Xocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan edildi - MƏHKƏMƏ/FOTO

Xocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan edildi - MƏHKƏMƏ/FOTO

Hazırda oxunan: Xocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan edildi - MƏHKƏMƏ/FOTO

271868

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 22-də davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Təqsirləndirilən şəxs Arayik Harutyunyanın vəkili vəsatətlə çıxış edərək bildirib ki, məhkəmədə elan olunan sənədlərin çoxluğunu nəzərə alaraq, sübutların qismən tədqiqi həyata keçirilsin. Əgər hansısa epizod təqsirləndirilən şəxsin və müdafiəçinin marağında olarsa, o zaman məhkəməyə müraciət edilsin və həmin epizoda dair sübutlar tədqiq olunsun.

Təqsirləndirilən şəxs Arayik Harutyunyan vəsatətlə razı olduğunu, digər müdafiəçilər və təqsirləndirilən şəxslər, dövlət ittihamçıları, zərərçəkmiş şəxslər və onların nümayəndələri də etiraz etmədiklərini bildiriblər.

Hakim Zeynal Ağayev vəsatətin məhkəmə tərəfindən təmin edildiyini diqqətə çatdırıb.

Sonra təqsirləndirilən şəxs Bako Sahakyanın vəkili çıxış edərək, müdafiə etdiyi tərəfin ifadələri ilə tanış olmaq üçün həmin sənədlərin surətlərinin təqdim olunmasını istəyib.

Hakim bildirib ki, həmin sənədləri məhkəmə iclas katibi ilə əlaqə saxlayıb götürə bilərlər.

Məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib. Bildirilib ki, elan ediləcək sənədlər epizodlar üzrə tədqiq olunacaq.

1991-ci il avqustun 23-də Əsgəran rayonunun Cəmilli kəndində “UAZ” markalı avtomobilin atəşə tutulması faktı üzrə sənədin tədqiqi zamanı bildirilib ki, içərisində çoxsaylı sərnişin olan “UAZ” markalı avtomobilin ermənilər tərəfindən avtomat silahlardan atəşə tutulması nəticəsində N.F.Salahov, V.İ.Sadıxov və M.S.Abdullayeva həlak olub, çoxlu sayda sərnişin yaralanıb.

Digər cinayət işi Ermənistan ordusu tərəfindən 1992-ci ilin fevralında Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin iri və kiçikçaplı silahlardan intensiv atəşə tutulması, ağır texnikalardan istifadə etməklə hər iki kəndə hücumla bağlı olub. Bu hadisələr nəticəsində Malıbəyli kənd sakinlərindən çoxlu sayda şəxs öldürülüb, bir neçə nəfər itkin düşüb, Quşçular kəndində isə bir neçə nəfər öldürülüb, çoxlu sayda şəxs isə girov götürülüb.

Daha bir cinayət işi - 1991-ci il sentyabrın 8-də Xocavənd rayonunda “LAZ” markalı avtobusun atəşə tutulması faktı üzrə sənəd tədqiq olunarkən bildirilib ki, Kiş kəndinin fermasının yaxınlığında avtomat silahlarla silahlanmış ermənilər tərəfindən avtobusa açılan atəş nəticəsində bir neçə nəfər hadisə yerində ölüb, onlarla şəxs yaralanıb.

Digər sənəd 1991-ci il noyabrın 4-5-də Qazax rayonunun Xeyrimli kəndinin silahlılar tərəfindən müxtəlif növ silahlardan atəşə tutulması ilə bağlı olub. Hadisə nəticəsində həmin kənd sakinlərindən çoxlu sayda şəxs həlak olub və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Təqsirləndirilən şəxs David Manukyan söz alaraq - “Ermənistan Respublikasının vətəndaşı Nikol Vova oğlu Paşinyanın (Baş nazir Nikol Paşinyan nəzərdə tutulur – red.) şahid qismində çağırılmasını, yaxud videokonfrans vasitəsilə məhkəmə prosesinə qoşulmasını” məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxs David Babayan “ATƏT-in Minsk qrupunun həmsədrləri”nin, xüsusilə də səfir Anjey Kaspşikin, habelə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın məhkəməyə şahid qismində cəlb olunmasını hakimdən xahiş edib. “O adamlar bizi tanıyırlar və birbaşa əlaqədə olmuşuq. Onlar çox yaxşı şahid olarlar”, - deyə o əlavə edib.

Təqsirləndirilən şəxs Davit İşxanyan vaxtilə Azərbaycan ərazilərində olmuş Rusiya sülhməramlılarının 6 generalının - general Muradov, general Kosabokov, general Anaşkin, general Volkov, general Lentsov və general Kulakovun şahid qismində cəlb olunmasını məhkəmədən xahiş edib.

Konfidensial görüşdən sonra təqdim olunan videomüsahibədə M.Qriqoryan Azərbaycan dövlətinə və xalqına qarşı törədilmiş cinayətlərdə iştirak etdiyini söyləyir. O, müsahibəsində rəhbərlik etdiyi cinayətkar təşkilatın fəaliyyətindən, onun üzvlərinin silahlanaraq Azərbaycan ərazilərinə göndərilməsindən də danışır. “Hətta onları yoldan oğurlayırdıq, tuturduq, döyürdük, qorxudurduq ki, gəlməsinlər... Ağbulaq məktəbində həm erməni, həm də türklər birlikdə idilər, böyük məktəb idi. Biz məktəblərdə uşaqlarla işləyirdik ki, türkləri döysünlər...”, - kimi ifadələr səsləndirən M.Qriqoryan müsahibəsində qeyd edir ki, “hər şeyi bilərək, yəni biz idarə edirdik...”.
Məhkəmə prosesi sentyabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO