2020-ci ildə Məhərrəm ayı avqustun 21-də başlayıb. Hicri tarixin günəş təqvimindən 10 gün qısa olmasına görə, bu il Məhərrəmlik avqustun 11-də start götürə bilər. Qeyd edək ki, Azərbaycanda əksər müsəlmanlar şiə təriqətinə aiddir deyə bu ayda şəhid olan imamlara yas tutulur və şənlik, toylar keçirilmir.
Bizim.Media xəbər verir ki, belə olan halda Operativ Qərargahın iyulun 1-dən toylara icazə verməsi 40 gün davam edəcək.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda vaksinasiyadan sonra neçə nəfər ölüb? – CAVAB...
Toyların 40-ı çıxmaya da bilər
Saytımızın götürdüyü sorğular nəticəsində məlum olur ki, insanlar icra olunan qərarlar barədə müxtəlif fikirdədirlər. Ortaq münasibət isə ondan ibarətdir ki, TƏBİB və Operativ Qərargahın gəldiyi nəticələr və aldıqları qərarlar məntiqsizdir. Sosial şəbəkələrdə əhalinin ən çox paylaşdığı status və rəylər arasında bunları görmək olar:
“Toylara icazə verdilər ki, restoranları da bir az işləsin”
“Camaatı toylara icazə şad xəbəri ilə Tarif Şurasının qiymət artımına hazırlayırdılar”
“Onsuz da bəzi məmurların restoranlarında toylar baş tuturdu”
“Yarımçıq qərardır. Toya icazə verilirsə, yas niyə olmaz?”
“Xariciləri bizdən çox istəyirlər. Turistə görə metronu açır, Avro-2020-nin Bakı oyunları bitəndən sonra həftəsonları avtobus və metroları yenidən bağlayırlar”
“TƏBİB kalkulyatoru iş başındadır, natural ədədlər (1-dən 9-can) irəliləyir. Operativ Qərargahın statistikası növbəti dalğanı elan etməyə hazırlaşır”
Məhərrəm ayından Novruz bayramına qədər…
Bu fikirlər həm sadə vətəndaşlara, həm də tanınmış ictimai-siyasi fəallara aiddir. Partiya sədrləri bu mövzuda daha sərt mövqedən çıxış edirlər.
Operativ Qərargah yarandığı gündən (27 fevral 2020) bəri “ştab”ın fəaliyyətini dərindən izləyənlər onların işində səhiyyə, sosial, iqtisadi və siyasi paralellər müşahidə edirlər. AXCP sədri Operativ Qərargahın statistikasına inanmadığını deyirsə, COVİD-ə yoluxub sağalmış Pənah Hüseyn başqa mövqe sərgiləyir. Tural Abbaslının fikrincə isə, TƏBİB və Operativ Qərargahın qərarlarında heç bir məntiq yoxdur.
Lakin unutmayaq ki, yoluxma 2-2, 3-3 olsa da artan tempdədir və üçrəqəmli statistikanın bir addımlığındadır.
Bəzi araşdırmaçı jurnalistlərin fikrincə avqustdan Novruz bayramına qədər yumşaq qapanmaların tətbiqi sezilir. Yəni, nəqliyyatın hərəkətində məhdudiyyətlər, insanların bir araya toplaşmasında müəyyən qadağalar gözlənilir. Əlbəttə ki, bütün sadalananlar rəsmən açıqlanmadığı üçün fərziyyə xarakterlidir.
Real görünən isə odur ki, insanlar 8 noyabr tarixində zəfər gününə hamılıqla sevinə biləcək, çünki qələbənin birinci ilində xalqı bu təntənədən məhrum etmək inandırıcı deyil. İnsanların bir araya toplaşması isə yoluxmaların sayında kəskin artıma səbəb ola bilər.
Əldə olunan təcrübədən də anlamaq olar ki, bu qaçılmazdır. Yoluxmaların qarşısını vaxtında almaq üçün isə qapanmalar labüddür.
Xatırladaq ki, 2020-ci il fevralın 26-da minlərlə insan Xocalı soyqırımının ildönümündə “Ana fəryadı” (Ana harayı) abidəsini ziyarət edəndən bir gün sonra – fevralın 27-də Operativ Qərargah yaradıldı.
Anar Rəhimov, Bizim.Media