Şənbə və bazar günlərini maraqlı keçirməyi arzulayanları ilk növbədə bu düşündürür – hara gedək?
Heç də hər zaman şəhərdən çıxmaq, rayonlara üz tutmaq mümkün olmur. Paytaxtda istirahəti necə qurmalı, eləcə də şəhərimizə gələn qonaqları hara dəvət etməli?
Bizim.Media Bakıda istirahət etmək üçün mümkün varinatları təqdim edir.
MÖVZU İLƏ BAĞLI:
Bulvarda QAÇANLAR ehtiyatlı olun – TƏHLÜKƏ VAR!
Yayın qızmar günlərində istirahət deyərkən, ilk növbədə çimərlik yada düşür. Bu baxımdan bəxtimiz gətirib – təbiətin bəxş etdiyi imkanlar bakılıların və şəhərimizin qonaqlarının Xəzər sahili çimərliklərdə istirhət etməsinə şərait yaradır.
Bu istirahət növü demək olar ki, bütün sosial təbəqələrin imkanı daxilindədir. Xəzər sahilində hər cibə uyğun istirahət məkanları var ki, onlar qonaqlara müxtəlif xidmətlər təklif edirlər.
Dəniz sahilində restoranlara xərcləyəcək pulu olmayanlar isə evdə yemək bişirərək və ya yolüstü qril, qarpız, yemiş, pendir, təndir çörəyi alaraq Xəzər sahilinə yollanırlar. Hələ ki, pulsuz çimərliklərimiz də var.
İstirahətini fərqli şəkildə qurmaq, övladlarına Bakının tarixi abidələrini göstərmək istəyənlər ilk növbədə paytaxtın simvolu sayılan Qız Qalasına üz tutmalıdırlar. Buradan İçəri şəhərə yollanmaq olar, Şirvanşahlar Sarayı, karvansaray, qədim şəhərin dar küçələrində sadəcə gəzişmək gözəl və maraqlı istirahət üsulu kimi seçilə bilər.
Tarixi və ekzotik məkanları sevənlər həm də Atəşgah Məbədi, Yanardağ mədəniyyət və təbiət qoruqlarına, Qala Dövlət Tarix Etnoqrafiya Qoruğuna üz tuta bilərlər.
Eləcə də Bakıda fəaliyyət göstərən müxtəlif muzeylərdəki maraqlı ekspopnatlarla tanış olmaq olar.
Şəhərin səs-küyündən yorulanlar və istirahətini təbiət qoynunda keçirmək istəyənlər üçün də Bakıda müxtəlif imkanlar var - Bakı Nəbatat bağında, Mərdəkan Dendrarisində yaşıllıq içərisində bu sakitliyi tapacaqsınız.
Bakı bulvarı, Heydər Əliyev Mərkəzi, Dağüstü Park, Nizami (torqovı) küçəsində də maraqlı gəzinti təşkil etmək olar.
Xatirə Nəsirli, Bizim.Media