Son günlərdə dabaq xəstəliyinin rayonlarda sürətlə yayılması əhali və fermerlər arasında ciddi narahatlığa səbəb olub. Mal-qara arasında yayılan bu yoluxucu virus aqrar sektora böyük ziyan vurmaqla yanaşı, həm də əhalinin sağlamlığını təhlükə altına qoyur.
Şimal rayonlarından sonra Muğan istiqamətinə də yayılmış dabaq xəstəliyi artıq Cəlilabad, Biləsuvar, Beyləqan, İmişli rayonlarına keçib. Gədəbəydə isə hələ iyul ayından bu xəstəliyin mövcud olduğu deyilir.
Dünən redaksiyamıza Bakı kəndindən olan fermer də zəng vuraraq artıq paytaxt kəndlərində də dabağa yoluxmuş heyvanların olduğunu bildirdi.
Yerli baytarlıq qurumları təcili tədbirlər görsə də, vəziyyətin ciddiliyi və yayılma sürəti təşviş doğurur. Məsələn, Biləsuvar rayonunda bu günə qədər 17 minə yaxın iribuynuzlu, 44 minə yaxın xırdabuynuzlu heyvan vaksinasiyasından keçib.
Həmçinin Cəlilabad rayonunda bu günə kimi 42 minə yaxın iribuynuzlu, 3 minə yaxın xırdabuynuzlu heyvan vaksinasiya edilib. Eləcə də, İmişli rayonunda bu günə qədər 83 minə yaxın iribuynuzlu, 206 minə yaxın xırdabuynuzlu heyvan vaksinasiya olunub.
Əlavə aqrar dəstək niyə gecikir?
Amma heyvandarlıqla məşğul olan fermerlər arasında infeksiyanın yayılmasının qarşısını almaq üçün əlavə dəstəyə ehtiyac olduğu vurğulanır. Əlavə dəstək isə nədənsə iki qurumun arasında ilişib qalıb. Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin hər ikisinin xidmətinə heyvan sağlamlığının təmin edilməsi, dezinfeksiya tədbirləri, diaqnostik müayinələr aparılması, heyvan sağlamlığı, heyvan xəstəliklərinin profilaktikası və müalicəsi kimi icra və maarifləndirmə işləri daxil olsa da məsuliyyəti bir-birinin üstünə atmaqla məşğuldurlar.
Son durumla əlaqədar isə cavabdeh qurumlar nə tədbir görür, nə də mətbuata bununla bağlı açıqlama verirlər.
Əhali isə narahatdır: ət yesin ya yeməsin? Əhali ət almaqdan, kafe və restoranlarda isə ət xörəkləri yeməkdən ehtiyat edirlər.
Qeyd edək ki, dabaq xəstəliyi (elm. afta epizootiyası) yoluxucu virus xəstəliyidir və əsasən iri buynuzlu heyvanlarda (inək, camış), xırdabuynuzlu heyvanlarda (qoyun, keçi) və donuzlarda rast gəlinir. Dabağa yoluxmuş heyvanın ağız boşluğunda, dırnaqlarda və bəzən cinsiyyət orqanlarında yaralar əmələ gəlir. Xəstəlik xəstə heyvanların ifrazatları ilə çirklənmiş yem, su, qulluq əşyaları, çiy süd və ondan hazırlanmış məhsullar, xəstə heyvanın çiy əti, gəmiricilər, həşəratlarla yayılır.
Heyvan ətinin dabaq olub-olmadığını belə bilmək olar: ət kəskin, turşumuş və ya çürük qoxu verirsə, boz, yaşıl, sarımtıl və ya tünd rəngə çalırsa, üzərində ləkələr, qan laxtaları və ya qəribə rəng dəyişiklikləri varsa, yapışqan, seliklidirsə, deməli dabaq heyvanın ətidir.
Şəfiqə Şəfa, Bizim.Media