2025-2026-cı tədris ilində xaricdə dövlət xətti ilə 201 nəfər Azərbaycan vətəndaşı təhsil alacaq. Onlardan 130 nəfəri Macarıstan, 43 nəfəri Çin, 8 nəfəri Rumıniya, 10 nəfəri Latviya və 10 nəfəri Qazaxıstanda oxuyacaqlar.
Bundan başqa, bu tədris ilində 500 nəfər iştirakçı dünyanın 14 ölkəsində 64 nüfuzlu universitetdə təöhsil alacaq. Beləliklə, bu il dövlət xətti ilə xaricdə təhsil alacaq tələbələrin ümumi sayı 700 nəfərə yaxın olacaq.
Həmçinin, öz hesabına xaricdə oxumağı seçənlərin sayı daha çoxdur.
Hər il xaricdə təhsilə maraq artır və azərbaycanlılar dünyanın müxtəlif ali təhsil məktəblərində təhsil almağa üstünlük verirlər. Lakin xaricdə təhsil alanlar ölkəyə qayıtdıqdan sonra ali təhsili bitirib sahibləndikləri ixtisası təsdiq edən diplomu ölkəmizdə tanıtmalıdırlar.
Bunun üçünsə ilk olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) müraciət etməlidirlər. Bu, Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda öz əksini tapıb.
Bəs xaricdə təhsil alanların diplomlarının burada tanınma, təsdiqlənmə prosesi necə aparılır? Hansı sənədlər toplanmalıdır və imtahana ehtiyac varmı?
Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) bildirildi ki, ərizələr elektron qaydada həyata keçirilir:
“Ərizələrin qəbulu www.tkta.edu.az internet səhifəsi vasitəsilə yalnız elektron qaydada həyata keçirilir. Həmin internet səhifəsində tələb olunan sənədlərin siyahısı və yüklənmə qaydası haqqında ətraflı məlumat verilib. (Tələb olunan sənədlərin siyahısı barədə ətraflı məlumat əldə etmək üçün aşağıdakı keçidə daxil ola bilərlər: //tkta.edu.az/p/nostrify-your-diploma-201
Aşağıda qeyd edilən keçidə daxil olmaqla qeydiyyatdan keçmək mümkündür: //apply.enic.edu.az/)
Vurğulanıb ki, kvalifikasiyaların tanınması prosesi aşağıdakı mərhələlərdən ibarətdir:
“Sənədlərin gözləməyə düşməsi; (bu mərhələdə sənədlərin Qaydalarda qeyd olunduğu şəkildə yüklənilməsi yoxlanılır),
Sənədlərin icraata götürülməsi; (bu mərhələdə sənədlərin həqiqiliyi yoxlanılır. Bununla əlaqədar olaraq müvafiq sorğular göndərilir),
Sənədlərin icraatının davam etdirilməsi; (sənədin həqiqiliyi təsdiq edildikdən sonra Qaydaların tanınmaya dair tələblərindəki digər müddəalar (akkreditasiya, təhsil alınan ölkənin ərazisində tələb olunan normativ əsasında qiymətləndirmə (bununla bağlı sorğu) və s.) üzrə icraat davam etdirilir),
İxtisas ekvivalentliyinin təyin olunması; (peşə imtahanı keçiriləcəyi təqdirdə müraciətçinin sənədləri müvafiq olaraq Dövlət İmtahan Mərkəzinə və Səhiyyə Nazirliyinə yönləndirilir. Bu mərhələdə həmçinin ixtisas ekvivalentliyinin təyin olunması ilə bağlı sorğular göndərilə bilər.), ekspertizası yekunlaşmış sənədə struktur bölmə rəhbəri tərəfindən yekun rəyin verilməsi mərhələsi və imzaya təqdim olunması”.
Qeyd edilib ki, ekspertiza prosesi çərçivəsində tələb olunan apostil şəhadətnaməsi (möhürü) tanınma üzrə müraciətlər zamanı təqdim olunan təhsil sənədlərinin yalnız əslinə vurulmalı və sənədi imzalamış yüksək səlahiyyətli şəxsin imzası ilə təsdiq olunmalıdır:
“Sənədlərin “əsli ilə düzdür”, həmçinin notarial qaydada təsdiq olunmuş nüsxələrinə vurulmuş apostil şəhadətnaməsi (möhürü) qanunvericiliyin tələblərinə uyğun olmadığı təqdirdə icraata götürülmür”.
Bu dillərdə sənədlərin tərcüməsinə ehtiyac yoxdur
Bildirilib ki, Qaydalara əsasən türk, rus və ingilis dillərində təqdim olunmuş təhsil sənədlərinin notarial qaydada tərcümə-təsdiqinə ehtiyac yoxdur. Digər dillərdə təqdim olunmuş sənədlər isə ölkəmizdə Azərbaycan dilinə tərcümə edilməli və notarial qaydada təsdiq olunmalıdır:
“Həmçinin müraciətçilər ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin (www.enic-naric.net) müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditasiyadan keçmiş ali təhsil müəssisələrinin siyahısını əldə edə bilərlər.
Qaydalara əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə peşə tanınması ərizəçinin TKTA-nın sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qiymətləndirmə imtahanında, tibb və səhiyyə ixtisasları üzrə peşə tanınması isə ərizəçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin keçirdiyi imtahanda müvəffəqiyyət qazandığı təqdirdə verilir” – deyə məlumatda qeyd olunub.
Günay Şahmar, Bizim.Media