Bakı sakini “12-ci imam” olduğunu iddia edir. Allah tərəfindən ona vəhy gəldiyini deyən və möcüzəvi gücün yalnız ona məxsus olduğuna hər kəsi inandırmağı bacaran Aqil Babayev adlı şəxs özünü Mehdi Sahib əz-Zaman kimi qələmə verir. Adıçəkilən şəxsin əməlləri ilə bağlı bir çox zərərçəkən şəxslər hüquq-mühafizə orqanlarına müraciət edib.
Bu iddialarla redaksiyamıza şikayətlə gələn zərərçəkmişlər çıxış edib. Dediklərinə görə Aqil Babayev dini icma adı altında illərdir qurbanına çevirdiyi çoxsaylı şəxslərin külli miqdarda vəsaitini ələ keçirib.
Müxtəlif ayinlər zamanı həmin şəxslərə fizki cəzalar tətbiq edərək onları öz əmrlərinə tabe olmağa məcbur buraxıb və mənəvi cəhətdən təhqirlər yağdırıb. Şikayətçilərin bildirdiyinə görə hətta bəzi ailələrin dağılmasına, eləcə də öz istəklərinə uyğun “boşandırdığı” qadınlara qarşı əxlaqsız hərəkətlərə qədər cəsarət edib. Şikayətçilərin bildirdiyinə görə özünü Allah, yanına gələnləri isə elçiləri və qulları kimi təqdim edən Aqil Babayev yalançı inancları ilə insanların taleyi ilə istədiyi şəkildə oynamağa da müvəffəq olub. Bu azmış kimi 44 günlük müharibədə dövlətçilik əleyhinə kampaniya apararaq, döyüşmək arzusu ilə yanıb tutuşanları “müharibə və şəhid olmaq şeytan əməlidir” deyərək bu istəkdən yayındırıb.
Keçmiş hərbçinin etirafları…
Bizim. Media-ya üz tutan polkovnik Azər İslamov Aqil Babayevin cəmiyyətimiz üçün nə qədər təhlükəli biri olduğunu deyir:
“Yatsaq yuxumuza da girməzdi ki, bu hadisənin qəhrəmanı və şahidi ola bilərdik":
“Ağlabatan görünməsə də, bunlar həqiqətən baş verib. Özüm hərbçi və polkovnik leytenant vəzifəsində xidmət etmişəm. Məndə içkiyə meyl başlanmışdı. Əmim oğlu təklif etdi ki, qonşuluqda Aqil Babayev adlı şəxs var, sənə kömək edə bilər. Onunla görüşəsi olduq. Əvvəlcə, ibadətlə məşğul olmağı təbliğ etdi.
Tanıdıqca xarakterlərimə bələd oldu.
Danışıqları cəlbedici idi və marağım artdı. Namaz qılmağa məcbur etdi. Artıq onun təsirinə düşəndən sonra hərbidə düzənim pozuldu və ordu sıralarından tərxis olundum. O, demək deyildi ki, döyüş hazırlığımda sarsıntılar baş verdi. Əsla... Sadəcə Aqil Babayev inandırmışdı ki, o, bizim imamımızdır, Allahımızdır. Təlqin edirdi ki, orduda xidmət etməməliyəm. Allaha xidmət eləməliyəm. Mən izah etməyə çalışsam da ki, şəhidlik uca zirvədir, cənnətdir. Fikrimdən döndərməyə çalışırdı ki, Vətən yolunda ölmək, şəhidlik deyil. Şəhidlik yolu mənim yolumdur.
Yəni haqq yolunun başında mən dayanmışam, mənə tərəf gəlin, cəzalarınızdan azad olun. 20 il əvvəl gənc oğlan üçün bunlar bilirsiz nə demək idi? Hər şeyimi onunla paylaşırdım, yalnız ona hesabat verirdim. O, isə istədiyi kimi həyatımı idarə edirdi”.
Şəhərin mərkəzində şapalaq vurdu…
Onun təbirincə desək, istəyəndə adamı cəzalandıra, cəhənnəmə göndərə, yaxud da cənnət ilə müjdələyə bilərdi. Təsəvvür edin, şəhərin mərkəzində mənə bir neçə şapalaq vurub. Mən isə dayanıb üzünə baxmışam, müqavimət göstərməmişəm. Düşünürdüm ki, fiziki gücə tabe olmaqla öz günahlarımı Allah qarşısında ödəmiş oluram. Yəni belə əsaslandırırdı.
Azər İslamov gec də olsa, sözügedən dələduzun ovsunundan qurtulduğuna şükür edir:
“Yeganə tələbim Aqil Babayevi tanıdığım, ona xidmət etdiyim, məhz onun vasitəçiliyi ilə işimdən kənarlaşdığımın qarşılığının ödənməsidir. Ona illər boyu verdiyim dəyəri ölçüyə gəlməyəcək məbləğdə pullarımı geri qaytarsın”.
“Adnan Oktar bunun yanında kişi adam idi...”
Digər zərərçəkmiş Aqil Babayevin fırıldaqçı əməllərinin üstünün gec açılmasına təssüflənir:
“Əslində biləndə ki, o, artıq yanına gələn qadınlara təcavüz edib, onlara qarşı əxlaqsız hərəkətlər edir, bizim verdiyimiz pulları mənimsəyib çox məyyus olduq. Bu, qəbul olunası bir şey deyildi. Özünü “imam”adlandıranın belə iyrəncliklər etməsini həzm edə bilməzdik.
Onunla yaxınlıq edən kifayət sayda qadınlar olub. Hansı ki, həmin qadınlar digərlərini də yoldan çıxarıb. Bu məsələ Aqil Bababayevin qeyrətli bacılarımızdan birinə təcavüz cəhdindən sonra üzə çıxdı. Hələ qadın 2-3 il bu məsələni gizli saxladı. Çünki Aqil Babayev onu təhdid altında saxlayırmış.
Qadınlarla yaxınlığını da öz təbirincə əsaslandırırdı.
Deyirdi ki, bütün qadınlar ona halal və məhrəmdir. Guya hakimiyyəti altındadırlarsa, onları qorumalıdır. Adnan Oktar bunun yanında kişi adam idi. O, əxaqsızlarla yaxınlıq edirdi, bu isə ərli, namaz qılan, Allaha yaxınlaşmaq istəyən qadınlara təcavüz edirdi. Təsəvvür edin ki, yaxınlıq etdiyi qadını bir nəfərlə evləndirməyə nail olmuşdu. Bir müddət keçəndən sonra kişi arvadının “imam”la yazışmalarını tutmuşdu və boşandılar. Son müşahidələrimizə görə 14-15 yaşlı qızlara da meyl edirdi.
“Neçə nəfəri Allahın istəyi adı altında evləndirib, boşatdırıb”
Başqa bir iş adamı isə neçə-neçə insanla bərabər onun da həyatını puç edərək külli miqdarda pullarını mənimsəyən Aqil Babayevin tezliklə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir:
“Aqil Babayevi bir yaxınımın vasitəsilə 2004-cü ildə tanıdım. İlk tanışlıqda necə ovsunlandımsa, uzun illər təsiri və təhdidi altında yaşadım. Əlbəttə o zamanlar insan nəyin doğru, nəyin səhv olduğunu anlaya bilmir. Təsvvür edin ki, doğmalarımdan təcrid olunmuşdum. Sanki mənim üçün yalnız Aqil Babayevin yolu var idi. Guya insanları ağır cəzalardan yalnız o çəkindirə bilərdi. Onunla müntəzəm görüşürdüm. O, mən və mənim kimi xeyriyyəçilik etmək istəyən şəxsləri aldadaraq ev tikib dindar və kasıb ailələrə paylamaq adı ilə külli miqdarda vəsaitimizi ələ keçirmişdir.
Xeyriyyəçilik adı ilə məni inandırdı və əlbəəl ona 340 min manat pul verdim.
Əhmədlidə məktəbin yanında binanın tikilməsi üçün yer və konkret layihə göstərdi. Mənə də lazım idi ki, kimlərəsə xeyrim toxunsun. Bu minvalla bir neçə ay keçdi, ondan xəbər çıxmadı. Onun çirkin əməllərindən xəbərimizin olduğunu artıq anlamışıdı və biz zərərçəkmişlərdən gizlənirdi. Nəhayət özü ilə görüşəndə etiraf etdi ki, işləri guya dolaşığa düşüb və evin tikintisi getmir.
Məni aldadaraq aldığı pulların qəpik-quruşla bir hissəsini qaytarsa da, böyük məbləğdə olan hissəsini qaytarmayıb. 2020-ci ildə ona 23 min dollar, ondan əvvəl hər il isə 50-60 min manat pul vermişəm.
“İmam”ın görüşünə gələ bilməyənlər məktub yazırmış...
Zərərçəkmiş inşaatçı Mehman Baxşızadə sözlərinə görə Aqil Babayev kasıb ailələrə əl tutmaq, imkansızlara, şəhid və qazi ailələrinə yardım adı altında illərlə pullarını mənimsəyib.
“Onu 2013-cü ildən tanıyıram. Təsadüfi deyil ki, Əhmədli qəsəbəsində özünə mansarlı 5 mərtəbəli villa tikdirib və nazirlər kimi yaşayır”.
Şikayətçi maraqlı məsələyə də toxunub. Dediyinə görə “imam”ın görüşünə gələ bilməyən və onunla telefonda danışa bilməyənlərdən məktublar alırmış:
“Məktub açıla bilməzdi. Kimsə açıb oxusa, guya bəlaya düçar olacaqdı. Məktublarında ona “Ey Rəbbim” deyə müraciət olunurdu. Özünü “12-ci imam” Mehdi, sonradan Allah kimi təqdim etməklə hər kəsin beynini yumuşdu. Şükürlər olsun ki, Rəbbimizin xüsusi lütfü ilə bu ovsundan, iblisin əlindən qurtulduq. 8 il ərzində məni müflis edib və 500 minə yaxın borcu var”.
Özünəxas qanunları…
Digər şikayətçi və biznesmen sözügedən “imam”ın özünə xas qanunlarından danışıb: Aqil Babayev hansısa ailəyə təsir edə bimirdisə, ayırırdı. Bizi Allahın göndərdiyi elçisi olduğuna inandırmışdı. Hisslərimizdən bizə qarşı istifadə edirdi. Bu adamın kasıb ailələrə yardımla bağlı 38 nəfərdən ibarət saxta siyahısını da ortaya çıxarmışıq.
Cəmi iki nəfəri kasıb və imkansız ailədir ki, bunu da gözdən pərdə asmaq üçün edib. İllərdir verdiyimiz pulların ehtiyacı olan ailələrə getdiyinə əmin olmuşduq. Lakin həmin pulların özü üçün istifadə etdiyini bildik.
Qeyd edək ki, şikayətçilər Aqil Babayevin əməlləri, eləcə də maddi və mənəvi zərərlərinə görə hüquq mühafizə orqanlarına artıq müracitət ediblər.
Dediklərinə görə onlarla bərabər daha 100 nəfər, o cümlədən “imam”ın əxlaqsız hərəkətlərindən zərərçəkmiş qadınlar şikayət ərizəsi yazıb. Sübut və dəlillər sözügedən instansiyaya təqdim edilib. Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Yazıda ittiham olunan Aqil Babayevin də fikirlərini almaq üçün onunla əlaqə qurmaq cəhdlərimiz uğursuzluqla nəticələndi.Sözügedən şəxsin əlaqə nömrəsi şəbəkə xaricində oldu. Məsələ üzrə araşdırmamız davam edir…
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Alçina Amilqızı, Bizim.Media