“Hicran Əyyubova kollecimizə müvəqqəti direktor təyin olunduqdan bir neçə gün sonra heç bir səbəb olmadan məndən ərizəmi yazıb işdən çıxmağımı tələb edib. Dəfələrlə işdən çıxmayacağımı bildirmişəm. O isə məni işdən çıxara bilmədiyi üçün təzyiqlərə başlayıb”.
Bizim.Media xəbər verir ki, bu iddialarla “Qafqazinfo.az”a Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecdə dəftərxana müdiri vəzifəsində çalışan Nigar Haşımlı müraciət edib.
Təxminən 1 ildir bu vəzifədə çalışdığını deyən N.Haşımlı bildirir ki, işlədiyi dövr ərzində kollecin əvvəlki direktoru ilə heç bir problemi olmayıb:
“İşimdə hər zaman məsuliyyətli və diqqətli olmuşam. Himayəmdə iki azyaşlı körpəm var.
Övladlarımın birinin 2, digərinin isə 6 yaşı var. Bu il iyulun 9-da kollecə Hicran Əyyubova 3 aylıq (müvəqqəti) direktor təyin olunduqdan sonra ilk öncə mənim maaşa olan əlavəm kəsildi. Bunun səbəbini soruşduqda, büdcədə pulun qalmadığını bildirdi. Kollecin bütün işçilərinə maaşa olan əlavə verilib.
Necə ola bilər ki, əvvəlki rəhbərin dövründə büdcədə pul var idi, Hicran Əyyubova gəldikdən sonra bitdi?! Dəfələrlə əmək məzuniyyəti və ödənişsiz məzuniyyət üçün ərizə ilə müraciət etmişəm, lakin rədd cavabı almışam. Pozulan əmək hüquqlarımın bərpası üçün aidiyyəti üzrə müraciətlər etmişəm”.
Şikayətçi deyir ki, H.Əyyubova daha əvvəl Tovuz Dövlət Sosial-İqtisadi kollecində çalışıb:
“Orada həyata keçirdiyi qanunsuzluqları Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecdə də həyata keçirir. Onun şəxsi istək və arzusundan irəli gələn idarəçiliyindəki fəsadlı əməlləri, qanun pozmaları və sənəd saxtakarlıqları Tovuz Dövlət Sosial-İqtisadi kollecdəki rəhbərlik dövründə çıxan xəbərlərdən hamıya məlumdur. Tovuz kollecində rəhbərliyi dövründə etdiyi qanunsuz ixtisarlar, təhdidlər, çıxarılan müəllimlərin və işçilərin məhkəmə müraciətləri buna sübutdur.
Hicran Əyyubova Tovuz kollecində fəaliyyətinin ilk aylarında yol verdiyi nöqsanlara görə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən şiddətli töhmətlə cəzalandırılıb. Lakin bu belə onun qanunsuz əməllərinə mane olmayıb. Qanunsuz əməlləri, sənəd saxtakarlıqları haqqında saysız-hesabsız məqalələr, şikayətlər olmasına baxmayaraq, yenə də vəzifə səlahiyyətlərindən sui-istifadə edir”.
İddialarla bağlı hazırda kollecin direktoru olan Hicran Əyyubova ilə əlaqə saxladıq. O bildirdi ki, hər hansı şəxsin işdən azad olunması barədə qərar qəbul edilməyib:
“BDU nəzdində İqtisadiyyat və Humanitar Kolleci PHŞ-yə direktor təyin olunduqdan sonra Kollecdə audit yoxlaması aparılıb. Bir sıra nöqsanlar aşkarlanıb, onlardan biri də kadr siyasətinin düzgün aparılmaması olub. Bütün proses Elm və Təhsil Nazirliyinin nəzarətindədir. Tərəfimizdən hər hansı şəxsin işdən azad olunması barədə qərar qəbul edilməyib”.
Məsələ ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirildi ki, daxil olan bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun araşdırılır və nəticəsinə uyğun tədbirlər görülür:
“Qeyd edilən iddialarla bağlı rəsmi müraciət daxil olduğu halda Agentlik araşdırma aparır. Oxşar hallarla üzləşən şəxslərin də məsələnin obyektiv həlli üçün rəsmi qaydada müraciət etməsi vacibdir”.
Bizim.Media