“Məhərrəm ayı istismarçı mollaların qazanc "sezonu”dur. Məhərrəmliyin nə İslama, nə Qurana, nə də şiəliyə dəxli var”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Tural İrfan Məhərrəm ayının başlanması ilə bağlı danışarkən qeyd edib.
Onun sözlərinə görə Məhərrəm ayında İmam Hüseynin adı ilə bağlı yas, ağlaşma, zəncir məclislərinin keçirilməsinin İmama dəxli yoxdur və İslam dinini hörmətdən salır:
MÖVZU İLƏ BAĞLI:
Məhərrəm ayı başladı
“İmam Hüseynin şəhadətini əməli şəkildə Qarabağ savaşında şəhidlərimiz göstərdi. Zəncirlə İmam yad olunmaz. Kərbəlada qızıldan günbəz tikiblər, orada hər gün milyonlar yığılır. O pulları da müctəhid titullu ruhanilər öz fondlarına köçürüb siyasi xəttləri və özləri üçün istifadə edirlər.
Digər ölkələrdə də Məhərrəm ayında məscidlərdə pullar yığılır və ruhanilər tərəfindən yağmalanır. Bir növ İmam Hüseynin adı ilə mövsümi biznes qurublar. Bu ayda xurafatçı mərasimləri ilk dəfə Buveyhilər dövləti təsis edib. Sonradan Səfəvilər də Osmanlı əleyhinə daha da alovlandırıb”.
İlahiyyatçının sözlərinə görə aşura və digər bir neçə günü İmam Hüseynin xatirəsinə həsr edib fəzilətli işlər görmək gözəldir:
“Onun şəhadət yolunu normal şəkildə qeyd etmək əladır və gələcək nəsillərə ötürmək savabdır. Fəqət zəncir vurmaq, baş yarmaq, ağı demək və iki ay özünü müəyyən işlərdən məhrum etmək İslama ziddir. Çünki Peyğəmbərin sağlığında bir gündə 70 nəfər yaxını şəhid oldu, amma o, 3 gündən artıq yas saxlamadı. İslamda 3 gündən artıq yas saxlamaq yasaqdır. Bu ayda toy da olar, nişan da etmək olar. İmam Hüseyn şəhid olub, cənnətə gedib. Ağlamaq, şivən salmaq o deməkdir ki, adam niyə şəhid olub və niyə cənnətə gedib.
Bu da düzgün deyil. İmam Hüseyn bu əzablarla şəhid olmasa idi bu qədər parlaq yad edilməyəcəkdi. Onun əzabkeşliyi obrazını daha da parlaq edir. Böyük şəhadət timsalı olan bir simanı bayağı şəkildə xatırlamaq, onun adı ilə pul yığmaq böyük günahdır”.
Tural İrfan qeyd edib ki, əksinə insanların nikah mərasimlərinin bu aya salınması daha yaxşıdır:
“Bu ayı qaraya bürümək günahdır. Çünki bu ayda Nuh tufandan xilas olub, İbrahim oddan qurtulub, Yunus balıqdan xilas olub və s... Bu xürafatçı mərasimlər İmamlara deyil, dini siyasi alətə çevirmiş müəyyən qüvvələrə xidmət edir. İslamda Məhərrəmlik deyə bir mərasim, bir ayin yoxdur. Digər aylar necədirsə, bu ayda o cürdür”.
Qeyd edək ki, miladi təqvimi ilə bu gün Məhərrəm ayının ilk günüdür.
Alçina Amilqızı, Bizim.Media