Operativ Qərargahın verdiyi məlumata görə bu günədək 2 milyon 654 min 273 nəfər vaksinasiyanın birinci, 1 milyon 910 min 56 nəfərsə ikinci dozasını qəbul edib. İlk baxışdan pis göstərici deyil. Lakin beynəlxalq prizmadan baxanda bu rəqəmlər heç də ürəkaçan deyil. Beləki, vaksinasiya üzrə ümumi sıralamada ölkəmiz ÜST-in siyahısında ilk 20-liyə düşə bilmir. Yəni ki, hələlik ölkəmizdə hər 5 nəfərdən 4-ü peyvənd olunmayıb. Belə çıxır ki, Azərbaycanda COVİD-19 pandemiyasının nə qədər təhlükəli olduğu hələ tam anlaşılmır.
Bəs əslində nə baş verir?
Baş verən proseslər onu göstərir ki, azərbaycanlılar pandemiyaya qarşı peyvəndə inanmır. Bəlkədə bu məsələdə soydaşlarımız haqlıdır. Amma gəlin unutmayaq ki, COVİD-19 dünyanı bürümüş bir pandemiyadır. Bu pandemiyanın yayılma coğrafiyasına və yoluxma sayına görə bəşər tarixində olan bütün pandemiyaların ən böyüyü və ən təhlükəsidir. Elə isə biz məsələnin ciddiliyini niyə qəbul etmirik? Axı. vaksinasiya TƏBİB-in təşəbbüsü deyil ki, ağız büzək. Bu ÜST-nin qərarıdır. Bu qərarın icrası isə bütün dövlətlər üçün vacibdir. Ona görə də vaksinasiyada aktiv iştirak etmək həm də şərəf məsələsidir. Burda söhbət fərdi sağlamlığımızdan deyil, ölkəmizin imicindən və digər soydaşlarımızın hərəkət məhdudiyyətlərindən gedir.
MÖVZU İLƏ BAĞLI:
COVID pasportunu oxuyan aparat QURAŞDIRILSIN – Deputatdan TƏKLİF
Unutmayaq ki, vaksinasiyanın ləng getməsi gələcəkdə ölkəmiz və hər birimiz üçün ciddi problemlər yarada bilər. Bu problemlər hansılardır?
Birincisi, Azərbaycan beynəlxalq aləmdən təcrid edilə bilər. Nəticədə ölkəmiz çox ciddi maliyyə və iqtisadi itkilərə məruz qalar.
İkincisi, bu təcriddən təbii ki, hər birimiz ciddi ziyan görə bilərik. Yəni uzaq xaric heç, hətta yaxın qonşu dövlətlərə-Rusiyaya, Gürcüstana, Türkiyəyə, İrana və hətta Türkmənistana gediş gəlişimiz ağlasığmaz dərəcədə çətinləşə bilər.
Üçüncüsü, digər ölkələrdən Azərbaycan gəlmək istəyənlər ciddi beynəlxalq qadağalarla üzləşə bilər. Bu isə ölkəmizin sosial-iqtisadi həyatı üçün ciddi sıxıntılar yarada bilər.
Bəs vaksinasiyanı tez və keyfiyyətlə aparsaq nə olar?
Birincisi, Beynəlxalq təcriddən qurtula bilərik. Bütün dünya ölkələri öz qapılarını üzümüzə açar. Eyni zamanda, Azərbaycana səfər etməkdə heç bir ölkənin vətəndaşı tərəddüd etməz. Bu da indiki çətin zamanda sosial-iqtisadi inkişafımıza çox böyük təsir göstərə bilər.
İkincisi, vaksinasiya hər birimizə hərəkət azadlığı və sərbəstliyi verə bilər. Karantin qaydaları ən azı formal dərəcəyə qədər sadələşdirilə bilər.
Üçüncüsü, iş və xidmət sahələrindəki həyat yenidən 2019-cu ildəki vəziyyətə qayıda bilər.
Bəs fərd olaraq vaksinasiyadan nə qazana bilərik?
Birincisi, pandemiyaya qarşı immun sistemimizi gücləndirmiş olarıq.
İkincisi, bütün cərimələrdən maksimum dərəcədə sığortalana bilərik.
Üçüncüsü, təkcə ölkə daxilində deyil, həm də beynəlxalq aləmdə hərəkət azadlığı qazana bilərik. Peyvənd olunandan sonra istənilən xarici ölkəyə getmək hüququ qazanmış oluruq.
Dördüncüsü, izafi xərclərdən və bürokratik əngəllərdən canımız qurtarar. Məsələn, bir aydan sonra iş yerlərində “COVID-19 immunitet sertifikatı” tələb olunacaq. Sertifikat təqdim etmiyən vətəndaşsa heç nədən işini itirə bilər. Belə vəziyyətdə isə heç ən ədalətli məhkəmə belə köməyimizə çata bilməz. Və yaxud xarici ölkələrə gedərkən əlavə xərclərdən qurtula bilərik. Məsələn, Allahın Gürcüstanı qayda qoyub ki, COVİD-19 pasportu olmayan şəxs yalnız iki gün bu ölkədə qala bilər. Üçüncü günsə hökmən müayinədən keçməlidir. Adambaşına müayinə isə nə az, nə çox düz 100 laridir. 5 nəfər ailə üzvü ilə müayinə olunsan məcbursan 500 larindən keçəsən. 500 lari isə Gürcüstanda ən azı 4 gün 4 ulduzlu oteldə qalmaq fürsətidir.
İndi əziz oxucu, Siz deyin: Peyvənd olunmaq yaxşıdır, yoxsa pis?
Surxay Atakişiyev, Bizim.Media
Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır