30 il ölümün gözünə baxan "Xanı" ləqəbli əfsanə - “O büsbütün Vətən idi” – Polkovniklə MÜSAHİBƏ

30 il ölümün gözünə baxan "Xanı" ləqəbli əfsanə - “O büsbütün Vətən idi” – Polkovniklə MÜSAHİBƏ

Hazırda oxunan: 30 il ölümün gözünə baxan "Xanı" ləqəbli əfsanə - “O büsbütün Vətən idi” – Polkovniklə MÜSAHİBƏ

273180

Ömrünün 30 ildən çoxunu döyüşlərdə, ordu sıralarında qoşun kəşfiyyatçısı kimi Vətənə xidmət edən məşhur “Xanı” ləqəbli gizir Səyyaf Əhmədov, sentyabrın 23-də Ağdam rayonunun  Mirəşelli və Şıxlar kəndləri istiqamətində minaya düşərək həyatını itirdi. Xanının faciəli ölümü Azərbaycan cəmiyyətində, xüsusilə hərbçilər arasında şok effekti yaratdı. Onunla birgə xidmət keçmiş əsgər və zabitlər hələ də inanana bilmirlər ki, Səyyaf Əhmədov kimi peşəkar kəşfiyyatçı mina qurbanı olsun.

Xanı haqqında onunla birgə xidmət keçmiş dostu, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin veteranı, polkovnik Eldəniz Namazov Bizim.Media-ya müsahibə verib.   

- Uzun illər ən ağır döyüşlərdən, düşmən arxasında inanılmaz kəşfiyyat əməliyyatlarından salamat çıxan əfsanəvi kəşfiyyatçının həyatı faciəvi sonluqla bitdi...




- Çox ağır bir itki baş verdi. Onu tanıyan, tanımayan, haqqında eşidən, eşitməyən, döyüş yolu barədə sonradan xəbəri olan, millətini və vətənini sevən hər kəs üçün faciədir bu... Deyərdim ki, onun həlak olması nəinki yaxınlarını, elini-obasını, dostlarını, bütün ordunu sarsıtdı... Kaş ki, bu, baş verməyəydi. Bizim üçün çox ağırdır. Allah bizə onunla Cənnətdə görüşməyi nəsib eləsin!

- Xanı niyə əfsanəvi kəşfiyyatçı deyə çağırılırdı?  

- Elə insanlar var ki, onlar xidmət keçmirlər, bütün varlıqları, sevgiləri ancaq və ancaq Vətəndən ibarət olur. Canları, qanları, ruhları da ancaq Vətən sevgisi ilə qidalanır. Vətən bu adamların ömrünün əsas hissəsinə, bəlkə də bütünlüklə yaşamına çevrilir... Xanı bax belə oğullardan idi. Mən 15 il bundan əvvəl tanıdığım Xanıdan danışım... Onda hələ yaşı təxminən 40 olardı. Onun düşüncəsi, dünyaya baxışı, təcrübəsi yaşına görə çox böyük idi. Hər kəsin uğrunda yaşadığı bir amal var... Kimisi ailə-uşağı üçün, kimisi hansısa zənginlik üçün, kimisi  özü üçün... Xanının isə bütün xidməti, düşüncəsi, uğrunda yaşadığı amal iki əsas amildən ibarət idi: Birincisi Vətən, ikincisi isə onun döyüş yoldaşları, silahdaşları üçün idi... Mən bu cür yaşamağı xoşbəxtlik sayıram. Bu, hər bir hərbçi üçün böyük bir xoşbəxtlikdir.

 

İkisinin də ruhu şad, xatirəsi nurlu olsun. Onun Şamil kimi dostu olub... Hansı ki, yanlarında mərmi düşəndə, Şamil özünü atıb Xanının üstünə, qoymayıb ona qəlpə dəysin. Hətta ona yardıma gələnlərə “Mənimlə işiniz yoxdur, Xanını çatdırın həkimə” deyib, gözlərini əbədi yumub. Xanı həmişə onun barəsində ilahi bir varlıqdan danışırmış kimi söhbət açardı. Bax Xanı neçə-neçə belə dost, döyüş yoldaşı ilə vuruşub... Neçə-neçə belə dost itirib döyüşlərdə... Döyüş, döyüş yoldaşı, silahdaş nədir? Dost üçün canını qurban vermək, onun üçün həyatını təhlükəyə, özünü ölümə atmaq nədir?! – O bunları çox yaxşı bilirdi...

 

Xanını əfsanəvi kəşfiyyatçı kimi tanıdan qorxmazlığı, öz silahdaşına, kəşfiyyata getdiyi döyüş yoldaşına diqqəti, qayğısı, özündən çox onu düşünməsi, təhlükəli məqamda irəli atılıb yoldaşlarını xilas etməyə çalışması və nə olursa olsun, hamını xilas edəndən sonra da özü ölümün pəncəsindən sağ-salamat çıxıb qayıtması idi. Bu, onun əfsanəyə çevrilməsinin əsas şərti idi.



-Qorxmazlığını tamamlayan başqa hansı xüsusiyyətləri vardı?

-Çox qətiyyətli idi. Hər addımında səbirli, təmkinli, istənilən hərəkətində düşmən üzərində qalibiyyət arzusu, hər kəşfiyyat əməliyyatında “Mən bu tapşırığın öhdəsindən şərəflə gələcəm” iradəsi vardı. O, kəşfiyyatçı olmağı nəzəri olaraq sinif otaqlarında, təlim yerlərində öyrənməmişdi. Onun bütün bilik və bacarıqları başdan-başa döyüş tapşırıqlarının yerinə yetirilməsində topladığı təcrübədən ibarət idi. Bir uğursuz kəşfiyyat əməliyyatı kəşfiyyatçının əzmini qırır... Bir uğurlu əməliyyat kəşfiyyatçının püxtələşməsi üçün əvəzsiz rol oynayır. Xanının fərqi onda idi ki, üzləşdiyi uğursuz əməliyyatlarda da  əzmi qırılmamışdı, əksinə, işğalçıya nifrəti daha da artmışdı və nə olur-olsun, qisassız dayanmazdı... Xanı özü büsbütün bir Vətən idi.
 

Həqiqətən belə idi. İnanmıram ki, Xanı Vətən yükündən başqa hansısa bir yükü daşımaq istəyərdi, daşıya bilərdi... Mən onunla  2011-ci iin yanvar ayının 4-də tanış olmuşam. Həmin vaxt Ağdamda yerləşən “N” saylı hərbi hissəyə kəşfiyyat rəisi vəzifəsinə təyin olunmuşdum. O vaxta qədər barəsində  eşitmişdim, amma xidməti bölgələrimiz fərqli olduğuna görə heç vaxt üz-üzə gəlməmişdik. Ancaq bilirdim ki, Xanı təzə təyinat aldığım yerdə xidmət edir. Bu, bir növü də mənim ürəyimcə idi. Belə bir kəşfiyyatçı ilə bir bölmədə vəzifə daşımaq, onunla çiyin-çiyinə xidmət keçmək mənim üçün çox qürurverici idi.


Bilirdim ki, Xanının həmin bölmədə olması mənim işimi nə qədər asanlaşdıracaq, mənə nə qədər dəstək olacaq. Tabeliyimdə olan əsgərlərin, gənc zabitlərin Xanının təcrübəsindən, döyüş yolundan, Vətən sevgisindən yararlanması kəşfiyyat xidmətinin, qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsində böyük bir amil və şərt idi.

- Dediniz, qətiyyətli idi... Bəs, xaraktercə sərt adam olub?

- Xidmətdə Xanını bir neçə cür görmək mümkün idi. Məsələn, Xanı düşmənə düşmənin ölkəsi boyda, canlı qüvvəsinin sayı qədər nifrət bəsləyən bir döyüşçü idi. Belə görmək olurdu onu. Xanını, Vətəni bir başqa cür sevən, bayrağını həmişə başının üzərində uca tutan, bu Vətən üçün hər an, hər saniyə “of” demədən canını qurban verə biləcək, nizam-intizamlı döyüşçü kimi görmək olurdu. Onu olduğu kollektivdə gənclərə böyük bir nümunə, düz yol göstərən ağsaqqal, böyük qardaş kimi də görmək mümkün idi.



Xanını xidmət müddətindən asılı olmayaraq, bütün əsgərlərə dayaq kimi də görə bilirdik. Əsgərlərə münasibəti, onların qayğısına qalması, xəstələnməsinlər deyə, əyin-başlarına diqqət yetirməsi, yemək vaxtını keçirməyə imkan verməməsi kimi hərəkətləri ilə Xanını valideyn kimi də görmək olurdu.

- Deməli düşmənlərə əzazil, əsgərlərinə isə olduqca qayğıkeş olub...

- Təsəvvür edin, bəzən evə gedəndə, mövsümə uyğun olaraq, həyət-bacadakı meyvələrdən, tərəvəzlərdən yığıb səliqə ilə qablaşdırıb əsgərlərə gətirərdi. Həmişə də deyirdi ki, siz bunlardan dadanda mənim ürəyim rahat olur. Siz yeməsəniz, mən heç nəyi rahatlıqla yeyə bilmərəm.  Bölməmiz Ağdamın Əhmədağalı, Çıraqlı və Mirəşelli kəndlərinin üçünün ortasında, köhnə bir idarə binasında yerləşirdi. Xanı orada elə səliqə-sahman yaratmışdı, həyətində elə gözəl bağ-bağat salmışdı ki, tərəvəz sahəsinə qədər hər şey var idi. Hansı ki, orada becərilən meyvənin, tərəvəzin bir dənəsi də bölüyün ərazisindən çıxarıla bilməzdi. Hamısı əsgərin idi. Mən onunla xidmət edəndə həmişə qürur hissi keçirirdim ki, əsgərini bu qədər sevən, onun qayğısına qalan bir döyüşçü ilə silahdaşam.

- Sosial şəbəkələrdə yayılan görüntülərdən bilinir ki, oxumağı da varmış....



- Xanının qeyri-adi zümzümələri vardı... Çox dinləmişəm. Mən ona zümzümə deməzdim. Xanının böyük bir harayı idi oxuduğu hər şey... İçindəki hayqırtını, ağrını, Vətən dərdini, yurd həsrətini oxumaqla ovuda bilirdi Xanı. Qələbəyə qədər onun gözlərindəki nisgil, həsrət... Bunları sözlə ifadə etmək heç cür mümkün deyil.

Əhmədaxalı kəndinin arxasında bir balaca təpə vardı: “Baboy” postu dediyimiz döyüş mövqeyinin sol yanında idi. Onun oradan durub işğal altındakı torpaqlara necə həsrətlə, ağrı ilə baxdığının dəfələrlə şahidi olmuşam. Xanı Vətən üçün doğulmuşdu, Xanı Vətəni sevmək üçün doğulmuşdu... Xanı vətən uğrunda döyüşmək, Vətən yolunda fəda olmaq üçün doğulmuşdu.

- Onu xan adlandıranlar da var... Bu hansı keyfiyyətlərinə görə idi?

- Xanı özünün böyüklüyünə, təcrübəsinə, keçdiyi döyüş yoluna rəğmən, heç vaxt özünü təkəbbürlü, yekə tutmazdı. Onun bu tərzi hamının gözündə, sözün həqiqi mənasında xana çevirirdi. Məndən də, digər silahdaşımız və zabit yoldaşımız Ceyhun Əzizovdan da yaşca böyük idi. Düzdür, yaşa görə ona hörmətimiz vardı... Amma Xanıya hörmət əslində təkcə yaşa görə deyildi... Xanı kamilləşmiş, püxtələşmiş bir ağsaqqal idi. Onda heç vaxt təkəbbür, kinayəli yanaşma görmədim, boşuna deyilən bir kəlmə eşitmədim. Kiminsə çətinliyi olsaydı, kimliyindən asılı olmayaraq, Xanı mütləq, onun yanında olurdu. “Xan hamıya yuxarıdan aşağı baxar” deyirlər... Xanıda isə baxış bucağı çox fərqli idi... Çox mərhəmətli idi... O, istənilən adamın dərdinə şərik olurdu, fikirləşərdi ki, görəsən, necə komək edim, necə əlindən tutub qaldırım?!

Xanı həqiqətən böyük adam idi.

- Deyilənə görə, əsgərlər ona daha çox “əmi”, “dayı” deyərək müraciət edirmiş... Belə idimi?

- Həmişə demişəm... İndi də təkrarlayıram: Xanı bir məktəbdir. Onun keçdiyi yol, təcrübəsi, yaşam tərzi, xarakteri, həyatdakı mövqeyi bir akademiya dərsliyidir.Çətin, çıxılmaz bir vəziyyət yarananda, Xanı elə gözəl yol göstərərdi, elə məsləhətlər verərdi ki, qarşındakı maneələri necə keçdin, nə cür adladın, xəbərin olmazdı. Hələ onda, 40 yaşı vardı. Özündən iki-üç yaş balaca, hətta yaşca böyük olanlar da ona “Xanı dayı”, “Xanı əmi” deyirdilər. Bu, Xanının böyüklüyündən, dünya görüşünün tamam fərqli olmasından irəli gəlirdi. O, özünün şəhid olan, sağlamlığını itirən döyüş yoldaşlarının dərdini də çəkirdi həmişə... Bax bütün bu acılar, onu gənc yaşlarında zahirən vaxtından tez qocaltmışdı. Zahirən qocalsa da, daxilən çox gənc idi. Çox qıvraq, cəld idi... Ən dərin səngərləri, tank əleyhinə xəndəkləri bir göz qırpımında keçərdi. Bayaq dediyim “Baboy” postunda Xanı elə bir müşahidə və atəş mövqeyi düzəltmişdi, ora elə çıxırdı ki, onu nə qarşı tərəfdə gözünü yummayan düşmən, nə də bizim əsgərlər hiss edirdi.



Bölməyə gələn gənc zabitlər, gizirlər, çavuşlar, əsgərlər, hamı ondan öyrənirdi... Hamı ona baxıb yolunu müəyyən edirdi. Xanı həmişə kəşfiyyatçılara təlim keçəndə deyərdi ki, bax istənilən kəşfiyyatçının atdığı ilk güllə döyüş tapşırığında olan qrupun taleyini həll edir. Kəşfiyyatçının atəş açdığı hədəf ilk güllədəcə sıradan çıxarmasa, qrup məhvə düçar ola bilər, yaxud əməliyyat pozula, tapşırıq icra olunmaya bilər. Tapşırığın icra olunmaması isə kəşffiyyatçı üçün ölümə bərabərdir. 

- Vətən müharibəsində Xanı ilə birgə döyüşmək nəsib oldu?

- 44 günlük müharibədə birbaşa əlaqə saxlaya bilmədik.... Bunun müxtəlif səbəbləri var: Həm ayrı-ayrı istiqamətlərdə döyüşürdük, həm də təbii ki, əlaqə yarada bilməməyimiz hərbi sirrlə bağlı idi. Mobil telefondan ümumiyyətlə istifadə etmirdik. Yalnız və yalnız imkan düşəndə, müxtəlif kanallarla kimin sağ olub-olmadığını öyrənməyə çalışırdıq. Noyabrın 20-də Ağdam şəhəri düşməndən təhvil alındı. Ondan 5 gün sonra biz Kəlbəcəri azad etməyə getdik. Bax onda ilk səsini eşitmək, təbrik etmək istədiyim adamlardan biri və birincisi Xanı idi. Danışa bildik, sevincimizin həddi-hüdudu yox idi...

- Amma bu sevinc uzun çəkmədi...

- Qəbullana bilmirəm... İnanana bilmirəm ki, Xanı həyatda yoxdur.

Zaman keçdikcə, Xanının yoxluğu hamımıza daha çox ağırlıq gətirəcək.

Amma Xanı yaşayır. O, haradasa, indi də bizim əhatəmizdədir və bizi eşidir. Eləcə də döyüşlərdə canını Vətənimizə fəda edən bütün dostlarımız, döyüş yoldaşlarımız Xanının timsalında yaşayır. Nə qədər ki, bu xalq var, nə qədər ki, Azərbaycan yaşayır, Şəhidlərimiz həmişə bizimlə yaşayacaq, bizimlə olacaq. Onlar bizim fərəh yerimiz, qürur mənbəyimiz, başımızın tacıdır.
 

Ümid edirəm ki, yenidən qurulan Ağdam şəhərində küçə və prospektələrə qəhrəman komandirlərimiz Allahverdi Bağırovun, Fred Asif kimi tanıdığımız Asif Məhərrəmovun, Şirin Mirzəyevin, hamımızın sevimlisi Xanının-gizir Səyyaf Əhmədovun, eləcə də neçə-neçə şəhid qardaşımızın adları verilər. Bu, heç olmaya bizim ürəyimizdəki yaraların üzərinə az da olsa, su səpmiş olar...


Xatırladaq ki, Ağdam ərazisinin yarıdan çoxu uzun illər ermənilərin işğalı altında olub. Həmin vaxtlarda Mirəşelli təmas xəttinin Azərbaycan Ordusunun nəzarət etdiyi tərəfində, qonşu Şıxlar kəndi isə Ermənistan ordusunun işğalı altında idi. Ermənilər bütün cəbhə boyunca olduğu kimi bu istiqamətdə də əraziyə saysız-hesabsız mina basdırıblar. 2020-ci ilin noyabr ayında düşmən üzərindəki qələbədən sonra ərazilərin minalardan təmizlənməsinə başlansa da, Şıxlar kəndinin torpaq sahələrində hələki ölüm saçan bu qurğulardan təmizləmə əməliyyatları aparılmayıb. 



Teymur Zahidoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO