Dünən Bakıda Ermənistan vətəndaşı Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bizim.Media xəbər verir ki, o, Azərbaycan CM-in sülh və bəşəriyyətə qarşı cinayətlər, hərbi cinayətlər, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və digər ağır maddələri ilə ittiham olunur.
Vardanyan məhkəməyə müraciət edərək bir neçə vəsatət qaldırıb.
O, ilk olaraq öz işi üzrə bir sıra şəxslərin – Paşinyanın, ATƏT-in Minsk Qrupu üzvlərinin və Azərbaycandakı BQXK nümayəndələrinin dindirilməsini tələb edib. Məhkəmə bu vəsatəti baxılmamış saxlayıb.
Daha sonra bildirib ki, hərbçi deyil və buna görə də onun işinə hərbi məhkəmədə baxılmasına etiraz edir. Bu vəsatət də təmin olunmayıb.
Üçüncü vəsatətində Vardanyan məhkəmədə Qarabağda Rusiya sülhməramlı kontingentinə rəhbərlik etmiş şəxslərin dindirilməsini istəyib. Lakin iclasa sədrlik edən hakim Zeynal Ağayev onların ittiham olunan şəxsə aidiyyəti olmadığını bildirib və vəsatət baxılmamış saxlanılıb.
Bizim.Media