Oğru olmayan ölkədə yaşayan azərbaycanlı: “Bircə it-pişiyin yeyilməsinə dözə bilmirəm”- MÜSAHİBƏ

Oğru olmayan ölkədə yaşayan azərbaycanlı: “Bircə it-pişiyin yeyilməsinə dözə bilmirəm”- MÜSAHİBƏ

Hazırda oxunan: Oğru olmayan ölkədə yaşayan azərbaycanlı: “Bircə it-pişiyin yeyilməsinə dözə bilmirəm”- MÜSAHİBƏ

271426

Cənub-Şərqi Asiyanın qədim sivilizasiyalarından biri olan Vyetnam zəngin mədəniyyəti, uzun müharibə tarixi və sürətli iqtisadi inkişafı ilə tanınır. Azərbaycanlılar üçün Vyetnam ilk baxışdan çox uzaq, ekzotik və fərqli görünə bilər. Fərqli mətbəxi, sıx küçə həyat tərzi, rəngarəng ənənələri ilə Vyetnam bir çoxları üçün həm maraqlı, həm də sirli ölkədir.

Məhz bu uzaq diyarda yaşayan həmyerlimiz- Sevda Əliyeyavanın təcrübəsi bizə həm ölkəni daha yaxından tanımaq, həm də azərbaycanlının dünyanın istənilən yerində necə uyğunlaşa bildiyini görmək imkanı verir.

Bizim.Media Vyetnamda orta məktəbdə ingilis dili müəllimi işləyən azərbaycanlı gənc xanım Sevda Əliyevanın "teleqraf.az"a müsahibəni təqdim edir:

- Sevda xanım, Vyetnama getmək, orada yaşamaq arzusu necə yarandı?

- Mən 2024-cü ilin sentyabr ayından Vyetnamda yaşayıram. Bir rəfiqəm mənə bir rus agentliyinin sosial şəbəkə səhifəsini göndərmişdi. Agentlik dünyanın müxtəlif ölkələrindən olan müəllimlərə Vyetnamda iş tapmaqda kömək edirdi. Mən də ixtisasca müəllim olduğum üçün bu proqrama müraciət etdim. Daha sonra müəyyən videolar tələb olundu, onları çəkib göndərdim və nəhayət, müsahibə mərhələsindən keçdim...

- Və beləliklə, Vyetnama köçdünüz...

- Bəli, köçdüm. Asiyaya, xüsusilə də Cənub-Şərqi Asiya ölkələrinə xüsusi marağım var. Bu bölgənin iqlimini və təbiətini çox sevirəm. Mən ümumiyyətlə, təbiəti çox sevirəm və qış fəslində yaşıllıq görməyəndə çox kədərlənirəm.

- Bəs ilk vaxtlar orada yaşamaq çətin idi? Ən çox nələrə alışmalı oldunuz, həyatınızda nələr dəyişdi?

- İlk gəldiyimiz vaxt olduqca fərqli idi. Hazırda Vyetnamın şimal əyalətlərindən birində yaşayırıq. Biz buraya gəlib çatmazdan təxminən bir həftə əvvəl son 10 ilin ən güclü tayfunu baş vermişdi. Yaşayacağımız küçənin və evin qarşısında dizdən bir qədər aşağıyafək yağış suyu toplanmışdı.

Bu mənzərə mənim üçün qorxulu idi və hətta geriyə dönməyi belə düşündüm. Ancaq rəfiqəmin israrı ilə qaldım. Buradakı həyat mənim düşüncə tərzimi köklü şəkildə dəyişdirdi. Mədəniyyət fərqlilikləri səbəbindən mədəniyyət şoku yaşamaq qaçılmaz idi. Amma artıq öyrəşmişəm. İndi motosiklet sürürəm. Dünyanın ən qarışıq yol hərəkəti sistemlərindən birinə sahib ölkədə motosiklet sürmək çox fərqli bir təcrübədir.

- Vyetnamda bir azərbaycanlı kimi qarşılaşdığınız maraqlı və ya çətin bir hadisə olubmu?

- Hələ də alışa bilmədiyim məsələlərdən biri burada bəzi heyvanların, xüsusilə it və pişiklərin yeyilməsidir. Bazardan tərəvəz almağa gedəndə o ətləri görməmək üçün hələ də yolumu dəyişib başqa istiqamətdən gedirəm. Sevdiyin bir heyvanın orada kəsilmək üçün saxlanıldığını görmək insanı çox sarsıdır. Ancaq bizə nə qədər xoş olmasa da, bu onların mədəniyyətinin bir parçasıdır və hörmətlə yanaşmaq lazımdır.

- Vyetnamlı şagirdlərlə işləmək necə bir təcrübədir?

- İşimi sevirəm. Müəllimliyimin ən gözəl tərəfi kiçik yaşlı uşaqlara işləməyimdir. Onlar çox mehribandırlar. Dərs fasilələrində ətrafınıza toplaşıb məşhur bir insan kimi sizdən imza istəyirlər. Vyetnam sosialist ölkəsidir və burada varlı təbəqə çox azdır. İnsanlar çox xeyirxahdırlar və sahib olduqları hər şeyi sizinlə bölüşmək istəyirlər – bu, bəzən kiçik bir konfet, saç rezini və ya qələm ola bilər. Uşaqların incəsənət qabiliyyəti çox yüksəkdir. Düşünürəm ki, bu, manga kitabları oxumaqla bağlıdır. Rəsm çəkməyi çox sevirlər. Hazırda yaşadığım otaq müxtəlif oyuncaqlarla və uşaqların mənim üçün çəkdiyi portretlərlə doludur.

- Azərbaycan və Vyetnam təhsil sistemləri arasında hansı fərqləri müşahidə etmisiniz?

- Təhsil sistemi baxımından bir çox fərqliliklər var. Vyetnamda müəllimlər dərsi “PowerPoint” təqdimatları ilə keçirlər. Burada dərsdən daha vacib olan, dərsin uşaqlar üçün əyləncəli keçməsidir. Valideynlər uşaqlarına "nə öyrəndin?" sualından əlavə, "dərs sənin üçün əyləncəli keçdi?" deyə də soruşurlar. Məktəb direktorları əgər xaricdən gəlmiş müəllimi bəyənmirlərsə, dərhal onu başqa müəllimlə əvəz edirlər. Burada bütün uşaqlar yalnız sağ əllə yazmalıdırlar.

Əgər bir uşaq solaxaydırsa, yazma tərzini dəyişməyə məcburdur. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar dərslərdə asanlıqla iştirak edirlər və digər şagirdlər onlara bu prosesdə kömək edirlər. Təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda nə valideynlər, nə müəllimlər, nə də uşaqlar bu kimi proseslərə kifayət qədər hazır deyillər.

- Sizcə, Vyetnamda müəllim olmaq daha rahatdır, yoxsa Azərbaycanda?

- Azərbaycanda məktəbdə dərs deməmişəm, ancaq universitet və kollecdə dərs demişəm. Mənim fikrimcə, universitet və kolleclərdə dərs demək orta məktəbdən daha rahatdır. Lakin buna baxmayaraq, mənimçün Vyetnamda məktəbdə dərs demək, Azərbaycanda universitetdə dərs deməkdən daha rahatdır. Təəssüf ki, Azərbaycanda vəzifə öhdəliklərini yerinə yetirməyən çoxlu təhsil işçiləri var – bunu hər zaman deyəcəm. Bu, müəyyən problemlər yaradır.

- Vyetnam mədəniyyəti sizi nə ilə təəccübləndirdi?

- Vyetnamda məni ən çox təəccübləndirən məsələlərdən biri oğurluqların olmamasıdır. Dəfələrlə evimizin qapısını açıq qoymuşuq, motosiklet və velosipedlərimizi çöldə saxlamışıq, amma heç kim toxunmayıb. İnsanlar çox yardımsevərdir. Yolda bir problem yaşasanız, əmin olun ki, bir vyetnamlı mütləq sizə kömək edəcək. Evə dəvət edib yemək yedizdirməkdə çox israrlıdırlar. İşlədiyim mərkəzin rəhbəri, dəvətini beş dəfə rədd etməyimə baxmayaraq, altıncı dəfə məni evlərinə aparıb yeməyə qonaq etməyi bacardı.

- Vyetnam mətbəxi ilə aranız necədir?

- Vyetnam yeməklərini çox sevirəm. Xüsusilə "Pho Ga", "Com Chien" və "Banh Mi" mənim favorit yeməklərimdir...

- Yerli insanlar azərbaycanlı olduğunuzu eşidəndə necə reaksiya verirlər?

- Təəssüf ki, Azərbaycana dair heç bir məlumatları yoxdur. Adını eşidəndə dərhal telefonda axtarıb baxırlar. Bəzən pul vahidimiz olan manata baxıb təəccüblənirlər. Dollarla müqayisə edirlər və 2015-ci ildən bəri sabit qaldığını öyrəndikdə çox təəccüblənirlər. Halbuki onların pul vahidi (VND) belə deyil. Ancaq izah edə bilmirəm ki, məzənnə sabit qalsa da, Azərbaycan marketlərindəki qiymətlərlə Vyetnam marketləri arasında böyük fərq var.

- Sizdən "bu qədər uzaqda nə axtarırsan?” deyə soruşan olubmu? Nə cavab vermisiniz?

- Bu sualı heç kim mənə verməyib, amma əgər versəydilər, cavabım bu olardı: “Özümü axtarıram.”

- Tələbələrinizlə aranız necədir? Sizə necə müraciət edirlər?

- Şagirdlərimlə münasibətim çox yaxşıdır, ixtisasıma uyğun olaraq uşaqları çox sevirəm, onlarla vaxt keçirmək, oyun oynamaq mənim üçün çox maraqlıdır. Mənim adımı deyə bilmirlər deyə, mənə "Sofia” deyə səslənirlər...

- Gələcəkdə Azərbaycana qayıtmaq istəyirsinizmi, yoxsa həmişəlik Vyetnamda qalmağı düşünürsünüz?

- Mən Vyetnamı çox sevirəm və hələlik burada qalmaq istəyirəm.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO