Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Vətən müharibəsi şəhidi Nurlan Musayevin anası Ramazanova Rahilə bu gün ona təqdim olunan mənzillə bağlı Bizim.Media-ya açıqlama verib:
“Bu gün çox əlamətdar bir gündür. Mənzil almaq hər bir kəsin arzusudur. Amma səmimi deyim ki, heç bir ana belə bir mənzili bu şəkildə – şəhid övladının xatirəsinə görə almağı arzulamazdı. Lakin mən qururluyam. Nurlanı Vətən, bayraq, torpaq sevgisi ilə böyütdüm. Onun üçün Vətən ana, torpaq isə toxunulmazlıq demək idi,” – deyə şəhid anası bildirib.
Rahilə xanım qeyd edib ki, oğlu Nurlan Musayev 11 il boyunca Vətənə xidmət göstərib:
“Müharibə başlayanda o, bir an belə tərəddüd etmədən döyüşlərə qatıldı. Ayaq basdığı hər bir rayonun qəhrəmanına çevrildi, torpaq uğrunda qanı-canı ilə vuruşdu. 11 oktyabrda Hadrut uğrunda gedən döyüşlərdə şəhid oldu. Mən qururluyam ki, elə bir igidin anasıyam".
Şəhid anası dövlətin diqqət və qayğısına görə təşəkkürünü də bildirib:
“Mənzil verilməsinə görə dövlətimizə minnətdaram. Bu, mənəvi dayaqdır”.
Aygün Hüseyn, Sadiq Məmmədov, Elcan Bəşirli, Bizim.Media