20 il əvvəl qətl törətməkdə günahlandırılan Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov barəsində istintaq davam edir. Barəsində qəsdən adam öldürmə və xuliqanlıq maddələri ilə ittiham elan edilsə də, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilsə də general günahını boynuna almır.
Məhkəmədə iştirak etmir...
Nə barəsində idda qaldırılan ittihamları qəbul edir, nə də məhkəmədə iştirak edir. Bir sözlə istintaq gedişində Rövşən Əkbərov hələ də susmaq yolunu seçib. Maraqlıdır ki, genarlın oğlu Telman Əkbərov da bu günlərdə yerli mətbuata verdiyi müsahibəsində dolayısı yolla atasının günahsız olduğunu bildirib.
Amma cinayət işində general Əkbərovun günahını təsdiq edən sübutlar var. Belə sübutlardan biri də öldürülən Elçin Əliyevin atası Faday Əliyevlə hadisənin əsas şahidi Məzahir Şıxəliyev arasında baş verən söhbətin qeydə alınmasıdır.
MÖVZU İLƏ BAĞLI:
İstintaq yekunlaşdı: Rövşən Əkbərovu nə gözləyir?
Elçin Əliyev belə öldürülüb...
Virtualaz.org Elçin Əliyevin necə öldürüldüyünü araşdırıb.
Belə ki, 1 iyun 2001 -ci ildə Elçin Əliyev, Məzahir Şıxəliyev və Rövşən Əkbərov Azərbaycanın Kiyevdəki səfirliyində görüşüblər. Gecə yarısına yaxın Elçin Əliyev və Məzahir Şıxəliyev pivə içmək üçün "Sikora" kafesinə gediblər.
Tezliklə oraya daha bir azərbaycanlı ilə birlikdə (bəzi şahidlər onun səfirliyin komendantı Qüdrət Əhmədov olduğunu deyib - red.) general Rövşən Əkbərov da gəlib. Onu görən Elçin Əliyev kafedə olan skripkaçıdan zabitlər haqqında bir neçə mahnı, o cümlədən Qazmanovun məşhur hiti - "Cənab zabitlər"i ifa etməsini istəyib. Sonra Rövşən Əkbərov, Elçin Əliyev və Məzahir Şıxəliyev bir masa arxasında oturublar.
Məzahir Şıxəliyevlə Elçin Əliyevin atası arasındakı söhbətdən stenoqramı təqdim edirik: “Rövşən soruşub ki, niyə ona səfirlikdə salam vermədik? "Biz səfirliyə çatanda sən samovar dəmləyirdin", - gülərək Elçin cavab verib. Bu sözlərdən sonra Rövşən Əkbərov əsəbi şəkildə soruşub: "Səncə, mən çayxanaçıyam?" Onu sakitləşdirməyə çalışdım. O isə məni təhqir etdi.
Soruşdum ki, sən kimsən ki, məni susdurursan? Ayağa qalxıb və "indi ağzını bağlayacam" dedi. İfadələr göstərir ki, mühafizəçilər sərxoş azərbaycanlılardan kafeni tərk etmələrini istəyiblər. Mübahisə küçədə davam edib və faciə ilə başa çatıb. Rövşən Əkbərov Məzahir Şıxəliyevin sifətinə yumruqla zərbə endirib və sonra Elçin Əliyevi bıçaqla vurub.
Bu arada şahid qismində dindirilən Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov mərhum Elçin Əliyevi 1994-cü ildən tanıdığını və dostunun general tərəfindən öldürüldüyünü şəxsən Rövşən Əkbərovun özündən eşitdiyini bildirib.
Rövşən Əkbrov başqa cinayət də törədib
Məlumat üçün bildirək ki, Rövşən Əkbərov haqda başqa bir cinayət işi də açılıbmış. Belə ki, 2007-2009-cu illərdə hərbi hissə komandiri olduğu dövrdə tabeliyində olan əsgərlər onun evində və obyektlərində işlədilib. Rəsmi sənədlərdə obyektin mülkiyyətçisi, oğlu Telman Əkbərov olsa da, rəsmi qaydada N saylı hərbi hissənin giziri İbrahim Həsənov onu icarəyə götürüb. General əlində olan imkanlardan sui-istifadə edərək həmin obyektdə əsgərləri işlədib.
Həmin zaman da yanğın baş verib. Nəticədə bir əsgər ölüb, qalanları isə xəsarət alıb. Olaya görə cinayət işi isə gizir Həsənova qarşı açılıb. Ona yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda maddəsilə ittiham irəli sürülüb və cinayət məsuliyyətinə cəlb olunub.
2009-cu ildə hərbi hissənin başqa vəzifəli şəxsləri, o cümlədən general Rövşən Əkbərov haqqında da Cinayət Məcəlləsinin 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsilə cinayət işi ayrılıb, amma o işə xitam verilməyib.
Xatırladaq ki, general-leytenant Rövşən Əkbərov bu ilin martında həbs edilib. Onun həbsi barədə Baş Prokurorluq məlumat verib. Əkbərova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. General azərbaycanlı biznesmen Elçin Əliyevin qətlində ittiham olunur. Hadisə 2001-ci il iyunun 1-də Kiyevdə baş verib.
Bizim.Media