İpoteka ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ

İpoteka ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ

Hazırda oxunan: İpoteka ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ

273631

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, 2025-ci ilin ilk səkkiz ayında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fonduna daxil olan vəsait əvvəlki ilin eyni dövrü ilə müqayisədə praktik olaraq eyni səviyyədə qalsa da, istiqraz emissiyalarının payı artıb.
 

2024-cü ilin ilk səkkiz ayında Fondun ixtiyarına verilən mənbələr 416 milyon manat təşkil edirdisə, 2025-ci ilin ilk səkkiz ayında bu göstərici 448 milyon manata yüksəlməklə illik 8% artım göstərib. Lakin dövlət büdcəsindən ayrılan vəsait 66 milyon manatdan 48 milyon manata enib, Fondun yerləşdirdiyi istiqrazların həcmi isə 350 milyon manatdan 400 milyon manata yüksəlib. Beləliklə, ipoteka istiqrazları illik müqayisədə Fonda 14 faiz daha çox vəsait cəlbinə səbəb olub.


Banklar tərəfindən verilən ipoteka kreditlərinin həcmi 338 milyon manatdan 305 milyon manata – illik müqayisədə 10 faiz azalıb. Banklar ipoteka kreditlərində daha “həvəssiz” görünür. Hazırda kommersiya bankları daxili ipoteka kreditlərini 11% civarında təklif etməklə ev almaq istəyən şəxslər üçün cəlbediciliyi azaldır.

Mərkəzi Bankın məlumatına görə, ipoteka kreditləri üzrə qeyri-işlək kreditlər səvyyəsi cəmi 0.7 faizdir.

Bu digərləri ilə müqayisədə ənənəvi olaraq çox aşağıdır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, bankların ipoteka kreditləri verməkdə maraqlı olmamasının bir neçə əsas səbəbi var:

“Onlar həm maliyyə riskləri, həm də dövlət siyasəti ilə bağlıdır. Uzunmüddətli vəsait çatışmazlığı da xüsusi rol oynayır. Bankların əksər vəsaitləri qısamüddətli depozitlərdən formalaşır. İpoteka isə uzunmüddətli kreditdir, ən azı 10-25 illlik. Yəni bank qısamüddətli borcla uzunmüddətli kredit verməkdə risk görür. Bundan əlavə uzun müddətdə borcalanın gəlirinin sabit qalacağına təminat yoxdur. Ödəniş gecikmələri və ya defolt halları ipotekada daha çətin həll olunur. Çünki mənzil satışı proseduru vaxt aparır”.

Müsahibimiz əlavə edib ki, ipoteka faizləri dövlət tərəfindən müəyyən qədər tənzimlənir:

“Bu isə bankların sərbəst bazar faizlərindən aşağı olur. Bank üçün istehlak krediti və yaxud biznes  krediti daha sürətli, daha yüksək faiz gəliri gətirir. Bu məsələdə likvidlik problemi də var. Bankların verdiyi kreditlər arasında ən az likvid olan ipotekadır. Çünki bu kreditləri geri toplamaq, paketləyib satmaq (seküritizasiya) bazarı Azərbaycanda inkişaf etməyib.

Beynəlxalq standartlara görə, uzunmüddətli və daşınmaz əmlaka bağlı kreditlər üçün banklar daha çox kapital ayırmalıdır. Bu isə onların əməliyyat xərclərini artırır. Bu və digər səbəblərə görə Azərbaycanda ipoteka bazarının böyük hissəsi Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə maliyyələşir. Banklar çox vaxt bu fondun verdiyi vəsaitdən asılıdır, öz balanslarından geniş ipoteka portfeli formalaşdırmağa maraqlı olmurlar.

Yəni banklar üçün ipoteka kreditləri daha çox sosial və dövlət dəstəyi ilə verilən məhsuldur. Sərbəst kommersiya baxımından isə ipoteka uzunmüddətli, az gəlirli və riskli olduğu üçün banklar daha çox istehlak və biznes kreditlərinə üstünlük verirlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO