“Şəhid əmimin qisası üçün döyüşə getdim” – Suqovuşan qazisi Şəhriyar Hüseynovun XATİRƏLƏRİ – FOTO

“Şəhid əmimin qisası üçün döyüşə getdim” – Suqovuşan qazisi Şəhriyar Hüseynovun XATİRƏLƏRİ – FOTO

Hazırda oxunan: “Şəhid əmimin qisası üçün döyüşə getdim” – Suqovuşan qazisi Şəhriyar Hüseynovun XATİRƏLƏRİ – FOTO

273793

“Qonşumuzu məndən əvvəl çağırmışdılar deyə ona paxıllıq edirdim. Evdə dayana bilmirdim. Tez-tez Səfərbərlik xidmətinin yerli şöbəsinə gedib tələb edirdim ki, mənim çağırışımı tezləşdirsinlər. Çünki o döyüş ata-baba yurdumun işğaldan azad edilməsi uğrunda gedirdi. Bu, həm də şəhid əmim Mahir Hüseynovun qisası demək idi. Ona görə də mən evdə qala bilməzdim”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Vətən müharibəsi qazisi Şəhriyar Hüseynov deyib.

Qarabağ müharibəsi qazisi Hüseynov Şəhriyar Ramil oğlu 2000-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində dünyaya göz açıb. Onun ailəsi əslən Ağdamın Xaçıdərbənd kəndindəndir. Uşaqlıq illərini məcburi köçkünlük acısı ilə keçirən Şəhriyarın ən böyük arzusu doğma yurduna qayıtmaq olub. Elə bu amal da onu könüllü şəkildə 44 günlük Vətən müharibəsinə aparıb.


Döyüş yolundan bir parça


Qazimiz Suqovuşan istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib. Şəhriyar həmin günləri xatırlayarkən kövrəlir:

“Döyüşlər çox ağır idi. Düşmən Suqovuşan məğlubiyyəti ilə barışmaq istəmirdi. Hər tərəfdən atəş altında qalırdıq. Əks-hücumların qarşısı qətiyyətlə alınırdı. Axşam çağı idi, yemək yeməyə hazırlaşırdım. Əsgərlərdən biri dedi ki, sizin bölüyə döyüş tapşırığı gəldi. Əlimdəki bir dilim çörəyi cibimə qoyub bölüyümüzün yanına qaçdım. Tapşırığa gedən yoldaşlar düzülmüşdü. Komandirlərdən məni də əlavə etmələrini xahiş etdim və döyüşə qoşuldum”.

Elə həmin əməliyyatlarda Şəhriyar ağır qəlpə yarası alır. Suqovuşanda sağlamlığını Vətənin azadlığına qurban verir. O, uzun müddət müxtəlif hospitallarda müalicə alaraq sağ qalır, lakin həyatının böyük bir parçasını döyüş meydanında qoyur.


Beş ildən sonra...


“Artıq beş il keçib. Mən hər dəfə Suqovuşana gedəndə o qanlı döyüşlər gözümün önünə gəlir. Məni ağır yaralayan o partlayış sanki qulağımda təkrar səslənir. Amma eyni zamanda orada gördüyüm yenidənqurma işləri məni çox sevindirir. O hisslər məni qəhərləndirir. Çünki artıq burada həyat bərpa olunub. İnsanlar qaynaşır, məscidimizin minarəsindən azan səsi ucalır. Mən həm də ona görə xoşbəxtəm ki, şəhid əmimin qisasını aldım. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Tanrı Cənab Ali Baş Komandanımızı qorusun”.

Tarixi gün

Qeyd edək ki, bu gün Suqovuşanın işğaldan azad edilməsindən beş il ötür. 44 günlük Vətən müharibəsinin şanlı səhifələrindən biri olan Suqovuşan əməliyyatı Azərbaycan ordusunun igidliyi, qəhrəman oğullarımızın qanı-canı bahasına yazılıb.




Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO