“Azərbaycan mətbuatında çox az sayda əkinçi var” – Deputatdan MARAQLI ÇAĞIRIŞ

“Azərbaycan mətbuatında çox az sayda əkinçi var” – Deputatdan MARAQLI ÇAĞIRIŞ

Hazırda oxunan: “Azərbaycan mətbuatında çox az sayda əkinçi var” – Deputatdan MARAQLI ÇAĞIRIŞ

29449

"Çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır". Azərbaycan Milli Mətbuatının banisi Həsən Bəy Zərdabinin öz toplumu ilə mübarizəsinin qısa şüarı bundan ibarət idi. Milli Mətbuat Günü Həsən bəy adlı bir Aydınlıq Günəşi ilə bağlıdır. Gün demək, Günəşin insan həyatı üçün faydalı təzahürü deməkdir. Gün, Günəşdən ötürülən çox kiçik enerjidir ki, Yer Kürəmizi aydınladır”. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür


Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa “Facebook” hesabında Milli Mətbuat Günü ilə bağlı məsələyə şərh verərkən qeyd edib.

Onun sözlərinə görə 1875-ci ildə Gün işığına çıxan "Əkinçi" öz tükənməz enerjisi ilə şumladığı torpağın hər qarışından məhsul götürəcəyinə böyük ümid bəsləyirdi:

 

“Düşünürdü ki, Günəş, Torpaq, canlı toxum varsa, daha nə lazımdır ki, hərtərəfli yetkin bir toplum yetişsin.


Ancaq nəzərə almamışdı ki, bu torpağın alt qatında toplumun yaşadığı, anladığı dinin daşlı-gilli cəhalət, xurafat qarışığı var və o qarışığın hesabına Həsən bəy arzuladığı məhsulu götürə bilmədi. O, qəzet işinə söz əkinçiliyi kimi baxırdı. Toxumu səpirsən, hər qarışından cücərtilər boy verəcək. Ancaq torpağın və toplumun tərkibində hansı qarışığın olması çox önəmlidir. Yenə də şükürlər olsun ki, bu Günəşin yanğısının hesabına ayrı-ayrı vaxtlarda Günün əkinçiləri yetişdi. Onlar da durmadan toxumları səpdilər. Bu günümüzdə nələrsə yaxşı-pis cücəribsə, həmin əkinçilərin iztirablarının, alın tərinin və istedadının nəticəsidir. Bizdə bu peşənin insanlarına jurnalist deyirlər. Əsrin əvvəllərində qəzetçi deyərdilər. Fikrimcə, qəzetçi daha uyğundur. Türkiyədə də qəzetəçi ifadəsi yayğındır. Həm də birini digərindən fərqləndirmək üçün "usta qəzetəçi" ifadəsini işlədərlər. Bizdə bu təqribən "peşəkar jurnalist"ə ekvivalent ifadədir. Ancaq ən prestijlisi də "əməkdar jurnalist" ifadəsidir. Çünki bunun arxasında rəsmi tanınma sənədi var”.

Deputat qəzetçiləri usta qələm əhli, peşəkar qəzetçi və kar qəzetçi kimi 3 hissəyə ayırıb

“Birincilər sadəcə bu peşədə özəl istedad sahibləridir və təkrarolunmaz yazı üslubları, peşə əxlaqı və idealizmi ilə fərqlənirlər.
 

İkincilər vərdiş və təcrübə ilə bu peşədə məskunlaşıblar, öz işlərini yaxşı bilirlər, nəyi eşidib, nəyi eşitməməyi xüsusən yaxşı bilirlər. Peşə ilə karlığın sintezini qurmağı bacaranlardır. Həmişə "tərəqqi"dədirlər. 


Üçüncülər isə, bu sahədə özlərini eşitməzliyə qoyublar, istedadsızlıqdan narahat deyillər, imtiyaz və növbə məsələlərində həssasdırlar, peşənin içində usanmadan yaşayırlar. Bu gün Azərbaycan mətbuatında çox az sayda əkinçi var, biçinçilərlə yeyimçilər mütləq çoxluğu təşkil edirlər. Ona görə də toplumu dəyişməyə, yeniləşdirməyə, nimdaş dəyərlərini söküb dağıtmağa risq edən idealistləri görəndə sevinirsən, təsəlli tapırsan”.

Fazil Mustafanın sözlərinə görə Milli Mətbuat günü həm də çevrədəki erməni və erməniyəbənzər ilanlarla birgə yaşamaq və ayaqda qalmaq üçün zərdablandığımız gündür:

“Zərdab sözü dilimizdə ilan zəhərinə qarşı müqavimət formalaşdırmaq üçün vurulur. Həsən bəy həm də bizim millətin cəhalət və nadanlıq tarixinə vurulmuş bir zərdabdır. Dünən də, bu gün də az sayda da olsa bu zərdabın təsir gücünü mövcudluğunda qoruyan insanlarımızın hesabınadır müstəqil dövləti qorumaq ruhu, milləti müasir dəyərlərə daşımaq ruhu... 

Mən bilmirəm Həsən bəy Zərdabidən yüz il sonra daha nələri mənimsəyəcəyik, ancaq başlığa çıxardığım çağırışı qaragüruha təslim olmuş ziyalılarımızın sayı artdıqca hökmən təkrarlayacağımızdan əminəm: "Çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır".

Günümüz aydınlıq olsun. Zərdab vurulan Günümüzü deyirəm”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO