itirdiyimiz tıxacların miqyası daha da böyüyür.

2. Digər bir məsələ isə şəhərsalma və arxitekturaya vurulan zərbədir. Xüsusilə də, şəhərətrafı ərazilərdə yerləşən qəsəbələrdə qarşımıza çıxan yolsuzluq, kommunal və mənzil problemləri də elə suburbanizasiyanın səbəb olduğu xoşagəlməz fəsadlardandır.

3. Məişət tullantılarının üfunəti. Abşeron ərazisində son zamanlar nisbətən azalsa da, hələ də rast gəlinən məişət tullantılarının anti-sanitar şəkildə qalaqlanması da diqqətdən yayınmamalıdır. Digər ekoloji problemlərin əksəriyyəti sənaye tipli olsa da, məişət tullantılarının yaşayış məntəqələri yaxınlığına atılması birbaşa suburbanizasiyanın fəsadı hesab oluna bilər. 

4. Su hövzələrinin çirklənməsi. Kanalizasiya sistemi tam əhatəli qurulmadığı üçün ölkənin bir çox şəhərlərində çirkab suları təmizlənmədən birbaşa su hövzələrinə axıdılır. Bu isə həm anti-sanitar vəziyyətin yaranmasına, həm də ekosistemə ağır zərbə vurur.
 

Təbii ki, bu cür problemlərin meydana çıxmasında günahı təkcə sakinlərin boynuna qoymaq doğru olmazdı. Çünki şəhər və kənd əhalisi arasında gəlir fərqlərinin böyük olması, iş və təhsil imkanlarının azlığı, xüsusilə də, gənc nəsli suburbanizasiyaya məcbur edir.


Buna görə də, sadalanan problemlərdən yaxa qurtarmaq və şəhərləri böyük yükdən qurtarmaq üçün regionlarda iş və təhsil imkanlarının yaradılması istiqamətində görülən işlərin genişləndirilməsi vacibdir. Əks halda, kütləvi suburbanizasiyanın qarşısını almaq xeyli çətin olacaq.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO