Fermerlər gəlirdən, alıcılar orqanik məhsullardan MƏHRUM QALIR – Çözüm NƏDİR?

Fermerlər gəlirdən, alıcılar orqanik məhsullardan MƏHRUM QALIR – Çözüm NƏDİR?

Hazırda oxunan: Fermerlər gəlirdən, alıcılar orqanik məhsullardan MƏHRUM QALIR – Çözüm NƏDİR?

271711

Mövsüm başa çatmasa da kənd təsərrüfatı məhsullarının qiyməti sürətlə artır. Halbuki ötən aylarda fermerlərin davamlı şikayətini eşidirdik ki, “məhsul sahədə qalıb, alan yoxdur”. Bununla paralel  mərkəzi şəhərlərin iri marketlərində həmin məhsulların qiyməti əl yandırır.

Maraqlıdır ki, supermarketlərdə təqdim olunan meyvə-tərəvəzlərin çoxu xaricdən gətirilir. Bu da yerli istehsalı daha da sıxışdırır.

Ona görə də ortaya belə bir sual çıxır: Sahədə alıcısı olmayan məhsul marketlərdə niyə “od qiyməti”nə satılır? Yaxud mövsüm başa çatmamış kənd təsərrüfatı məhsulları niyə bu qədər bahadır?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, fermerlərin iri bazarlara və iri şəhərlərə çıxış imkanlarının məhdud olması bir neçə istiqamətdə problem yaradır:

“Fermer məhsulunu əlverişli qiymətə sata bilmədikdə istehsala həvəsi kəskin azalır. Kiçik fermerlər yalnız kənd daxili tələbatı ödəməklə məhdudlaşır və məhsulun artığını satmaqda çətinlik çəkirlər. Bu isə həm istehsalın həcminin, həm də keyfiyyətinin artmasına mane olur. Halbuki kəndlərdə təbii şəraitdə yetişdirilən məhsulların hamısı orqanikdir.

Nəzərə alaq ki, orqanik məhsullar adətən daha yüksək qiymət kateqoriyasına aiddir. Lakin fermer 200-300 kiloqramlıq məhsulunu iri bazarlara çıxara bilmir. Süni əngəllər fermerin təşəbbüslərini yarımçıq qoyur. Nəticədə iri şəhərdəkilər orqanik məhsuldan, fermersə gəlirdən məhrum olur.

Ən pisi də odur ki, orqanik məhsullar ya ümumiyyətlə bazara çıxmır, ya da adi məhsullar kimi dəyərləndirilərək ucuz satılır. Bu isə orqanik istehsalı səmərəsiz edir və fermerlərin bu istiqamətdə maraqlarını azaldır. Üstəlik bazar xarici meyvə-tərəvəzlə dolur. Bu da bir tərəfdən aqrar sektoru geri aparır, digər tərəfdən külli miqdarda vəsait xaricə axır”.

Müsahibimiz onu da qeyd edib ki, orqanik məhsulların bazara çıxışı üçün ölkəmizdə kifayət qədər imkan var:

“Qeyd etməliyik ki, son 25 ildə bütün regionlarda iri soyuducu anbarlar inşa edilib. Həmin anbarların bir çoxu bu gün istənilən səviyyədə fəaliyyət göstərmir. Çünki sifarişçi azdır.

Bu gün müəyyən təşəbbüslərlə bu problemləri aradan qaldırmaq olar. Məsələn, heç də hər bir fermerin soyuducu anbarda icarəyə yer götürmək imkanı yoxdur. Lakin dövlət bu işi öz üzərinə götürə bilər. Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları hesabına fermerlərdən bütün növ məhsullar müvafiq qiymətə alınıb, həmin soyuducu anbarlara vurula bilər. Bir müddət sonra həmin məhsulları rahatlıqla iri marketlərə çıxartmaq olar. Bunun hesabına da həm şəhər sakinləri münasib qiymətə orqanik məhsullar əldə edə bilər, həm də fermerlər ziyandan sığortalanmış olar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO