Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan gənc fəal Rəsul Mürsəlovun anası Sənubər Mürsəlova “Media forum” saytına açıqlama verib. O, oğlunun hələ də aclıq aksiyası keçirdiyini deyib: “İyulun 3-də atası Rəsulun yanına gedib. Ona ərzaq aparıb və 70 manat pul verib. Həbsxanada ərzağı versələr də, pulunu əlindən alıblar. Mürsəl də buna etiraz bildirib, Ombudsman Aparatına məktub yazıb.
Bu yaxınlarda Rəsul evə zəng vuranda məndən pul istədi. Ona bağlamanın içində pul göndərdim. Bir müddət sonra mənə dedi ki, pulumu əlimdən alıblar, yazdığım məktubları həbsxanadan çıxmağa qoymurlar, məni incidirlər. Mən də Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmovla əlaqə saxladım. Maraqlanacağını bildirdi”.
Sənubər Mürsəlova oğlu ilə axırıncı dəfə avqustun 12-də telefon əlaqəsi saxladığını bildirib: “Mənə aclıq etdiyini dedi. Özümüz çox imkansızıq. Xəstəliyə görə pensiyaya çıxmış adamlarıq. Rəsulun yanına tez-tez gedə bilmirik. Gedəndə qohum-qardaş yığışıb 20-30 manat köməklik edir. Əlimdən heç nə gəlmir, evdar qadınam. İndi uşaq necədir, nə haldadır bunu da bilmirəm. Getməyə maddi imkanımız yoxdur. Rəsulun yanına gedəndə ərzaq da aparmalıyam. Əliboş necə gedim?”
Rəsul Mürsəlov türkiyəli dostu Əlirza Qutlu ilə birgə 2012-ci il iyulun 18-də Balakəndə tutulub. Onlar Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmədə təqsirli bilinərək 1 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.
Rəsul Mürsəlov 2012-ci ildə “Avroviziya” müsabiqəsi ərəfəsində keçirilən kütləvi aksiyaların fəal iştirakçılarından olub.

































































































