Qusar şəhərində 27 Sentyabr – Anım Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, tədbir Şəhidlərin Xatirə Guşəsinin önündə baş tutub.
Mərasimdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov əvvəlcə mərasim iştirakçılarını salamlayaraq, Anım Gününün Azərbaycan xalqı üçün dərin mənəvi məna daşıdığını vurğulayıb.
Daha sonra çıxış edən Milli Qəhrəman Çingiz Qurbanovun, şəhid Sənan Zamanov və şəhid Vüsal Orucovun valideynləri övladlarının şərəfli həyat və döyüş yolundan danışaraq, onların qəhrəmanlıqlarının gələcək nəsillər üçün nümunə olduğunu vurğulayıblar.
Tədbirdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Qusar filialının sədri Canəli Hörmətov qeyd edib ki, hər bir vətəndaş şəhidlərin xatirəsini daim uca tutmalı və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda daim birlik nümayiş etdirməlidir.
Tədbir iştirakçıları sonda şəhidlərin ruhuna dualar oxuyub, Xatirə Guşəsinə gül dəstələri düzərək onların əziz xatirəsini ehtiramla yad ediblər. Ardınca şəhidlərimizin xatirəsinə ehsan süfrəsi təşkil edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.