“Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı 30 ilə yaxın müddətdə də, postmünaqişə mərhələsində də Azərbaycanı və Ermənistanı dialoqa çağırmaq hesab edirəm ki, bilərəkdən məsələyə qeyri-obyektiv yanaşma nümunəsidir. Çünki Azərbaycanın davranışları və mövqeləri göz önündədir.
Ən azından, Azərbaycanın mövqeyinə və davranışlarına səthi bir nəzər salmaq yetərlidir ki, əmin olasan ki, Azərbaycan öz dövlət sərhədlərinin mühafizə sistemini yaratmaq istəyir, suverenliyi beynəlxalq səviyyədə tanınmış bütün ərazisi boyu təmin etməyə çalışır.
Regional təhlükəsizliyin və sülhün etibarlı qorunması istiqamətində addımlar atır, yeni əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir”.
Bu sözləri Bizim.Media-ya eksklüziv açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu səsləndirdi. Deputatın fikrincə, belə olan halda Azərbaycanı dialoqa hansı əsasla dəvət etdikləri anlaşılan deyil:
“Ermənistanı dialoqa dəvət etmək lazımdır. Azərbaycan onsuz da dialoqa hazırdır. Biz Ermənistana sülh sazişi bağlamaq təklifi etmişik, İrəvan isə bu istiqamətdə heç bir mövqe bildirməyib.
Əksinə, sərhəd boyu təxribatlarını daha da intensivləşdirib. Bu baxımdan, hesab edirəm ki, BMT-nin dialoq çağırışı siyasi riyakarlıqdan başqa bir şey deyil.
Xatırlatmaq yerinə düşərdi ki, BMT TŞ tərəfindən 1993-cü ildə Ermənistanın ardıcıl olaraq Azərbaycan torpaqlarını işğal etdiyi bir dövrdə qəbul etdiyi qətnamənin icrası ilə bağlı təşkilat heç bir mövqe nümayiş etdirmədi. Amma başqa bir nümunə də vardı: Liviya ilə bağlı BMT TŞ-nın qəbul etdiyi qətnamə bir neçə saatın içərisində icra olunmağa başladı.
Göründüyü kimi, BMT üçün qətnamələrin də kateqoriyalı əhəmiyyəti var. Yəni ki, vacib və qeyri-vacib qətnamələrə bölünür. Halbuki, həmin dövrdə Ermənistanın işçğalçılıq siyasətinin qarşısı alınmış olsaydı, nə bu qədər itkilər olardı, nə də Cənubi Qafqazda bu dərəcədə qeyri-müəyyənlik, gərginlik yaranmazdı.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini öz gücünə yerinə yetirdi. Bu gün rəsmi Bakı Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiyanın aparılmasını istəyir”.
Millət vəkilinin sözlərinə görə tərəfdaş ölkələr də bu istiqamətdə Azərbaycanın mövqeyini dəstəkləyirlər. Hətta Rusiyanın da belə bir təklifi olub ki, sərhəddə delimitasiya və demarkasiyanın aparılması ilə məşğul olacaq xüsusi bir komissiya yaradılsın.
Yəni, Rusiya da prosesin reallaşmasının tərəfdarıdır. Ayrıca olaraq:
“Ermənistan nəinki sərhədlərin delimitasiya və demarkasiyasının aparılmasının tərəfdarıdır, əksinə Azərbaycanın bu istiqamətdə fəaliyyətini, təşəbbüslərini öz ərazilərinə təxribat sayır. Və beynəlxalq ictimaiyyəti də buna inandırmağa çalışır.
Görünür, beynəlxalq dairələr də Ermənistanın riyakar, təxribatçı siyasətindən faydalanmaqda maraqlıdırlar. Çünki elə onların hər iki tərəfi dialoqa dəvət etməsi, yenə də təcavüzkar, işğalçı ilə təcavüz və işğala məruz qalan arasında fərqin qoyulmaması aydın sübut edir ki, qərbdəki dairələr regionda yenidən münaqişə vəziyyətinin mövcudluğunu ürəkdən arzulayırlar. Və bu münaqişə vəziyyətindən də özlərinin regionla bağlı niyyətlərini həyata keçirtmək üçün bir alət kimi istifadə etmək istəyirlər.
Azərbaycanı güc mövqeyindən heç kim çəkindirə bilməz, proseslər Azərbaycanın haqlı, ədalətli maraqlarına uyğun olaraq nəzarətimiz altında inkişaf etməkdədir”.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 30.07.2021
Ermənistanın hərəkətləri kimə sərf edir? – Elşad Mirbəşiroğludan ŞƏRH
Hazırda oxunan: Ermənistanın hərəkətləri kimə sərf edir? – Elşad Mirbəşiroğludan ŞƏRH
Hazırda oxunan: Ermənistanın hərəkətləri kimə sərf edir? – Elşad Mirbəşiroğludan ŞƏRH
30390
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.