27 SENTYABR – Zəfər tariximizə qızıl hərflərlə yazılan GÜN

27 SENTYABR – Zəfər tariximizə qızıl hərflərlə yazılan GÜN

Hazırda oxunan: 27 SENTYABR – Zəfər tariximizə qızıl hərflərlə yazılan GÜN

272561

Bu gün Azərbaycanda Anım Günüdür. Bütün Azərbaycan xalqı bu günü böyük ehtiram və hörmətlə yad edir.

Qarabağ münaqişəsi necə başladı?

Məlum olduğu kimi ötən əsrin 80-ci illərin sonunda Ermənistan Moskvanın dəstəyi ilə Azərbaycana qarşı torpaq iddiaları irəli sürməyə başladı. Bununla paralel Xankəndində separatizm alovlandırıldı. O vaxtlar Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni rəhbərliyi vilayətin Azərbaycanın tərkibindən çıxdığını və Ermənistanın tərkibinə daxil olduğunu elan etdi. Bu azmış kimi DQMV ətrafındakı digər rayonlarımıza qarşı hərbi təcəvüz başlandı.

SSRİ-nin siyasi hakimiyyətindən, daha sonra isə Rusiyadan böyük dəstək alan Ermənistan  tədricən Azərbaycan torpaqlarını işğal etdi. 1993-cü ilin oktyabrına qədər Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal edildi, bir milyona yaxın azərbaycanlı dədə-baba ocaqlarından didərgin salındı. Təcavüzkar ermənilər və onların xarici havadarları bununla kifayətlənmədi. İşğal altında olan ərazilərdəki tarixi abidələr məhv edildi, maddi-mənəvi sərvətlər vəhşicəsinə istismar edildi. Təbii ki, bütün bu vəhşiliklər sivilizasiyanın gözü qarşısında baş verirdi.

Aparıcı dövlətlər Ermənistana “dayan” demirdi.

Ən pisi də o idi ki, aparıcı dünya dövlətləri BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası üçün Ermənistana heç bir təzyiq göstərmədi. Əksinə bu münaqişənin uzadılması üçün müxtəlif ideyalar ortaya atılırdı. Belə biabırçı layihələrdən biri də 1995-ci ildə yaradılan ATƏT-in Minsk qrupu idi. ABŞ, Rusiya və Fransanın həmsədr olduğu bu qrup guya ki, münaqişənin sülh yolu ilə həllini həyata keçirəcəkdi. Lakin fəaliyyətdə olduğu 25 ildə bu qrup ancaq siyasi bəyanatlar verməklə, tərəfləri sülhə çağırmaqla işlərini bitmiş hesab etdilər.
 

Qlobal güclərin münaqişəyə laqeyd münasibəti təbii ki, işğalçı Ermənistanı yenidən Azərbaycan torpaqlarının işğalına iştahlandırırdı. Elə bu məqsədlə 2020-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələri təmas xəttini keçərək Azərbaycanın içərilərinə doğru irəliləmək istədi.


Zaman dəyişmişdi...

Təbii ki, Ermənistanın siyasi hakimiyyəti və onların xarici havadarları reallıqları nəzərə almadı. Çünki Azərbaycan əvvəlki qədər gücsüz və yalnız deyildi. Məhz 2020-ci ilin payızında Cənubi Qafqazda yeni reallıqlar ortaya çıxdı. Belə ki, Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.

Müasir hərb tarixinə qızılı hərflərlə yazılan 44 günlük müharibə daha sonra “Ulduz müharibəsi”, “PUA-lar döyüşü”, “Dünyanın ən sürətli müharibəsi” və digər adlarla xatırlandı.

Cəmi ay yarım ərzində qüdrətli Azərbaycan ordusu Ermənistan işğalına son qoydu və Ermənistanın kapitulyasiyasına nail olundu. Təbii ki, müharibə itkisiz olmur. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid oldu, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşdü, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirdi. 

Beləcə 30 ildən artıq işğal altında olan torpaqlarımız məhz qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu.

44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.

Suverenlik uğrunda mübarizə

44 günlük müharibənin nəticəsində Azərbaycan torpaqları işğaldan azad edilsə də Xankəndi və ətraf ərazilərdə suveren hüquqlarımız hələ də pozulurdu. Xankəndinə toplanmış  Ermənistan ordusunun tör-töküntüləri Azərbaycana qarşı təxribatlarını davam etdirirdi. 
 

Təbii ki, Azərbaycan dövləti bu təxribatlara laqeyd qala bilməzdi. Azərbaycan hakimiyyəti Xankəndində yaşayan ermənilərə dəfələrlə müraciət edərək bildirdi ki, Azərbaycan qanunlarına hörmət edin, tanıyın, əməl edin, dinc və sülh şəraitində  yaşayın. Lakin xaricdən güclü dəstək alan separatçılar Azərbaycanın sülhpərvər və insansevər çağırışlarına təxribatlarla cavab verdi.


Belə təxribatlardan biri də 2023-cü ilin sentyabrında törədildi. Belə ki, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı.

Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Bütün bu təxribatların qarşısının alınması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı və tam şəkildə tərk-silah olunmalı idi.

Vəziyyətin çıxılmaz olduğunu görən separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sentyabrın 28-də sənəd imzaladı.
 

Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu təm şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.

 

Sülh sazişinə sayılı günlər qalır

Məhz bu olaydan sonra Ermənistanın siyasi hakimiyyəti təxribatlardan əl çəkdi. Azərbaycanın iradəsi və qətiyyəti qarşısında sülh danışıqlarına razı oldu. 2025-ci ilin avqust ayının 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderləri bir araya gələrək 35 ildən artıq davam edən münaqişəyə son qoymaq üçün qəti addım atdılar. İmzalanan birgə bəyanat və qəbul edilən yeni Yol Xəritəsi sülh sazişinin imzanacağı vaxtı xeyli yaxınlaşdırdı.

Yəni, Ermənistan 100 ildən artıq irəli sürdüyü sərsəm iddialardan geri çəkildi. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ölkəmizin suveren hüquqlarına hörmətlə yanaşacağını bəyan etdi. Artıq Cənubi Qafqazda yeni reallıqlar formlaşır, silahlar yox, diplomatlar danışır. Dinc və inkişaf edən region üçün təşəbbüslərin sayı günbəgün artır.

Təbii ki, bütün bu uğurlarda 44 günlük müharibənin nəticələrinin müstəsna rolu var. Ona görə də 27 sentyabr bizlər üçün təkcə Anım Günü yox, həm də tarixi zəfərlərimizin başlanğıc günüdür.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO