Bir neçə gün öncə Türkiyənin Kütahya vilayətində 5.4, İranın Cənubi Həmədan əyalətində 4,2 bal gücündə zəlzələ baş verib.
Maraqlıdır ki, qonşu ölkələrdə baş verən zəlzələr yaxın zamanda Azərbaycan üçün də gözlənilirmi?
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Bizim.Media-ya açıqlamasında bildirib ki, yaxın zaman üçün böyük zəlzələ gözlənilmir:
“Hər il ölkəmizdə irli-xırdalı kifayət qədər zəlzələ baş verir. Demək olar ki, hər il 3-4 min zəlzələ qeydə alınır. Lakin bunların hamısı güclü təsirə malik olmur. Eləsi var ki, hiss olunur, çoxu isə hiss olunmur. Məsələn, Xəzər dənizində 5 bal gücündə baş verən zəlzələ Bakı və Abşeronda güclü formada hiss olunmur. Bundan əlavə, Sabirabad, Lənkəran, Lerik. Xaçmaz bölgəsində müəyyən zəlzələlər baş versə də, dağıdıcı təsirləri olmamışdı.
Eləcə də bu il və yaxın zaman üçün hansısa bölgədə güclü, dağıdıcı zəlzələ gözlənilmir. Onsuz da hər gün zəlzələ qeydə alınır. Amma güclü zəlzələ ölkəmiz üçün gözlənilmir. Qonşu ölkələrdə daimi olaraq, bu cür güclü təkanlar baş verir. Bu o demək deyil ki, həmin güclü zəlzələ ölkəmizdə də olacaq”.
Naibə Məmmədova, Bizim.Media