Qaradağ rayonunda fərdi yaşayış evləri və obyektlərin su təchizatı sistemlərinə baxış keçirilib.
"Azərsu" ASC-dən Bizim.Media-ya verilən məlumata görə, Qaradağ rayonu Korğöz qəsəbəsi, Yeni massiv adlanan ərazidə avtomobil təmiri məntəqəsi kimi istifadə edilən obyektdə sudan uçotsuz və sayğacdankənar istifadə faktı aşkarlanıb.
Məlum olub ki, obyekt sahibi yaxınlıqdan keçən 110 mm diametrli su xəttinə qanunsuz qoşularaq sudan istifadə edib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda su xəttinə qanunsuz müdaxilə edənlərə cinayət işi açıldı
Ümid qəsəbəsindəki kafelərdən birində də oxşar hala rast gəlinib. Obyekt sahibinə dəfələrlə xəbərdarlıq edilsə də, buna məhəl qoyulmayıb.
Qaradağ rayonunda həyata keçirilən nəzarət tədbirləri nəticəsində bəzi fərdi yaşayış evlərində də içməli sudan qeyri-qanuni istifadə edildiyi aşkarlanıb. Lökbətan qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yeni ev tikən sakin yaxınlıqdan keçən 150 mm magistral su xəttinə qeyri-qanuni qoşulma edib. Qəsəbənin 20 yanvar küçəsində isə yeni su xətti çəkilməsinə baxmayaraq vətəndaş köhnə xəttə qanunsuz qoşularaq uçotdan yayınırmış.
Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbir görülüb, qeyri-qanuni çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.
"Azərsu" vətəndaşları və sahibkarları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildirir ki, belə qanunazidd halların qarşısını almaq üçün ciddi tədbirlər görülür və bundan sonra da görüləcəkdir. Belə halları təkrar yol verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Bizim.Media