Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Kliniki Diaqnostika Laboratoriyasının şöbə müdiri ilə işçiləri arasında yaşanan qalmaqalla bağlı sorğumuzu cavablandırıb.
Bizim.Media TƏBİB-in sorğumuza cavabını tədim edir:
“Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova bildirib ki, laborantı Aynur Əsədli dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq reaktivlər üçün nəzərdə tutulan soyuducudan şəxsi qidalarının saxlanılması məqsədilə istifadə edir. Sözügedən narazılıq da bundan qaynaqlanır. Çox təəssüf edirik ki, belə bir məsələyə görə İnstitutumuzun adı hallanır. Aynur Əsədli iddia edir ki, ona qarşı ayrıseçkilik olunur. Hətta bununla bağlı məhkəməyə də müraciət edib. İyulun 1-də Nizami rayon məhkəməsində onun şikayətinə baxılıb və şikayəti təmin olunmayıb. Sübut olunub ki, ona qarşı hər hansı ayrıseçkilikdən söhbət gedə bilməz”.
MÖVZU İLƏ BAĞLI:
Xəstəxana rəhbəri həkimi İNTİHAR həddinə çatdırdı – TƏBİB niyə SUSUR? - VİDEO
Qeyd edək ki, Həqiqət Qədirovanın özbaşınalıqlarından intihar həddinə çatan Aynur Əsədli ölkə başçısı İlham Əliyevə, TƏBİB idarə heyətinin sədri Ramin Bayramlıya, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevə, İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman xanım Səbinə Əliyevaya, Baş Prokuror Kamran Əliyevə açıq məktub ünvanlayıb.
Xatırladaq ki, adı son vaxtar qalmaqallarda çəkilən və ən çox tənqid edilən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 4 ildən çoxdur ki, Kliniki Diaqnostika Laboratoriyasının şöbə müdiri ilə işçilər arasında insident yaşanır.
Labaratoriya həkimi Aynur Əsədlinin saytımıza açıqladığı şöbə müdiri Nuriyyə Səlimovadan şikayəti, işçilər arasında ayrıseçkilik və fəaliyyətində yol verdiyi özbaşınalıqlarla bağlı iddialarını qeyd etmişdik. İnsidentlə bağlı tədbir görülməsi üçün Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə rəsmi müraciət olunmuşdu. Amma TƏBİB xəstəxana daxilində baş verənlərlə bağlı onlara ünvanlanan şikayətləri və müraciətləri araşdırmayaraq, məsələni yenidən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yönləndirib.
Alçina Amilqızı, Bizim.Media