Pandemiya səyahət arzususunda olanların qarşısına yeni əngəl çıxarıb. Bir sıra ölkələrin turistlərin “üzünə” bağlı olması ilə yanaşı ortada vaksinasiya tələbi də var.
Azərbaycanda daha çox tətbiq olunan “Sinavac” şirkətinin “CoronaVac” peyvəndinin bəzi ölkələr tərəfindən tanınmaması haqqında bəyanatlar vətəndaşlarda narahatlıq yaradır.
Bəs, ayrı-ayrı ölkələrin vaksinasiya ilə bağlı tələbləri necədir?
Bizim.Media turizm agentlikləri ilə apardığı sorğu əsasında araşdırmanı təqdim edir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan vətəndaşları 68 ölkəyə vizasız gedəcək - SİYAHI
“Pfizer-BioNTech”-lə peyvənd olunanlar narahatlıq keçirməyə bilər. Dünyanın turistlərin “üzünə” açılan bütün ölkələri bu peyvəndlə vaksinasiyadan keçənləri qəbul edir.
Qeyd edək ki, Şengen ölkələrindən hələ ki, Almaniya, Fransa və Yunanıstanın “qapıları” xarici vətəndaşların “üzünə” açılıb.
Məhdudiyyətlərin aradan qaldırılacağı təqdirdə digər Avropa ölkələrinin Avropa Dərman Agentliyinin təsdiqlədiyi vaksinlərlə peyvənd olunan şəxsləri qəbul edəcəyi gözlənilir. Qeyd edək ki, Agentlik hələ ki, "Pfizer", "Moderna", "Johnson&Johnson" və "AstraZeneca" vaksinlərini qəbul edib.
Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, ABŞ Çinin “Sinavac” şirkətinə etibar edirlər. Avropa ölkələrindən İsveçrə də “CoronaVac”-ı qəbul edəcəyini elan edib. Amma hələ ki, bununla bağlı turizm agentlikləri rəsmi məlumat ala bilməyiblər.
Turagentliklərin təmsilçiləri bildiriblər ki, ölkələr səyahətlə bağlı qaydalarını vaxtaşırı dəyişdiyinə görə, hansı vaksinin hansı ölkədə qəbul edilməsi ilə bağlı vahid siyahı tərtib etmək mümkün olmur.
Bundan başqa bəzi ölkələr vaksinasiya qaydası ilə yanaşı turistlərə digər tələblər də qoyur. Məsələn, ABŞ “CoronaVac”-la bağlı peyvənd olunmuş şəxsləri qəbul etsə də, yalnız son 24 ayda ölkəyə səfər etmiş şəxslərə viza verir.
Bəs peyvəndsiz hansı ölkələrə getmk olar?
Yay istirahətinin populyar məkanları olan Baham adaları, Maldiv adaları kimi dövlətlər pandemiyaya görə öz turizm gəlirlərini məhdudlaşdırmırlar. Belə ki, yalnız koronavirus testi verməklə bu ölkələrə səyahət etmək mümkündür.
Eləcə də Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Balkan ölkələrinə də COVID pasportu olmayan şəxslər koronavirus testi verməklə gedə bilərlər. Koronavirus testi həm Azərbaycanda, həm də geri qayıdan zaman həmin ölkələrdə tətbiq olunur.
Xatirə Nəsirli, Bizim.Media